Ölkəmizin növbəti diplomatik uğuru

Ölkəmizin növbəti diplomatik uğuru  
 May ayının 25-də Rusiya Federasiyasının paytaxtı Moskvada üç ölkənin – Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri səviyyəsində növbəti görüşün keçirilməsi regionun gələcək taleyində mühüm rol oynaya bilər. Həmin gün Azərbaycan bütün regional layihələrin təşəbbüskarı olduğu kimi, 44 günlük müharibədən sonra yaranmış hərbi-siyasi vəziyyətin idarəedicisidir. Yəni Azərbaycanın razılığı olmadan bölgədə heç bir məsələ həll oluna bilməz. Azərbaycan isə regionda nəhayət sülhün bərqərar olmasında maraqlıdır, Ermənistanın ambisiyalarını birdəfəlik dəfn etməkdə israrlıdır. Buna görə də İrəvanı sülhə məcburetmə üsullarını tez-tez sınamalı olur. Moskvada keçirilən üçtərəfli sammitdə də Azərbaycan Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinin bəzi razılaşdırılmamış detallarını müzakirə edilib. 
Prezident İlham Əliyev iştirakçı dövlətlərin başçılarına Azərbaycanın iqtisadi uğurları barədə məlumat verərək bildirib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Bildirilib ki, Azərbaycan iqtisadi möcüzələr, dayanıqlı inkişafa malik, ən əsası islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevirdiyi layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın iqtisadi müstəqilliyinin təminatı siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amildir.
Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan tərəfi Ermənistana  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını təklif edib. Artıq iki ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistanın bununla bağlı konkret addım atmadığı göz önundədir. Baxmayaraq ki, münasibətlərin normallaşdırılması istiqamətində  Moskva, Soçi, Brüssel və Praqa görüşləri keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəklədiyini bildirsə də  konkret addım atmaq vaxtı gələndə yenə də ölkəmizin ünvanına əsassız ittihamları səsləndirməyi yeganə çıxış yolu hesab edir. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası  çərçivəsində aparılan müzakirələrdə Ermənistan baş nazirinin diplomatiyadan xəbərsiz cavabları düşünürük ki, tədbir iştirakçılarını təəccübləndirməyə bilməzdi. Dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi,  bu toplantıda da Ermənistan baş nazirinə diplomatiya dərsi keçdi. Bildirdi ki, “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.  Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var.”
Keçirilən hər bir görüş sülh müqaviləsinin imzalanması prosesinin başa çatmasında  əhəmiyyətli rola malikdir. Ermənistanın sülhü yaxınlaşdıran etirafları davamlılığı ilə diqqətdədir.  Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də sahəsini konkret rəqəmlər göstərilməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
 
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 
Geri qayıt