Bəşər tarixində də ən qanlı faciələrdən biri

Bəşər  tarixində də ən qanlı faciələrdən biri  
 1918-ci ilin mart ayında erməni millətçiləri növbəti tarixi cinayətlərini - azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirildilər. Xalqımıza qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırımı siyasəti nəticəsində minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, milli mədəniyyət abidələri dağıdıldı. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşdülər.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanında qeyd edildiyi kimi, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir. 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyət də məlumatın olmamasını nəzərə alaraq, beynəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini tanısın.
1918-ci ildə mart aylarında Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırımda erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı doğma torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. 1918-ci il martın 30-u gecə saatlarında erməni bolşevik dəstələri Bakıda kütləvi qırğınlar törədərək 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsinə səbəb olmuşdur.
Eyni zamanda, Azərbaycan tarixinin qanlı səhifələrindən biridə Quba soyqırımıdır. Erməni bolşeviklərinin himayəsi ilə silahlı dəstəsi Quba qəzasının 160-dan çox kəndini dağıtmış, 16 mindən çox dinc insanı amansızcasına qətlə yetirmiş, onların əmlakını qarət etmiş və evlərini yandırmışdır. 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçaym ətrafında torpaq işləri görülərkən, azərbaycanlılara qarşı 1918-ci ilin qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib, onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə yaşlı kişilərdir.
Həmçinin, qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır,  öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Şamaxıda törədilən qətliam ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsi, həm də, tədqiqatlardan göründüyü kimi, ən dəhşətlisidir.
Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. 1918-ci ilin müxtəlif aylarında baş verən siyasi hadisələrini araşdırarkən əldə olunan faktiki materiallar sübut etmişdir ki, ermənilərin Azərbaycanın əhalisinə qarşı törətdikləri soyqırımı siyasəti məqsədli şəkildə olmuşdur. 
 Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib, həmçinin Milli Məclisin soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası  keçirilib.
 Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya  ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır.   
 
Aynur Xəlilova – YAP üzvü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Geri qayıt