“Kənd icra nümayəndəsi və bələdiyyə sədri yoxa çıxıb” - NARAZILIQ VAR!

“Kənd icra nümayəndəsi və bələdiyyə sədri yoxa çıxıb” - NARAZILIQ VAR! Oğuz rayonunun Ərmənət kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, məhz buna görə də, Xalxal-Ərmənət kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib.

Oğuz-Xalxal yolundan Ərmənət kəndinə gedən yolun uzunluğu 3 km olsa da, qısa olduğu qədər bu yolu qısa müddətə getmək mümkün olmur.

Çala-çuxur yollar həm insanların vaxtını alır həm də cibindən pulunu. Sakinlər deyirlər ki, yolun bərbad olması üzündən avtomobilləri tez-tez sıradan çıxır. Kənd sakini Ramil Əzizov deyir ki, Ərmənət kəndi turizm üçün cəlbedici olsa da yolların bərbad olması üzündən kəndə gələn yoxdu.

Qışda palçıq, yayda toz...

Sakinlər Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına tək çıxış olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt döşəmədiyini bildirirlər. Qeyd olunur ki, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yol daha keçilməz olur. Kənd sakini Malik Məlikov deyir ki, yolun təmiri həmişə özlərinin ümidinə qalır....

“Öz pulumuzla yola çınqıl tökdürürük. Asfalt vurulmadığı üçün yağış, qar yağan kimi dağılır. Hər il bu xərci çəkirik”.

Yoxa çıxan icra nümayəndəsi və bələdiyyə sədri

Kənd icra nümayəndəliyindən bildirilib ki, 3 km-lik yolun 1 km-i onların, 2 km-i isə yol istismar idarəsinin balansındadır. Həmin 2 km-lik hissəyə bişməmiş asfalt örtüyü sonuncu dəfə 90-cı illərdə döşənib. Yolun bərpası ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb. Ona görə sakinlər hər il kənd daxili 1 km-lik yolu öz vəsaitləri hesabına bərpa etmək məcburiyyətində qalırlar.

Kənd sakini Aydın Babayev deyir ki, hər dəfə məsələ qaldırılanda kənd icra nümayəndəsi və bələdiyyə sədri yoxa çıxır.

Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 11 saylı Yol İstismar İdarəsindən bildirilib ki, 3 km-lik Xalxal-Ərmənət yolunun 2 km-i onların balansındadır və mütəmadi olaraq təmir-bərpa işləri aparılır. Sadəcə havaların əlverişsiz keçməsi nəticəsində Ərmənət kənd yolunda müəyyən çalalar yaranıb. Həmin yol 2023-2025-ci illərin İnvestisiya Planına salınıb və əsaslı bərpası nəzərdə tutulur.
Bizim.Media
Geri qayıt