Türkdilli dövlətlərin əlaqə və əməkdaşlığı daha da güclənir

Türkdilli dövlətlərin əlaqə və əməkdaşlığı daha da güclənir  
Cari ilin mart ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. İlkin zamanda bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. 
Görüş zamanı ölkə başçısı öz çıxışında qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının və bu zaman on minlərlə insanın həyatına son qoyulmasının bizi olduqca kədərləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki,  Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
  Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
  Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. 14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. 
Fövqəladə Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı   44 günlük  Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Cənab Prezidentin dediyi kimi, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Prezident İlham Əliyev Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb.   Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. 
Cənab Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Ölkəmiz bu gün sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Eləcə də, Özbəkistan və Qazaxıstanın da bu prosesə töhfəsi məmnunluq doğurur.
  
İsrafil Kərimov
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
 
 
Geri qayıt