"Qarabağ” darmadağın etdi, Musa liderliyə yüksəldi

"Qarabağ” darmadağın etdi, Musa liderliyə yüksəldi  
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Çempionatın lideri "Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail”i sınağa çəkib.

Premyer Liqanın məğlubedilməz komandası "Qarabağ” uğurlu seriyasını bu matçda da davam etdirib. Ağdamlılar qarşılaşmanın taleyini birinci hissədə həll ediblər. 24-cü dəqiqədə Elvin Cəfərquliyev hesabı açıb. Bundan 10 dəqiqə sonra Musa Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

Julio Romao 53-cü dəqiqədə cərimə meydanı həndəvərindən mükəmməl zərbə ilə toru silkələyib. Bu, həm də qarşılaşmada vurulan sonuncu qol olub və "Qarabağ” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Qalibiyyət sayəsində Qurban Qurbanovun kollektivi xal ehtiyatını 68-ə çatdırıb. Autsayder "Səbail” isə 17 xalda qalıb.

Qeyd edək ki, turun "Kəpəz” – "Zirə” və "Turan Tovuz” – "Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, "Sabah” "Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. Tura martın 12-də keçiriləcək "Şamaxı” – "Neftçi” matçı ilə yekun vurulacaq.

Qaynarinfo
Geri qayıt