Zaqataladakı 15 otaqlı evdə başlayan yanğının səbəbi məlum olub - YENİLƏNİB

Zaqataladakı 15 otaqlı evdə başlayan yanğının səbəbi məlum olub - YENİLƏNİB  
Zaqatala rayonundakı 15 otaqlı evdə başlayan yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

17:04

Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı ümumi sahəsi 480 kvadratmetr olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt