Heydər Əliyev - xalqımızın xilaskarı

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.
Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı