Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötür. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bu günkü nəsl belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Bu gün ulu öndərimizin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası