İnam Kərimovla bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ŞƏHİD ANASI YAZIR...

İnam Kərimovla bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ŞƏHİD ANASI YAZIR...  
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Media Orqanlarının rəhbərlərinə
Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran
Məhəmməd qızı tərəfindən
Müraciət.
Cənab prezident!
Hörmətli Media Orqanlarının rəhbərləri!
Nəzərinizə çatdırıram ki,mənim üç oğlumun biri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
olmuş, digər iki oğlum isə sağlamlığını itirmiş və müharibə veteranıdır,Ermənistanla sərhəd
kənddə yaşayırıq və müharibədə evimizə ciddi ziyan dəyib. Bildirirəm ki, bu günə qədər minlərlə
rəsmi ərizə ilə aidiyyəti qurumlara müraciət edərək bildirmişəm ki, Kənd Təsərrüfatı nazirliyi
oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə 01.10.2021-ci il tarixdə qeyri-
qanuni olaraq müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam verib. Çünki Nazirlər
Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki, idarə və
təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti
tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam
Kərimov başda olmaqla Kənd Təsərrüfatı nazirliyinin bütün vəzifəli şəxslərinin bir daha nəzərinə
çatdırıram ki, Nazirlər Kabinetinin,yəni hökumətin qərarında yazılanlara istisnasız əməl
edilməlidir. Qeyq edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə
daha da genişləndirilib.
Əlavə olaraq bildirirəm ki, oğlumun ixtisası alim-aqronomdur, peşəkar kənd təsərrüfatı
mütəxəssisidir və dəfələrlə Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçib. Eyni zamanda
oğlumun yeganə qazanc yeri işlədiyi müəssisə idi, üç azyaşlı övladı var, özüm isə ağır ürək
xəstəliyi keçirmişəm və işdən azad olunan oğlumun himayəsində yaşayıram.
Yaşadığımız kənddə ilk dəfə Yeni Azərbaycan partiyası yalnız mənim ailə üzvlərimdən ibarət
olub və bütün ailə üzvlərimizə Ulu Öndərimizin şəxsi imzası ilə üzvlük vəsiqəsi verilib.
Ən maraqlısı isə odur ki, oğlumun işlədiyi idarədə yeganə şəhid və Qarabağ veteranı qardaşı
mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharibədə iştirak etməyənlər, qeyri-
peşəkarlar və hətta qeyri-ixtisas sahibləri hamısi həmin idarədə iş başındadır. Bu isə məndə belə
bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə atmaqda səhv ediblər və ona görə
də biz şəhid ailəsini cəzalandırırlar. Əgər övladlarım ermənilərə güllə atmaqda səhv ediblərsə,
mən İnam Kərimovdan üzr istəməyə hazıram. Övladlarım ermənilərə güllə atmaqda səhv
etməyiblərsə onda İnam Kərimov daşı ətəyindən tökməlidir, Nazirlər Kabinetinin qərarına və
Şəhid, Vətən məvhumuna hörmətlə yanaşmalıdır.
Onu da qeyd edirəm ki, 14 ay ərzində etdiyimiz bütün müraciətlərimizə cavab olaraq Kənd
Təsərrüfatı nazirliyi bildirir ki, oğlunuzun əmək müqaviləsinin müddəti başa çatmışdır və onunla
yenidən əmək müqaviləsi bağlamaq çox qəliz məsələdir və məqsədimizə uyğun deyil.
Artıq Kənd Təsərrüfatı nazirliyinin saxta, qərəzli və ədalətsiz cavablarından təngə gələrək,
xarici ölkə səfirliklərinə müraciət edərək vətəndaşlıqdan imtina etmişəm.
Cənab prezident!
Xahiş edirəm mənim müraciətimi şəxsi nəzarətə götürəsiniz və Nazirlər Kabinetinin 15 yanvar
1994-cü il tarixli, 10 saylı qərarına uyğun olaraq oğlumun öz işinə bərpa olunmasını təmin
etdirəsiniz.

Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.


Geri qayıt