Cəzasızlıqda "at oynadan" İdarə müdirinin "Sehirli Naftalan"adək uzanan qanunsuzluğu - İTTİHAM VAR!

Cəzasızlıqda "at oynadan" İdarə müdirinin "Sehirli Naftalan"adək uzanan qanunsuzluğu - İTTİHAM VAR!

Vəzifəyə dövlətə, xalqa xidmət üçün yox, məhz kreslosunun verdiyi səlahiyyətdən istifadə edərək büdcəni talamağa gələn məmurlar haqqında illərdir o qədər yazılıb ki, artıq ölkədə yaxşı məmuru pisdən seçmək müşkülə çevrilib. Dövlət büdcəsini min cür maxinasiya ilə talamaq bir yana, üstəgəl bu cür məmurlar əxlaq sarıdan da axsayanda cəmiyyətdə əsl faciə başlayır.

İllərdir ki, Azərbaycan xalqı bu cür harın məmurların, onların qohum övladlarının hərəkətlərindən əziyyət çəkir. İllərdir ki, Azərbaycanda bu cür mənzərə hökm sürür: Bir yanda xalqın hesabına formalaşan dövlət büdcəsini talayan belə məmurların bahalı həyat tərzləri, daha doğrusu harın həyat tərzləri, bir yanda da bir tikə çörəyə möhtac olan, gecələr sabahadək övladına bir tikə çörəyi necə qazanacağını düşünən insanlar...

Bədbəxtlik isə bundadır ki, ölkənin hüquq mühafizə orqanlarının korrupsiyaya, büdcə oğrularına, harın məmurlara qarşı apardıqları mübarizə fonunda bu cür məmurlar nəinki azalmır, əksinə, yağışdan sonra çoxalan göbələklər kimi artırlar.

Daha dəhşətli məqam isə yolunu azmış bu cür məmurların regionlarda daha azğın hərəkət etmələri, özlərini regionun ağası kimi aparmalarıdır.

Dövlətin büdcəsini min cür maxinasiya ilə mənimsəyən və çırpışdırdığı büdcə pullarının hesabına eyş-işrət içində yaşayan məmurlardan biri də 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdur.

Ölkənin ən kiçik şəhərlərindən birinin yol idarəsinin müdiri olan Firdovsi Qafarovun dövlət büdcəsini necə taladığını, bu pulları kef məclislərinə, şəxsi obyektlərinə necə xərclədiyini yazacağıq.

Firdovsi Qafarov öz obrazını şişirdən məmurlardandır. Yaxın ətrafına həmişə yüksək əlaqələrinin olduğunu, qısa zaman ərzində Bakıya daha böyük vəzifəyə gedəcəyini deyir. Maraqlıdır ki, həftələrlə yerində - 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsində tapılmayan Firdovsi Qocayev bü cür sirli səfərlərinin paytaxt Bakıda "işgüzar" görüşlərlə əlaqələndirir. Amma Azərbaycan elə ölkələrdəndir ki, burada nəyisə gizlətmək mümkün deyil, daha doğrusu bu ölkədə olan sirli səfərlərin, "işgüzar görüşlərin" ömrü maksimum 40 gün çəkir. Firdovsi Qafarovun bu cür "işgüzar" səfərləri barəsində bir az sonra...

Məlumata görə Firdovsi Qafarov eyş-işrətli həyat tərzinə görə heç də ərəb şeyxlərindən geri qalmır. Hələ bür müddət öncə onun idarəetmədən heç bir anlayışı olmayan, xidmət sahəsində adi işlərdə çalışan S...ə adlı xanımı Gəncə şəhərində yeni açılan "Premium Hotel"ə direktor müavini təyin etdirməsi Gəncədə böyük söz-söhbətə səbəb olmuşdu. Belə ki, F.Qafarovun "Premium Hotel"in direktoru Rasim Məmmədovdan etdiyi bu xahiş və Hotedə baş verən sonrakı proseslər, günü-gündən artan söz-söhbətlər Rasim Məmmədovun atası Eldar Məmmədovun bərk qəzəbinə səbəb olmuş və Firdovsi Qafarovun kadrı S.... xanım tutduğu vəzifədən uzaqlaşdırdı.

Onu da qeyd edək ki, baş verən hadisəyə kəskin reaksiyası olan şəxslərdən bir də Rasim Məmmədovun Bərdə rayonunun Mərkəzi Xəstəxanasında həkim işləyən Yasin doktor olub. O da kürəkənindən ipə-sapa yatmağı tələb edib.

İddialara görə bütün baş verənlərdən sonra F. Qafarov hələ də Rasim Məmmədovdan israrla S...... xanımı vəzifədə saxlamağını istəyir. S... xanımın direktor müavini vəzifəsindən uzaqlaşdırılsa da, hazırda işini evdən, telefon vasitəsilə gördüyü də iddialar arasında yer alır. "Premium Hotel" -də direktor müavini təyin edilən S....ə xanımla Firdovsi Qafarovun və Rasim Məmmədovun münasibətlərinin bu gün də davam etdiyi iddia edilir.

Çox maraqlıdır, ömrü boyu Gəncədən kənar bölgələrdə yaşayan, çalışan bu xanım necə oldu ki, birdən-birə Gəncə şəhərinə gəldi və "Premium Hotel"-ə direktor müavini vəzifəsinə təyinat aldı? Bu, yəqin ki, çoxlarına qaranlıq olsa da, kimlərəsə agahdır... Bəs düşmən işğalından azad edilmiş Şuşanın, Kəlbəcərin abadlaşdırılması üçün iş təklifləri alan Rasim Məmmədov necə oldu ki, bir idarə müdirinin mənasız xahişini, israrını rədd edə bilmir? Hələ də Firdovsi Qafarov qırsaqqız kimi Rasim Məmmədovdan köhnə xahişlərini davam etdirməkdədir.

Bir neçə dəfə paytaxt Bakının ən prestijli istirahət mərkəzlərindən birində S... xanımla görüntülənən 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov min bir maxinasiya ilə mənimsədiyi büdcə pullarını ancaq eyş-işrətəmi xərcləyir. Əlbəttə ki, yox. Firdovsi Qafarovun vəzifəsi kimlərəsə kiçik görünə bilər, amma onun biznes imperiyası heç də kiçik deyil.

Hələ bir müddət öncə dövlət büdcəsindən oğurladığı vəsaitlərlə kurort şəhəri olan Naftalanda "Şərab evləri" biznesinə girişən Firdovsi Qafarov bu biznesi batırandan sonra "Lombard" biznesinə sərmaya yatırmağa başlayıb. Aylıq vəzifə maaşı 1000-1500 manat civarında olan Firdovsi Qafarovun əlbəttə ki, bütün bu biznesinin, oğluna aldığı 60 minlik avtomobilin, kef məclislərinə xərclədiyi pulların bir ünvanı - mənbəyi var: dövlət büdcəsi!

Cəzasızlıq mühitində "at oynadan" 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun biznesi, daha dəqiqi qanunsuzluğu bununla bitmir. F. Qafarov qudası "Sehirli Naftalan" Sanatoriyasının müdiri Akşinlə yeni tikdirdiyi sanatoriya korpusunda baş verən qanunsuzluğa isə təkcə qudasını yox, bir çox dövlət qurumlarını da şərik edə bilib.

"Sehirli Naftalan" Sanatoriyasının yeni korpusunun tikintisi zamanı Firdovsi Qafarov rəhbərlik etdiyi 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə edib. Firdovsi Qafarov bütün Naftalan əhalisinin gözü qarşısında dövlətin texnikalarını şəxsi mülkündə dədə malı kimi işlədib. Cəmi üç-dörd aya inşa edilən "Sehirli Naftalan" Sanatoriyasının 84 nəfərlik yeni korpusu isə qanunsuz fəaliyyət göstərir.

Belə ki, səhihliyinə şübhə etmədiyimiz məlumata görə "Sehirli Naftalan" Sanatoriyasının yeni korpusu tam qanunsuz fəaliyyət göstərir.

Yeni korpusun tikildiyi ərazinin sahibkarlıq subyekti olmaması, tikilinin şəxsi mülk-ev kimi qeydiyyata alınması, şəxsi ev kimi qeydiyyata alınan korpusun zirzəmisindəki vannaların Naftalan nefti ilə təmin edilməsi, zirzəmidə lobarotoriya, fizioterapiya və digər bu kimi tibbi xidmətlərin göstərilməsi baş verən qanunsuzluğun miqyasının nə qədər böyük olduğunu göz önünə gətirir.

"Sehirli Naftalan" Sanatoriyasında baş verənlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Səhiyyə nazirliyinin, Dövlət Vergilər Xidmətinin, İqtisadiyyat nazirliyinin nəzarətindən yayınaraq sahibkarlıq kateqoriyası olmayan ərazidə sanatoriya tikdirməkləri aidiyyatı dövlət qurumlarının araşdırmalı olduqları məsələdir.

"Sehirli Naftalan" Sanatoriyasının yeni korpusunun tikintisi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Naftalan Şəhər İcra Hakimiyyətindən, şəxsi mülk-ev kimi qeydiyyata alınan sanatoriya korpusuna Naftalan neftinin kəmərinin çəkilməsi ilə bağlı isə Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.
//ANAXEBER.İNFO//
Geri qayıt