`SARISU`da sular niyə bulanıq axır... - İLGİNC İDDİALAR...

`SARISU`da sular niyə bulanıq axır... - İLGİNC İDDİALAR...  
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Saatlı rayonu ərazisində reyd keçirib.

Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan çoxsaylı əcnəbi vətəndaşlar cərmələnib, eyni zamanda qanunsuz silahlardan istifadə olunması müəyyənləşdirilib və aktlaşdırılıb.

Redaksiyamız tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən ovçuluq təsərrüfatı bir neçə il bundan əvvəl 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general-polkovnik Vaqif Axundov tərəfindən bir zənglə şəxsi nəzarətə götürülüb. Nazirlər kabineti də bununla bağlı qərar verib.

Məlumdur ki, V.Axundov istefaya göndərildikdən sonra Prezident İlham Əliyevin fərmanı ilə XDMX-nın yerində 3 qurum yaradıldı. Məhz bundan sonra Sarısu Ovçuluq Təsərrüfatı XDMX-nın yerində yaradılan 3 qurumdan birinin - Prezidentin Təhlükəsizlik Xidmətinin balansına daxil oldu. Ovçuluğa xüsusi marağı olan V.Axundov həmin vaxt həm də Azərbaycan Atıcılıq Federasiyasının prezidenti vəzifəsini daşıyırdı. Ovçuluq təsərrüfatı da onun yaxınları tərəfindən idarə olunurdu.

Azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, hazırda Sarısu Ovçuluq Təsərrüfatı Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev tərəfindən istismar olunur. O, V.Axundovun yaxın adamlarından biri kimi Atıcılıq Federasiyasında da vitse-prezident postunu tuturdu.

Məsələ bundadır ki, ovçuluq biletləri vermək səlahiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir. Ancaq Hərbi Ovçuluq Cəmiyyəti də eyni səlahiyyətə sahibdir. Bu amil cəmiyyətin ovçuluq təsərrüfatlarındakı qanunsuz hərəkətlərini geniş imkanlar yaradıb.

Xatıradaq ki, bundan əvvəl də - 2021-ci ildə də Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən xarici vətəndaşlar - Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Adil Zülfüqarov adlı şəxlər 7000 manat məbləğində cərimə olunmuşdular.

Sarısu Ovçuluq Təsərrüfatının rəhbəri İsmi Atakişiyevlə Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev arasındakı “ittifaq” nəticədə Azərbaycan təbiətinin, flora-faunasının məhvinə səbəb olub. Büdcəyə isə heç bir vəsait ödənilmir.

Ümumiyyətlə, ölkədə şəxsi maraqlarının təmin olunmasına hesabına təbiətin ən çox məhv edildiyi təsərrüfatlardan biri, bəlkə də birincisi Sarısudur.

Müxtəlif səbəblər ucbatından Ekologiya və Təbii sərvətlər Nazirliyinin Sarısu Ovçuluq Təsərrüfatına müdaxilə imkanları az olduğuna görə, orada vəziyyət günbəgün daha da acınacaqlı hal alır. Son 10 il ərzində reydlərin sayına görə, təsərrüfatların siyahısında Sarısu ilk yerdə qərarlaşıb.

Sarısu Ovçuluq Təsərrüfatında reydin keçirilib-keçirilmədiyi ilə bağlı suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən Azsiyaset.com-a bildirilirdi ki, həqiqətən də noyabrın 5-də Sarısu Ovçuluq Təsərrüfatında reyd keçirilib. //Azsiyaset.com//
Geri qayıt