Əliyevdən mühüm MESAJLAR: - sərhəd əməliyyatı və Bakının PLANLARI

Əliyevdən mühüm MESAJLAR: - sərhəd əməliyyatı və Bakının PLANLARI  
Laçının mərkəzində Azərbaycan bayrağını qaldıran İlham Əliyev diqqətçəkən məqamlara da toxundu. Bu, həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir.

Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib

İlham Əliyev bəyan etdi ki, Azərbaycan işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinə çıxıb.

- Ermənistan “sərhəd” dediyi yerdə heç bir müəyyənləşmə işi aparmayıb: bu, Azərbaycan torpaqlarında işğalın davam edəcəyi inamından irəli gəlirdi, hesab edirdilər ki, Qarabağ və Zəngəzur işğalda qalacaq;
- Delimitasiyası aparılmadan sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz;

Prezident bununla həm xaricdən, həm daxildən səslənən “Azərbaycan Ermənistana təcavüz edib” iddiasına cavab verdi, eyni zamanda, problomin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğuna diqqət çəkdi.

Delimitasiya hansı xəritələrlə aparılacaq?

Prezidentin çıxışı delimitasiya məsələsində Bakının XX əsrin xəritələrinə istinad etmək planını bir daha təsdiq edir: söhbət XX əsrin əvvəlindən başlayaraq, müxtəlif adlar altında Ermənistana verilən Azərbaycan torpaqlarından gedir və rəsmi Bakı bunun təsdiqi üçün əvvəlki dövrün xəritələrini də masaya daşıyır;

Bu, Zəngəzur dəhlizi də daxil olmaqla Azərbaycanın tarixi torpaqlarına qayıdış strategiyasında önəmlidir: Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması da bu prosesdə həllini tapa bilər;

Əliyev bəyan edir ki, mövcud xəritələr kimin hansı torpaqda yerləşdiyini göstərir, bu baxımdan, delimitasiya aparılmadan heç kim Azərbaycanı ittiham edə bilməz.

Ermənistan delimitasiya prosesinin XX əsrin xəritələri əsasında aparılmasına razılaşmalıdır, ya da Azərbaycan bu xəritələrə istinadən praktiki addımlar atacaq. Burada diqqətçəkən məqamlardan biri Prezidentin xəritələrdən “SSRİ dövrünün” yox, “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” olaraq bəhs edir. Bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edib və bu, Zəngəzurun Ermənistana verilməsi məsələsini də rəsmi şəkildə aktuallaşdırır.

Sentyabr əməliyyatının nəticəsi

Prezidentin çıxışı əməliyyatın üç mühüm nəticəsinin olduğunu deməyə əsas verir:

Birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub: bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır;

İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir: Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə, addımlarını buna əsasən ata biləcək;

Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır;

Üçtərəfli razılaşmaların icrası qaçılmazdır

Prezident Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını bəyan etdi:

- Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb;
- Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır;

Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın. Əliyev Ermənistana mesaj verdi ki, növbəti cavab tədbirləri daha ağır olacaq və onların güvəndiyi qüvvələrin Bakıya heç bir təsir imkanı yoxdur.

Azərbaycan liderinin fikirləri Ermənistan üçün “yol xəritəsi” də hesab edilə bilər: 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır; Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır; Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur;

Asif Nərimanlı
Geri qayıt