Onlar Nəcməddin Sadıkovu MÜDAFİƏ EDİRDİLƏR... - İLGİNC FAKT

Onlar Nəcməddin Sadıkovu MÜDAFİƏ EDİRDİLƏR... - İLGİNC FAKT
 


Bizim məşhur el misalı var - nə tökərsən aşına, o da çıxar qaşığına... Keçmiş baş prokuror, odioz fiqur kimi həmişə yadda qalan Zakir Qaralov da indi həmin qara günlərini yaşamaqdadır. Onun 20 illik baş prokuror fəaliyyəti, bu müddətdə çıxardığı qanunsuz qərarlar, indi adının "MTN işi"ndən tutmuş "Tərtər işi"nə qədər hallanması bir-bir gündəmə gəlməkdədir. Məlum olur ki, 20 illik kriminal fəaliyyəti ilə Qaralov bütün qaranlıq və səs-küylü işlərə bağlı olubmuş. Bunu ölkənin tanınmış vəkillərinin ortaya qoyduğu sübutlar, dəlillər təsdiqləyir. Son günlər elə bu səbəbdən tirajlanan ən maraqlı xəbər onun ölkədən çıxışına stop qoyulmasıdır. Düzdü, Baş Prokurorluq, ardınca ailəsi adından yayılan bəyanatlarda təkzib olundu, hər halda "od olmayan yerdən tüstü çıxmaz" misalı da boşuna deyilməyib. Əslində, Qaralov baş prokuror olduğu dövrdə etdiklərini indi özünə qarşı görməkdədir. Kiminin ölkədən çıxışına əsassız stop qoyması, kiminin barəsində cinayət işi açdırması... Ən əsası da müstəqil mətbuata münasibətdə qəddar və amansız idi. Ancaq Qaralov istər "MTN işi", istər jurnalistləri prokurorluğa çağırıb hədələməkdə tək olmayıb, bu işlərdə onun "sağ əli" birinci müavini Rüstəm Usubov idi. Elə bu hadisələr və son dövrlər Qaralov haqda yayılan xəbərlər fonunda Anaxeber.az-ın bloklanması, baş redaktoru Azər Talıbovun düz 3 dəfə prokurorluğa çağırılaraq xəbərdarlıq edilməsi yada düşür. İndi Qaralovun "Tərtər işi" ilə əlaqəsi olmadığını iddia edənlər üçün əsl arxiv və arayışdır bu fakt: Anaxeber.az-ın baş yazarı Azər Talıbov prokurorluğa 3 dəfə çağırılır, keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkov haqda gedən materiallara görə xəbərdarlıq olunur, həbs ediləcəyi ilə təhdid edilir. Tarix 2017, mayın 15-i... Baş prokurorun 1-ci müavini Rüstəm Usubov və qurumun o vaxtkı mətbuat katibi Eldar Sultanov görüşdə iştirak edir. Və... Usubov əsl gestapo füreri rolundadır, sanki jurnalist Talıbov da, onun girovudur. Qaralovun müavini elə həmin vaxt otaqda jurnalisti hədələyir - özünü yığışdır, ailə - uşaq sahibisən, elə etmə ki səni həbsxanaya göndərək. Təsəvvür edin, ölkənin baş prokurorunu təmsil edən müavini Nəcməddin Sadıkov və digər şəxşlər haqda tənqidi məqalələrə görə jurnalisti həbslə qorxudur. İndi məlum olur ki, Sadıkov barədə iddialar da xeyli həqiqət imiş, elə Qaralovla Usubov da bir sıra çirkin işlərə qarışıblarmış. Daha sonra jurnalistə edilən xəbərdarlıq rəsmi şəkildə yayımlanır və indiyədək prokurorluğun saytında qalmaqdadır. Guya jurnalist Talıbov dövlət sirrini yayıb, məsuliyyətsizlik edib. Halbuki çox sadə sual yaranır - əgər jurnalist dövlətin sirrini bilirsə, onun harası dövlət sirri oldu? Yəni tam bir absurd səbəb. Sadəcə, məqsəd Nəcməddin Sadıkov barədə məlumatları dövriyyədən çıxarmaq idi ki, buna görə Qaralov - Usubov cütlüyü jurnalisti "ailə, uşaq var, səni həbs edərik" deyə təhdid etmişdilər. Bütün bunlar göstərir ki, Qaralovla Usubov baş prokurorluqda hansı çeteni qurublar, bu orqanı necə idarə ediblər. Bu gün ciddi araşdırmalar aparılarsa, ortaya sensasion sübutların çıxacağı da istisna deyil. Ümumiyyətlə, sual meydana çıxır ki, o dövrdə mətbuata qənim kəsilən, jurnalistləri tez-tez çağırıb xəbərdarlıq edən, qorxudan Qaralovla Usubovun adı cürbəcür hadisələrə qarışmış Nəcməddin Sadıkovu, eləcə də digər məmurları mediadan qorumaqda məqsədləri nə idi? İndi dövlət baba bunları da araşdırmalıdır; jurnalistin bir cümləsinə görə çağırıb dörd divarla hədələyirdilərsə, buyursunlar, bunu edənləri də dindirsinlər - kimi kimdən, niyə qorumaq istəyirdiniz? Suallar çoxdur. Bu suallara ən dolğun cavabı isə heç nədən çəkinmədən bu işi sonadək araşdırmalı olan istintaq verə bilər. Əgər bu iradə sonadək ortaya qoyulsa, böyük ehtimalla bu işin arxasında təkcə Nəcməddin Sadıkovun deyil, prokurorluğun əvvəlki rəhbərliyinin və “5-ci kolon”un ən təpədəki isminin də rol aldığı üzə çıxa bilər...
AnaXeber.info


Geri qayıt