Vahid Əliyevlə Məhərrəm Əliyevin istefaya getməsinin sensasion gizlinləri

Vahid Əliyevlə Məhərrəm Əliyevin istefaya getməsinin sensasion gizlinləri Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar tutduqları vəzifələrini itiriblər
Yeni strukturda yer almayanlardan biri də İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur.
Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırılması ona yaxın kadrların "çamadan ab-havası”na düşməsinə səbəb olub.
V.Əliyevə yaxın olduğu iddia edilən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının rəisi, polkovnik Füzuli Abbasovun postundan gedəcəyi gözlənilir.
V.Əliyevin istefaya göndərilməsindən dərhal sonra F.Abbasovun yaxın çevrəsi ilə görüş keçirdiyi və vəziyyətin mürəkkəb olduğunu söylədiyi xəbər verilir.
Nəşriyyatın V.Əliyevə yaxınlığı ilə seçilən başqa vəzifəlilərinə də qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub ki, istefaya getməyə hazır olsunlar.
Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilmişdi.
Bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu vəsaitlərin xərcləndiyi strateji qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılmışdı.
V.Əliyevin əmisi oğlu İlham Əliyev isə mülki işdən çağırılaraq, mayor rütbəsinə yüksədilib və bu idarədə rəis müavini vəzifəsinə gətirilmişdi.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrin komandanı general-mayor Ramiz Tahirov da bu vəzifəyə təyin edilməmişdən əvvəl Vahid Əliyevin müavini olub.
Həmçinin, Kəşfiyyat İdarəsinin rəisi polkovnik İlqar Mazanov Vahid Əliyevin yerlisidir. Onun da bu vəzifəyə təyin olunmasında V.Əliyevin rolunun olduğu bildirilir.
Silahlı Qüvvələrin İnspeksiyasının rəisi general-mayor Fəxrəddin Cəbrayılovun da Vahid Əliyevin kadrı olduğu deyilir.
Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev də vəzifəsini itirmiş olub.
Belə ki, sturuktur islahatı zamanı onun çalışdığı struktur ləğv olunub və yenisi yaradılıb. M.Əliyevin işinə davam etməsi üçün onun yeni strukturda çalışması üçün yeni təyinat olmalıdır.
Ancaq onunla bağlı heç bir qərar olmayıb. Əksinə, M.Əliyevə yaxın kadrların da vəzifələrdən kənarlaşdırılacağı gözlənilir.
Hər iki yüksək ranqlı məmurun istefaya göndərilməsinin gizlinləri var. Buna səbəb prezidentin onlarla işləmək istəməməsidir.
Dövlət başçısı komandanı təzələmək və köhnə qvardiyanı yola salmaq strategiyasını işə salıb. Bu məqsədlə mərhələli şəkildə kadrların istefaya göndəriləcəyi qərara alınıb.
Məhərrəm Əliyev Moskva Cinayət Axtarış İdarəsində çalışarkən Araz Ağalarova, mərhum Aydın Qurbanova, eyni zamanda iş adamları Telman İsmayılova və İsgəndər Xəlilova himayədarlıq edib.
Onun Araz Ağalarov və Qurbanovlar ailəsilə dostluq münasibətləri davam edir. Lakin ona Müdafiə Nazirliyi yaxud Müdafiə Sənayesi Nazirliyində vəzifə verilməsi istisna edilmir.
Qeyd edək ki, 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumdan sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb.

Ulus.Az
Geri qayıt