Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Xalqxeber.az "Yeni-Müsavat"ın Bakı-Quba yolu ilə bağlı hazırladığı yazını təqdim edir:
Bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yaydı ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yenidən əsaslı təmir-bərpa işlərinə başlanılır. Təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq: “Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq”.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu belə şərh verdi: “Bu yola qat-qat çox vəsait xərcləndi. Çünki birinci mərhələdə nə qədər vəsait ayrılmışdısa, ikinci-üçüncü mərhələdə də yolun tikintisinə milyonlar xərcləndi, böyük pullar xərcləndi. Təbii ki, burada sifarişçi Nəqliyyat Nazirliyi idi. İcraçı ”Akkord" və ya başqa şirkətlər olsun, fərqi yoxdur. Hər bir halda hüquq-mühafizə orqanları bu məsələni araşdırmalı idi. Çünki yol təsərrüfatına görə həm dövlətə, həm də vətəndaşlara milyonlarla manat zərər dəyib. Bu çox böyük məbləğlı dəyən bir zərərdir. Bunu nə iləsə kompensasiya etmək mümkün deyil. Bunun maddi və mənəvi tərəflərini hüquq-mühafizə orqanları araşdırmalı idi və çox ciddi tədbir görməli idi. Çox təəssüf ki, hüquqi cəhətdən hələ də heç bir addım atılmayıb. Halbuki biz son dövrlərdə görürük ki, dövlətə zərər vuranlar aşkarlanır, saxlanır, məsuliyyətə cəlb olunur. Onların vurduğu zərər geri ödənilir. Amma bu məsələ ilə bağlı konkret olaraq hər hansı bir tutarlı bir tədbirin görüldüyünün şahidi olmamışam. Ola bilsin, hansısa formatda tədbirlər görülüb, amma cəmiyyət bunu gözləyir".

Hüquqşünas Əkrəm Həsənov də fikirlərini bölüşüb: “Azərbaycanda belə bir ənənə var ki, eyni yollar hər il təmir olunur. Həmin dövlət qurumları da bir-birinin işinə irad bildirmirlər. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yolun keyfiyyətsiz inşasına görə mütləq məsuliyyət olmalıdır. Cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu daha yuxarı qurum məsələ qaldırmalıdır. Ya da Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Vətəndaşlar özləri də bu prosesə müdaxilə etməli, bu məsələni dövlət orqanları qarşısında qaldırmalıdırlar. Bu cür halların gələcəkdə baş verməməsi üçün elektron dövlət büdcəsi yaradılmalıdır. Dəfələrlə təkliflə çıxış etmişəm ki, Azərbaycana elektron dövlət büdcəsi lazımdır. Elektron dövlət büdcəsi Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi istisna olmaqla, digər bütün dövlət orqanlarının büdcəsi tam şəffaf olmalıdır, internetdə dərc olunmalıdır və aylıq əsaslarla yenilənməlidir. Adi qələm və kağızdan tutmuş, digər bütün alınan malların siyahısı dərc olunmalıdır. Bizim də ictimaiyyət olaraq onlara nəzarət etmək imkanımız olmalıdır. Bu olmadıqca, yollar da keyfiyyətsiz tikiləcək, korrupsiya cinayətlərinin də qarşısının alınması mümkün olmayacaq”.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.