"Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... - NARAZILIQ VAR!

"Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... - NARAZILIQ VAR!  
“Hürriyyət”in redaksiyasına müraciət edən Bakı sakini Malik Məmmədov (ad şərtidir) bildirib ki, Rusiyada yaşayıb işləyən oğlu ona bank sistemi ilə 1000 USD köçürüb. “Rabitəbank”ın Bakıdakı filiallarından birinə yaxınlaşıb oğlunun yolladığı pulu almaq istəyən ataya deyilib ki, pul vəsaiti yalnız manatla ödənilə bilər. Amma şikayətçi məhz dollar almaq istədiyini bildirib. Bank əməkdaşları Malik bəyin etirazlarını cavabsız qoyduğundan, ata məcburən bizə müraciət edib və sözügedən problemə aydınlıq gətirməyi xahiş edir.

Məsələyə aydınlıq gətirən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, pul vəsaiti hansı valyutada köçürülübsə, həmin valyutada da verilməlidir. Yəni şikayətçinin tələbi tamamilə qanunidir. Bankın bu davranışı isə qanuna ziddir.

“Rabitəbank”ın baş ofisi ilə də əlaqə saxlayıb məlum məsələ ilə bağlı açıqlama vermələrini xahiş etdik. Bankdan bildirdilər ki, hazırda vəsaitlər yalnız manat şəklində təqdim olunur. Bunun səbəbini soruşanda cavab verdilər ki, bankdaxili qaydalara əsasən vəsaitlər hazırda yalnız manatla ödənilir.

Təkrar bunun səbəbini aydınlaşdırmaq istədikdə, xəttin o üzündəki xanım tutuquşu kimi eyni sözləri təkrar etdi: “Bankdaxili qaydalara əsasən vəsaitlər hazırda yalnız manatla təqdim olunur”.

Soruşduq ki, bu bankdaxili qaydalar hansı qanunla tənzimlənir? Yenə cavab verildi ki, hazırda vəsaitlər yalnız manatla təqdim olunur, istəsələr, başqa bir banka müraciət edə bilərlər, “Rabitəbank”da qaydalar belədir.

P.S. Ola bilsin, biz nəyisə anlamırıq. Elədirsə, siz bizə deyin: hüquqi dövlətdə fəaliyyət göstərən bank rəhbərliyinin dövlətin müəyyən etdiyi qanunlara zidd gedərək, özündən hansısa qayda-qanun icad etməsi və həmin bankın əməkdaşının müştərilərlə, media nümayəndələri ilə bu tərzdə danışması, hər hansı izahat verməkdən boyun qaçırması nə dərəcədə qanunauyğundur?

P.P.S. Mövzunu diqqətdə saxlayacağıq. //hurriyyet.az//
Geri qayıt