Zəfər Qurultayı iştirakçıları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar

Zəfər Qurultayı iştirakçıları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar  
Son 18 ildə xalqımızda Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində silahlı qüvvələrimizin gündən-günə artan gücü və qüdrəti yaratmışdı.  
Nəhayət, o gün gəldi. 44 günlük Vətən müharibəsinin sonuna 2 gün qalmış - noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da həmin gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı.
2022-ci ildə biz Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. 1752-ci ildə Pənahəli xanın təməlini qoyduğu Şuşanın şanlı tarixi nəzərə alınaraq bu il ölkə başçısı tərəfindən “Şuşa İli” elan edilib. Məhz bu il 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçdi.
Böyük təntənə ilə keçən bu toplantıda qeyd edildi ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar tikilir. Bütün görülən və görüləcək tədbirlər bura gəliş-gedişın çox rahat olacağı üçündür. Bu da öz növbəsində Azərbaycanda yaşayanlarla yanaşı xaricdə yaşayan soydaşlarımızın öz ailələri ilə işğaldan azad edilmiş torpaqlara gəlib buranı ziyarat etmələrinə böyük kömək olacaqdır.  
Qurultayda iştirak edən nümayəndələr həm də 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarda erməni vandallarının törətdikləri əməllərin canlı şahidi oldular. Dövlət başçımızın xüsusi olaraq qeyd etdiyi kimi “Şuşada da bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik”.
Zəfər Qurultayının hər bir iştirakçısı sonradan yaşadıqları ölkələrə qayıdaraq Azərbaycan həqiqətlərinin, bölgədə baş verən hadisələrin düzgün təbliğinin ən fəal təbliğatçısı olacaqlar. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq  azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Bu işlərdə onlara uğurlar arzulayırıq.
 
 
Həcər Verdiyeva  - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Geri qayıt