“Çin Karqo” şirkətində Xocalı Faciəsinin qurbanları anıldı

“Çin Karqo” şirkətində Xocalı Faciəsinin qurbanları anıldı Bu gün “Çin Karqo” şirkətində Xocalı Faciəsi ilə bağlı video-konfrans formatında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə “Çin Karqo” şirkətinin rəhbəri tanınmış iş adamı, Texniki Elmlər Doktoru, Professor Şamil Heydərov açdı. İlk öncə faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şamil Heydərov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımız öz taleyinin ən ağır və acılı anlarını yaşadı. O müdhiş gecədə insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən biri törədildi. Hər tərəfdən mühasirəyə alınaraq erməni və rus yaraqlılarının vəhşi hücumuna məruz qalan qədim Xocalının dinc sakinləri öz milli mənsubiyyətlərinə görə gülləbaran edilərək dəhşətli əzab içərisində qətlə yetirildilər. Xankəndində yerləşən Sovet İmperiyasının 366-cı motoatıcı alayı isə bu amansız qırğının həyata keçirilməsində ermənilərə xüsusi xidmət göstərdi.
2500 nəfərdən çox dinc sakin qatillər ordusu ilə üz-üzə qalmışdı. Xocalının özünü müdafiə qüvvələri isə çoxlu sayda zirehli texnikanın, təpədən dırnağadək silahlanmış başkəsənlər ordusunun qarşısını almaq iqtidarında deyildi. Müasir silahlarla yaraqlanmış ermənilər bir neçə saat ərzində 613 nəfər soydaşımızı xüsusi amansızlıqla qətlə yetirmişdir. Həlak olanların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Bu soyqırımı zamanı qədim Xocalı şəhəri erməni hərbi birləşmələri tərəfindən yerlə yeksan olundu. Yüzlərlə dinc sakin dəhşətli işgəncələrə məruz qaldı, meyitlər təhqir olundu. Bu amansız terror hadisəsi təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdəndir. Qətl gecəsində 487 nəfər yaralanmış, 150 nəfər itkin düşmüşdür. 1275 nəfər Xocalı sakini isə əsir götürülərək, ağlasığmaz işgəncələrə məruz qaldı.
Təəssüf ki, Azərbaycanın o vaxtkı bacarıqsız və səriştəsiz rəhbərləri Xocalı faciəsinin ağırlığına baxmayaraq, bu cinayətlə bağlı ictimaiyyətə vaxtında geniş məlumat verməyərək, əsl həqiqəti həm xalqdan, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Vəziyyəti düzgün qiymətləndirə bilmədiklərindən, torpaqlarımızın 20 faizinin işğal olunmasına, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin salınmasına səbəb oldular.
Bu faciənin dövlət tərəfindən lazımınca qiymətləndirilməməsi sonrakı mərhələlərdə özünün mənfi nəticəsini göstərdi.
Yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini aldı. Ulu öndər dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli iş gördü. Heydər Əliyev Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün əməli tədbirlər həyata keçirdi. Ümummilli lider müdrikcəsinə demişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. 
Bu gün Azərbaycanın müxtəlif bölgələrində didərgin həyatı yaşayan Xocalıdan olan bacı və qardaşlarımızı çalışırıq ki, imkan dairəsində hər cür qayğı və diqqətlə əhatə edək.
“Çin Karqo” şirkətinin rəhbəri əlavə etdi ki, Xocalı soyqırımının ildönümü bütün dünyada geniş qeyd olunur. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsi zamanı şəhid olanların xatirəsini həmişə uca tutur, onların arzu və istəklərinin gerçəkləşməsi naminə var qüvvəsini sərf edir. 
Görüşə yekun vuran Şamil Heydərov qeyd etdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər görülür. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir. 
İş adamı Şamil Heydərov xüsusilə vurğulayıb ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Xalqxeber.Az
Geri qayıt