ŞEYXİN KANTORUNA ŞOK İTTİHAMLAR... - "İrançı mollaları məscidlərə doldurublar..."

Xalqxeber.az-ın məlumatına görə, Milli Məclisdə yaşanmış polemika ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı Turan İrfan deyib ki, belə müzakirələr parlamentin canlanması üçün vacibdir. Ekspertin sözlərinə görə, əslində hər iki millət vəkili haqlı idi, sadəcə anlaşmazlıq yarandığı üçün bir-birini yaxşı başa düşmədilər:
“Cahil sözünü “savadsız”la əvəz etsəydilər daha yaxşı anlaşılardı. Yaxını vəfat edən şəxs gedib məsciddən molla gətirir. O haradan bilsin ki, gələn molla savadsızdır, cahildir və ya İran agentidir? Nə bilsin ki, molla gəlib İranın siyasi təbliğatını aparacaq, yaxud ağı deyəcək, nağıl danışacaq. Belə hadisə baş verirsə, günahı aidiyyəti qurumlardadır. Qafqaz Müsəlmanları İdarəsinin bu xalqa vurduğu zərbə, ziyan hələ çox sonra bilinəcək. İllərdir məscidlərə savadsız, cahil, irançı mollaları doldurublar. Bu idarə ümumiyyətlə, Rusiya və İrana xidmət edir. Konkret olaraq “İranın ikinci səfirliyi” kimi fəaliyyət göstərir. Hətta dini bayramları belə türk-müsəlman aləminin əksinə, İranla eyni gündə qeyd edirlər”.
T.İrfan “QMİ ləğv olunmalıdırmı” sualına cavabında bildirib ki, idarə qalsa belə onun xaricə alət olmasının qarşısı alınmalıdır:
“Əslində bu idarənin elə bir funksiyası yoxdur. Gürcüstan QMİ-dən çoxdan ayrılıb. Rusiyada da bu idarənin sözünə qulaq asan yoxdur. Simvolik olaraq QMİ-ni saxlamaqla bütün səlahiyyətlərini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə vermək lazımdır. Dinimizi qaragüruh, xurafatçı, ora-bura işləyən mollalardan azad etmək üçün mütləq dövlət bu işə qarışmalıdır. Bir şəxsin nüfuzuna görə bütöv xalqın mənəviyyatını, inancını oyuncağa çevirmək olmaz. İdarə sədrinin xətri üçün dinimizi məhv etməyə haqqımız yoxdur”.