Partiya sədri bahalı həyat tərzi ilə gündəmə gələn gənc gömrükçü barədə: “Bunlar harınlayıb, həbs edilməlidirlər…”

Partiya sədri bahalı həyat tərzi ilə gündəmə gələn gənc gömrükçü barədə: “Bunlar harınlayıb, həbs edilməlidirlər…” Xəbər verdiyimiz kimi, son günlər mediada harınlanmış məmur övladlarının fotoları yayılıb. Bunlardan biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərlinin fotolarıdır. Belə ki, DGK-nin 20 yaşlı əməkdaşı çəkinmədən özünün təmtəraqlı həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır. Qeyd edək ki, X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə “90 LJ 900” dövlət nömrə nişanı vurulub ki, bütün bunlar da qanuna ziddir.

Bu cür davranışlara münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün bir çox məmur balaları ölkəni talan ediblər, dağıdıblar. 

Partiya sədri vurğulayıb ki, bu cür adamlar qaziyə 100 manat tapıb pul verə bilmirlər, amma dəbdəbəli həyat yaşayırlar: “Bunlar xalqı saymırlar, ictimai rəyi nəzərə almırlar və onlara edilən basqıdan heç bir nəticə çıxarmırlar. Ona görə də, bunların ataları ilə haqq-hesab çürütmək lazımdır. Yadınıza gəlirsə, cənab Prezident İlham Əliyev bir neçə il bundan öncə keçirdiyi müşavirələrinin birində dedi ki, onların atalarını mən qoymuşam və mən də tədbir görəcəyəm. Amma çox təəssüf ki, bu cür məmur balaları adam saymırlar, harınlaşıblar. Ona görə də, bunların hamısı həbs edilməlidir. Bütün maşınları satılıb, şəhid ailələrinə, qazilərə verilməlidir. Xalq bunların qabağını kəsməlidir, qazilər gedib həmin məmur balalarının maşınlarını almalıdırlar! Deməlidirlər ki: “Sizin haqqınız yoxdur. 44 günlük Vətən müharibəsində birinizin burnu qanamadı. Bu gün də harınlıq edirsiniz, ayağı kəsilən qaziyə acıq verirsiniz.” 

"Bu gün mənim niyə var-dövlətim yoxdur? 33 ildir bu dövlətə canımı qoymuşam, bu dövlətə xəyanət edənlərlə “vuruşa-vuruşa” axırda ürəyimi də “qurban” verdim. Amma, görürsünüz bunların başında tükləri də ağarmayıb. Çünki arsız adamlardır. Bu gün biz dərman almağa pul tapmırıq, bunların övladları isə harın həyat sürürlər. Haradan alıblar bunları? Nəyin hesabına yaradıblar? Soruşulsun, bütün bunlar. Bu var-dövləti nə ilə alıblar? Bütün bu məsələlər gündəmə gəlməlidir” - deyə partiya sədri vurğulayıb. 

Geri qayıt