Mərkəzi Xocalı şəhəri olan Qarabağ rayonu yaradılır? - GƏLİŞMƏ

Mərkəzi Xocalı şəhəri olan Qarabağ rayonu yaradılır? - GƏLİŞMƏ

Dünən Prezident İlham Əliyev maraqlı bir sərəncam imzalayıb. Məsələnin maraqlı tərəfi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsidir. JAMAZ.İNFO xəbər verir ki, həmin sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, belə bir təyinatın məhz Soçi görüşündən sonraya təsadüf etməsi səbəbsiz deyil. Çünki Soçidə keçirilən üçtərəfli görüşdən sonra birgə bəyanat qəbul edilsə də, əsas razılaşmalar şifahi olub. Bunun nümunəsi kimi, dünəndən Qarabağdakı separatçıların “bayraq”larının yığışdırılmasıdır. Bundan başqa, separatçılar qışı keçirmək üçün Bakədan “mavi yanacaq” istəyib. Hadisələrin fonunda belə bir addımın atılması isə olduqca maraqlıdır.

JAMAZ.İNFO bildirir ki, ölkə başçısının son sərəncamı yeni bir prosesin başlanmasından xəbər verir. Bu yeni proses isə hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yeni bir idarəetmə strukturunun yaradılmasından ibarətdir. Çünki həmin sərəncama əsasən Qarabağ iqtisadi rayonuna xüsusi nümayəndə təyin edilməsi mahiyyət etibarı ilə yeni rayonun yaradılması üçün hazırlıq məqsədi daşıyır. Yəni, Qarabağın digər rayonlarından fərqli olaraq, Qarabağ İqtisadi Rayonuna xüsusi nümayəndənin təyin edilməsi kifayət qədər maraqlı gedişdir.

Hələ müharibə başa çatdıqdan bir qədər sonra belə bir məlumat yayılmışdı ki, Azərbaycan Xankəndi, Ağdərə, Xocalı, və Əsgərandan ibarət olan yeni bir rayon yaratmağı planlayır. Həmin plana əsasən mərkəzi Şuşa şəhəri olan Qarabağ adlı rayon təsis edilməlidir. Elə son sərəncamdan anlaşılan da odur ki, Bakı artıq bu istiqamətdə ilk addımları atmağa başlayıb. Öncəliklə Qarabağ İqtisadi rayonun yaradır, ora xüsusi nümayəndə təyin edir. Ardından isə yeni rayonun yaradılmasını elan edərək, məsələni yekunlaşdırır. Sadəcə, planda bir dəyişiklik var ki, o da Şuşanın istisna edilməsidir. Yəni, Şuşa şəhəri yeni yaradılan rayona daxil olmayacaq.

Belə olan halda, yaradılması nəzərədə tutulan Qarabağ rayonunun mərkəzi hara olacaq? Xankəndi bu sırada ilk ehtimal olunandır. Çünki indiyə qədər Xankəndi həmişə Qarabağın mərkəz şəhəri olub. 200 ildir davam edən bu prosesin dəyişdirilməsi hər nə qədər real görünməsə də, mümkün versiyalar sırasındadır.

Gedişat və Bakının addımlarını ard-arda düzdükdə belə bir mənzərə yaranır ki, Azərbaycan hökuməti Qarabağ adlı rayonu təsis etdikdən sonra onun ağırlıq mərkəzini də dəyişmək fikrindədir. Şuşa şəhərini prosesdən kənarlaşdırmaq da elə buna hesablanıb. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Bakının yeni planında Qarabağ rayonunun mərkəzi Xocalı ola bilər. Çünki bu şəhər bizim üçün xüsusi mənəvi və siyasi əhəmiyyət təşkil edir. Həmçinin Xankəndidən fərqli olaraq, Xocalı qarşıqı şəhər olmayıb, orada ancaq azərbaycanlılar yaşayıb. Digər tərəfdən isə bununla Xankəndinin siyasi çəkisini azaltmaq, mərkəzi Xocalı etməklə erməniləri də ofsaytda qoymaq niyyətləri istisna deyil. Daha dəqiq ifadə etsək, Azərbaycan Xocalını mərkəz etməklə, Xankəndini birinci dərəcədədən, ikinci dərəcəyə keçirməyi planlaşdırmaq fikrindədir.
Geri qayıt