Şəhid ailələrinə vaxtaşırı verilən ödənişlərdə ayrı-seçkilik edilir - GİLEY

Şəhid ailələrinə vaxtaşırı verilən ödənişlərdə ayrı-seçkilik edilir - GİLEY

"Azərbaycanda qazi və şəhid ailələrinin diqqətdən kənarda saxlanıldığını iddia etmək, ən azı, insafsızlıq olardı. Diqqət və qayğı var, amma istənilən səviyyədə deyil. Fikrimiz aydın olsun deyə, savaş adamlarının , məsələn, Bakının içindən xeyli uzaqda mənzillərlə ( “alabaşuva-külbaşuva”) təminatını diqqətə çatdıraq. Yazının qonusu -mövzusu şəhid ailələrinə ayrılan ödənişlərlə bağlı olduğundan birbaşa mətləbə keçək". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Şəhid ailəsinə birdəfəlik ödəmələr 11 min manatlıq sığorta ödənişi və 3 min manatlıq dəfn pulu uyğun olaraq 7 gün müddətində Dövlət Sığorta Kommersiya Şirkəti və 3 gün müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən nağdsız şəkildə ödənilir və bu zaman hərbi və mülki şəhidlər arasında ayrı-seçkilik edilmir. Şəhid ailəsi üzvlərinin pensiya təminatı isə “Əmək pensiyaları haqqında” qanunun 14 -18-ci maddələri ilə tənzimlənir. 4 il öncəyə kimi 18.1 maddəsinə əsasən, ailə başçısını itirməyə görə pensiya məbləği pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin ailə üzvünə yaşa görə pensiyanın baza hissəsinin 100 faizi , digər üzvlərə isə 50 faizi həcmində hesablanırdı . İndi isə 18.1 maddəsi ləğv edilib və 18.2 və 18.3 maddələrinə əsasən , ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği onların sayına bölünməklə müəyyən edilir. Yəni beş nəfərlik şəhid ailəsinin pensiyasi beş yerə bölünməklə əmək qabiliyyəti olmayan ailə üzvləri arasında bölüşdürülür. Qanunun 14-cü maddəsinə görə, 18 yaşına çatmayan , 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlar, əyanı təhsil alan 23 yaşadək övladlar , ata , ana, ər, arvad pensiya yaşına çatıblarsa və ya l və ll dərəcə əlilliyi olan şəxslərdirsə və bir sıra digər hallarda ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar və ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər. Şəhidlərin çoxunun evli olmamaları bir yana, evlilərin həyat yoldaşlarının da 65 hədlik pensiya yaşına çatmamaları onları ailə başçısını itirməyə görə pensiya hüququndan məhrum edir. Yalnız “Əmək pensiyaları haqqında” qanunun 14.1.3 maddəsinə əsasən, şəhidin 8 yaşınadək uşağına baxan və işləməyən valideynlər istisnadır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsinin hər bir üzvünə ƏƏSMN tərəfindən aylıq 80 manat müavinət təyin edilir. Onu da vurğulayaq ki, müddətli xidmət hərbi qulluqçularının -yəni sıradan əsgərin ailə üzvünə şəhid pensiyası birbaşa ƏƏSMN -ə müraciət etməklə, digər hərbçi şəhid ailələrinə isə uyğun hərbi qurumdan ƏƏSMN -ə göndərilən hesablama vərəqi əsasında təyin edilir. Yenə də əsgərlərin çoxunun əmək pensiyası hüququ olmadığından , onların ailələrinə cüzi 80 manatlıq aylıq müavinətin ayrılmasının ayrı-seçkiliyə nədən olduğunu vurğulayaq. Bu ayrı-seçkilik qazi əsgərlərdə də özünü göstərir. Fikrimizcə, ya sosial müavinətin məbləği ortalıq 300 manat həddinə çatdırılmalı, ya da şəhid və qazi -əlil olan əsgərlərin də xidmət müddətindən asılı olmayaraq əmək pensiyası hüququ tanınmalıdır. Yoxsa, 18-20 yaşında gəncin nə suçu var ki, iş-güc yiyəsi olmağa, təhsil almağa “vaxtı olmayıb” , yaxud təhsilini, işini – gücünü Vətən yolunda qazi, şəhid olmağa dəyişib!?

Ağrıdıcı, üzücü hal odur ki, getdikcə qazi və şəhid ailələrinə ayrılan vəsait azalır. Təsəvvür edin, Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı ilə şəhid ailəsinin hər bir üzvünə ayrılan kommunal, nəqliyyat və digər xidmətlər üzrə 12 manatlıq aylıq müavinətin verilməsindən bir neçə gün öncə imtina edilib. Bu imtinanı şəhid ailələrinə ayrılan Prezident təqaüdünün 500 manata qaldırılması ilə izah edən sosial yönümlü, daha doğrusu, sosial yeyimli deputatlar və məmurlar , bilərəkdən unudurlar ki, həmin 500 manat ailənin hər bir üzvü arasında bölünür. Elə ailə var ki , aldığı təqaüdün yarıdan çoxunu kommunal xidmətlərin əvəzi kimi ödəyir. Neyləsin, özəlliklə qış mövsümündə uşaqları soyuqdan dondurmayacaq ki? ! Axı, sabah Vətən darda olanda şəhid uşaqları əsgər paltarı geyinəcək.

Şəhidin müavinətini kəsib , təqaüdünü dəyişməz saxlamaq, şəhid ailəsi üzvlərini müavinətlə sınağa çəkmək heç bir hökumətə başucalığı gətirməz.

Hazırda Milli Məclisdə büdcə müzakirələrinin getdiyi bildirilir. Tam vaxtıdır, son dəfə bu ilin 5 yanvarında dəyişiklik edilən Prezidentin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001 -ci il tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş 26 manatlıq aylıq müavinətin normal həddə çatdırılması və verilməsinin təmin edilməsi qüvvəyə minsə, şəhid ailələrinin də, qazilərin də ürəyincə olar. Biz hələ qanpulunu demirik. Heç nə demirik, görün uduzan “gorbagor” düşmənin “cəhənnəm ödənişləri” nə qədərdir".

İddia olunanılarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməy hazırıq...
Geri qayıt