Böyük Qələbəmizin unudulmaz tarixi

Böyük Qələbəmizin unudulmaz tarixi
Oktyabrın 3-də ölkə Prezidenti İlham Əliyevin Bərdə və Tərtər rayonlarına, onun ardınca ayın 4-də  Cəbrayıla səfərlər etdi. Bu tarixlər Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin, eyni zamanda, Cəbrayıl şəhərinin işğaldan azad edildiyi günlərdir. Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə  yaşatdı.
«Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi» söyləyən cənab İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, ordumuza əlavə güc verdi, əminlik yaratdı. Bu Qələbədən sonra şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etdilər.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl  ictimaiyyətinin nümayəndələri ilə görüşündə cəbrayıllılarla qəhrəman  Ordumuzun Qələbəsindən sonra ilk görüşü olduğunu,  bu görüşün məhz oktyabrın 4-də keçirilməsinin  xüsusi məna daşıdığını önə çəkərək  bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün  cəbrayıllıları  öz yurduna, vətəninə dəvət etdiyini bildirmişdir. Cənab İlham Əliyev   «Cəbrayıla xoş gəlmisiniz» müraciətinin ardınca bu əminliyi ifadə etmişdir ki,  bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri sabaha ümidləri artırır, soydaşlarımız  torpaq həsrətlərinə son qoyulacağını böyük səbirsizliklə gözləyirdilər. Torpaqlarımız biri-birinin ardınca işğaldan azad edildikcə  30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən fikirlər öncə bu oldu: Artıq biz qaçqın deyilik.  Torpaqlarımız işğaldan azad edilib, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaratdı.  
Bu istəyin reallığa çevrilməsi üçün ciddi addımlar atılır. Təkcə cənab İlham Əliyevin bu səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cəbrayıl şəhərinin baş planı təqdim  edildi. Dövlət başçısının məlum səfəri çərçivəsində Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyuldu. 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının,  Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Həmçinin  Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Atılan bu addımlar bir məqsədə xidmət edir - Cəbrayılı  qısa müddətdə bərpa etmək, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmalarına nail olmaq.
İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin  yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danıqlarından imtina kimi dəyərləndirirdilər. Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü.
Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edərək, bizim bütün tarixi, dini, mədəni abidələrimizi  dağıdıblar. Biz bu gün Böyük Qayıdışın astanasındayıq. 
Azərbaycan Ordusu yeni tarix yazmaqla, eyni zamanda,  ermənilər tərəfindən  tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmağa,  xalqımızın tarixi-mədəni irsini silmək cəhdlərinə son qoydu. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək. Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Noraşen kəndinin Günəşli adlandırılması da bu tərkibdəndir.

Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır” bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.
  
 
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Geri qayıt