Beyləqanda baş həkim NƏDƏN ÖZ İŞİ İLƏ MƏŞĞUL OLMUR... - ÖZBAŞINALIQ!

Beyləqanda baş həkim NƏDƏN ÖZ İŞİ İLƏ MƏŞĞUL OLMUR... - ÖZBAŞINALIQ!

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri, xəstəxanada “daxili mühafizə xidməti” adı altında formalaşdırdığı qoçu dəstəsinin pasientləri incitməsi, ailə üzvünü müayinəyə aparmış jurnalisti döyərək telefonunu sındırması barədə ölkənin bir sıra KİV – də gedən və faktları əks etdirən təkzibolunmaz dəlillərlə (foto-video görüntülərlə) müşayiət olunan “Nürəngiz Bəşirovanın qurduğu “Ohanyan xətti”… – Beyləqan xəstəxanası qoluzorlu, peysəriyoğun gədə-güdə əlində qalıb” sərlövhəli məqaləmiz ciddi rezonans doğurub. Həmin məqalədə ehtiva olunan məsələlərlə bağlı zərərçəkmiş baş redaktor Ramin Məhəmmədoğlu tərəfindən etdiyi müraciət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində nəzarətə götürülüb. Agentlikdən şikayətçiyə verilən cavabda insidentlə bağlı təəssüf bildirilib və məsələnin araşdırılacağı vəd olunub.

N.Bəşirova özü isə hissolunan dərəcədə narahat olub. Etibarlı mənbədən aldığımız məlumata görə, baş həkim xəstəxananın kollektivi arasından jurnalisti şantaj etmək üçün qurduğu plana qoşulacaq şəxslər axtarır. Özü də məhz həkimlər, tibb bacıları arasından. Çünki yaxşı bilir ki, bu şər-böhtana xidmət edən akta yalnız mühafizəçilərin qol qoyması kifayət etməyəcək və elə fikir formalaşacaq ki, onlar özlərini “duruya çıxarmağa” çalışırlar. O da bildirilir ki, tibbi personal üzvlərindən heç kim bu işə imza atacağına razılıq verməyib.

Qoluzorlu, mühafizəçilər məsələsinə bir də qayıtsaq, diqqət etməliyik ki, xəstəxanada onların sayı 35 civarındadır. Sayı az qala Beyləqan polisinin şəxsi heyətini üstələyən bu başıpozuq dəstənin üzvlərindən N.Bəşirovanın “bolşe zəhrimara!” deyib pasientlərin üstünə qısqırtdığı Coşqun adlı biri aqressivliyi ilə xüsusilə seçilir. Onun yeri N.Bəşirovaya daha yaxın, yəni, kabinetinin qapısının ağzındadır. Bununla belə, bayırdakı həmkarları passivlik edəndə tez-tez çıxıb onlara dəstək verir.

Ümumiyyətlə, Beyləqan RMX-nin “Daxili Mühafizə Xidmətinin” əməkdaşlarının davranışlarındakı qeyri-ordinarlığı müşahidə etmək üçün zərrəbinlə baxmağa ehtiyac yoxdur. Onlar sanki bu işə düzəlməklə, elə bil içlərindəki aqressiyanı camaata nümayiş etdirmək üçün fürsət kimi dəyərləndirirlər. Bəzilərinin hətta normal danışa bilmədiyi, söz deyərkən ağzının əyildiyi, tez özündən çıxması da diqqəti çəkir. Bu da onu göstərir ki, N.Bəşirova onları işə götürərkən, daxili mühafizəçilər haqqında hansısa əsasnaməni, etik davranış qaydalarına riayət edə biləcək qədər mədəniyyətə malik olub-olmadıqlarını deyil, başqa meyarları (məsələn, qollarının zorlu olmasını) əsas götürüb, namizədin peysərinin yoğunluğu xanım baş həkimi tam qane edib. Mühafizəçilərə hüquq və vəzifələri izah edilməyib. Başa salınmayıb ki, onlar fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmalıdırlar.

Etibarlı mənbədən eşitdiyimiz başqa bir ilginc informasiya isə N.Bəşirovanın kimlərə arxalanması barədədir. Bildirilir ki, 44 günlük Vətən müharibəsi onun üçün şəxsi karyera baxımından düşərli olmuşdur: Belə ki, həmin dövrdə əraziyə gələn xüsusi xidmət orqanları əməkdaşlarını məhz N.Bəşirova öz evində qonaq saxlayıb, qulluq göstərib. Həmin şəxslər də onun qonaqpərvərliyini tərifləyiblər. Bu tanışlığın TƏBİB-in keçmiş sədri Ramin Bayramlını da qane etdiyini görüb ruhu qanadlanan Bəşirova indi özünü “vacib persona” sayaraq “göyün yeddinci qatında” hiss edir. Xocavənd xəstəxanasında işləyəndə sürdüyü maşını indi – Beyləqan səhiyyəsinə transfer olunandan sonra qat-qat bahalısına dəyişib. Minib-düşəndə avtomobilin qapısını özü deyil, hətta şofer götürdüyü bacısı oğlu da deyil, həmin o peysəriyoğunlardan biri açıb-örtür.

N.Bəşrovaya yəqin ki baxmış olduğu “Qafqaz əsiri” filmindən Şurikin folklor nümunəsi kimi yığdığı tostlardan birini xatırlatmaq istəyirik: Balaca, lakin çox özündənrazı bir quş dəstə üzvlərinə deyir ki, mən düz Günəşə çatınca yuxarı uçacağam. Sonra dəstədən ayrılıb bacardıqca yuxarı qalxır. Qalxıb, qalxıb axırda Günəşin istisindən qanadlarını yandırır və… ən dərin uçurumun dibinə düşür”.
//realmedia.az//

Geri qayıt