"Oğrular qapıların qıfıllarını və kilidlərini qıraraq Tədris Kompleksinin bloklarına daxil olub..." - AÇIQLAMA

"Oğrular qapıların qıfıllarını və kilidlərini qıraraq Tədris Kompleksinin bloklarına daxil olub..." - AÇIQLAMA Bu il iyul ayının əvvəlində Moderator.az tanınmış tikinti şirkəti “Caspian Service” ilə Azərbaycan Milli Konservatoriyası arasında yaranmış problem barədə ətraflı məlumat verərək problemin məhkəmə müstəvisinə keçdiyini diqqətə çatdırmışdı. Yeni yaranmış situasiya haqqında məlumat verməzdən əvvəl problemin mahiyyətini qısa şəkildə xatırlatmağı məqsədəuyğun hesab edirik.

Azərbaycan Milli Konservatoriyasının Tədris Korpusunun layihələndirilməsi və inşası “Caspian Service” tərəfindən aparılıb. 2013-cü ilin sentyabrında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkət rəhbərliyinə bildirir ki, Tədris Korpusunun təhvili 2014-cü ilin fevral ayı üçün Respublika prezidentinin iştirakı ilə keçirilən obyektlərin açılışı proqramına daxil edilib. Rektor kompleksin tikintisi üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin kifayət etmədiyi səbəbindən çatışmayan vəsaitin bankdan kredit götürməklə təmin edilməsini xahiş edir və açılışdan sonra görülmüş işlərin dəyərinin tam ödəniləcəyinə söz verir. Şirkət ciddi dövlət tədbirinin zamanında baş tutması üçün ağır kredit şərtlərinə girərək obyekti zamanında təhvil verməyə müvəffəq olub. Təəssüf ki, anlayışla qarşılanan və situasiyaya uyğun xoş məram nümayiş etdirilməsi dövlət strukturlarının eyni addım atmasına səbəb olmayıb və 7 ildir ki, 2 866 103 manat pul hələ də ödənilməyib. Üstəlik, Konservatoriyanın “E” bloku şirkətin balansında və məsuliyyətində olmasına baxmayaraq, mühafizəçilərini Konservatoriyanın rəhbərliyi kənarlaşdırıb.
"Oğrular qapıların qıfıllarını və kilidlərini qıraraq Tədris Kompleksinin bloklarına daxil olub..." - AÇIQLAMA

Hələ birinci yazıda bu addımın səhv olduğunu belə ifadə etmişdik:

”Burada hətta təhlükəli məqamlar da var və onu bu işlərə məsul olan hər bir qurumun, hər bir kəsin diqqətinə çatdırmağı zəruri hesab edirik. Kompleksin icbari sığortasının müddəti bitmişdir və baş verə biləcək istənilən arzuolunmaz hadisənin dövlətə necə zərər vuracağını özünüz düşünün”.

Təəssüf ki, belə bir arzuolunmaz hadisə baş verdi. Alınan məlumata görə bu günlərdə Azərbaycan Milli Konservatoriyasında oğurluq baş verib. Oğrular qapıların qıfıllarını və kilidlərini qıraraq Tədris Kompleksinin bloklarına daxil olub və tərkibində mis olan kabel xətlərini sökərək aparıblar. Başqa materialların aparıldığı barədə də yoxlanılmamış məlumatlar daxil olur. Oğurluq hadisəsinin hüquq-mühafizə orqanlarına bildirilməsi barədə dəqiq məlumat yoxdur, amma Konservatoriyanın “E” bloku şirkətin balansında olduğu və rəsmən təhvil verilmədiyi üçün, bu oğurluq hadisəsi haqqında Yasamal rayon Prokurorluğuna rəsmi müraciət edilib. Bu hadisə bir daha göstərir ki, zamanında mühafizəçilərin Konservatoriya rəhbərliyi tərəfindən kənarlaşdırılması səhv addım olub. Tədris kompleksinin “E” blokunda da oğurluq olması və nəyin hansı miqdarda oğurlanması dəqiq bilinməsə də, şirkət perspektiv məhkəmə proseslərində hər hansı bir çatışmazlığın məsuliyyətini Konservatoriya rəhbərliyinin daşıdığını bir daha vurğulamağı özünə borc bilir. Nəzərə alaq ki, Konservatoriya ilə problem məhkəmə predmetidir və iş baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə verilib.

Oğurluq hadisəsindən sonra qapı və pəncərələrə vurulan dəmir məhəccərlər isə “daldan atılan daş topuğa dəyər” misalını xatırladır. Şirkət Təhsil Nazirliyi və Konservatoriya rəhbərliyini bir daha məhkəmə çəkişməsindən əvvəl qanunu borclarını ödəməyə dəvət edir.

P.S. Redaksiyamız məsələni gündəmdə saxlayacaq, hadisələrin gedişatından asılı olaraq oxucuları yeni məlumatlarla tanış edəcək.
Geri qayıt