"Məni əsassız olaraq işdən azad ediblər: Axı biz nəylə dolanaq?”" - GİLEY

"Məni əsassız olaraq işdən azad ediblər: Axı biz nəylə dolanaq?”" - GİLEY Siyəzən şəhər sakini Rüxsarə Məmmədova Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Dövlət Məşğulluq Xidmətinin sədri Mustafa Abbasbəyliyə müraciət edib.

Müraciətin mətnini Bizimxeber.az portalına da göndərən şikayətçi bildirir ki, 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bütün Prezident, deputat seçkilərində çox fəal iştirak etmişəm. 24 illik iş təcrübəsi var. 19 il Siyəzən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində kompüter proqramları üzrə mütəxəssis, 5 il də məşğulluq sahəsində çalışdığını söyləyən R.Məmmədova əsassız olaraq işdən azad edildiyini deyir.
Müraciəti qısa ixtisarla dərc edirik:

Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq filialında Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis işləmişəm. İşlədiyim müddətdə heç bir nöqsanım, töhmətim olmayıb, vəzifəmin öhdəsindən tam layiqincə gəlmişəm. Siyəzən rayonunda idarə və müəssisələrə məşğulluq alt-sisteminin vakansiya bankına yeni və ya boş (vakant) iş yerləri barədə məlumatlarının daxil edilməsinin ilk təlimini mən keçmişəm.

Bu barədə Nazirlik öz saytında təlimdən şəkillər paylaşıb. Ən çətin pandemiya dövründə belə işin çox hissəsinin öhdəsindən gəlmişəm. Lakin buna baxmayaraq, məni 12.08.2021-ci il tarixində heç bir səbəb göstərmədən işdən azad etdilər. Filialda bir neçə əməkdaşın, mən də olmaq şərtilə müqaviləsi 05.08.2021-ci il tarixdə bitib. Amma nədənsə sadəcə mənim müqaviləmə xitab verdilər.

Filialın müdiri Ramal Quluzadədən bunun səbəbini soruşduqda bildirdi ki, səni Agentlik yox, Nazirlik işdən azad edib. 28.07.2021-ci il tarixində filialın müdiri Ramal müəllim struktur dəyişikliyi ilə bağlı rayonlarda xidmət şöbəsi olacağını və mənə Siyəzən rayon Xidmət Şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçməyimlə bağlı ərizə yazmağı təklif etdi.

Bir gün sonra 29.07.2021-ci il tarixində isə Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialına mütəxəssis vəzifəsinə keçməyimlə bağlı ərizə yazdırdı. Amma heç birinə tarix qoyulmasını istəmədi. Mən hələ o zaman bildirdim ki, öz vəzifəmdən razıyam, heç bir başqa vəzifəyə keçmək istəmirəm, işimin öhdəsindən də layiqincə gəlirəm. Ramal Quluzadəyə dedim ki, filialda qalım işləyim, dedi yer yoxdur, amma boş iş yerləri çoxdur.

Məlumat üçün bildirirəm ki, həmin tarixlərdə Filiala bir nəfər işçi (müdirin tələbə yoldaşı) Mikayılov İlham Saday oğlu işə götürülüb. Bundan əvvəl də öz tanışı Nəbiyev Cuma Oruc oğlunu işə qəbul edib. Əgər boş iş yeri yoxdursa, nə səbəbə onları işə qəbul edib, məni işdən çıxarıblar. Müdirin sürücüsü Şahbazov Əli Eyvaz oğlu da öz qohumudur.

Məşğulluq Mərkəzi dövlət qulluğu olanda Bakıdan rayona işləməyə gələn yox idi. Publik hüquqi şəxs olandan sonra, yəni əmək haqları artan kimi bütün işçiləri Bakı şəhərindən götürürlər. İş həmin işdir, nəyə görə əvvəllər heç kim Bakıdan rayona işləməyə gəlmirdi, indi gəlirlər?

Məlumat üçün bildirirəm kı, 17.08.2021-ci il tarixində Filialda böyük mütəxəssis işləyən və əslən Xızı rayonundan olan Baxşıyev Şükür Tariyel oğlu işdən çıxarıldı. Hansı ki, bu şəxsin qardaşı qazi Baxşızadə Kamran Tariyel oğlu II Qarabağ müharibəsində iki gözünü itirib. Budur qazi ailəsinə hörmət?

Mənə qaranlıq qalan bir məsələ var: niyə işi bacaran, iş təcrübəsi olan ancaq yerli işçiləri işdən çıxarıb, iş təcrübəsi olmayan yaxın dostlarını işlə təmin edirlər? Həmin işçiləri də mütəxəssis yox, birbaşa böyük və baş mütəxəssis götürürlər. Siyəzən, Xızı rayonlarında ali təhsilli mütəxəssis yoxdur? Bu pandemiya dövründə niyə heç bir səbəb olmadan işçiləri işdən azad edirlər?

Mən ailəliyəm, həyat yoldaşım ali təhsilli mühəndis geoloqdu və işləmir. Məni də bu pandemiya dövründə heç bir səbəb olmadan işdən azad edirlər. Bəs biz nə ilə dolanaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məktubları göndərir Agentliyə, Agentlik də göndərir Filialın müdüri Ramal müəllimə. Ramal müəllim də icra etmək üçün hər-hansı bir işçiyə dərkanar qoyur. Bu problemi işçi həll etməlidir?

Agentliyə teleqram vururam ki, Mustafa müəllim məni qəbul etsin, teleqramı göndərirlər yenidən Filialın müdiri Ramal müəllimin üstünə. Məsləhət bilsəm Ramal müəllimin qəbuluna gedərəm də. Demək mənim məsələmə Filialda baxmırlar (Ramal müəllim deyir səni mən işdən çıxartmamışam Nazirlik çıxardıb) və məhz o üzdən Sizə müraciət edirəm.

Bizimxeber.az məsələni ictimailəşdirmədən Dövlət Məşğulluq Xidmətinin Strateji kommunikasiya departamentinin müdiri Mais Musayev redaksiyamızla əlaqə saxlayıb. Xidmətin sözçüsü məsələnin araşdırılacağını söyləsə də, heç bir cavab verilməyib.
Geri qayıt