Gömrük Komitəsi ləğv olunsun! - imitasiyalı həbslərə sözardı, faktlar...

Gömrük Komitəsi ləğv olunsun! - imitasiyalı həbslərə sözardı, faktlar... Aydın Əliyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu, Vüsal Novruzovun isə Bakı Baş Gömrük İdarəsinin rəisi işlədiyi dövrlərdə bu sistem vampir kimi sahibkarlara qarşı qaniçənlik edirdi.
Külli günahlar A.Əliyevlə V.Novruzovun üzərinə qoyularaq vəzifələrindən azad olunanda onlara etdikləri cinayətlərə görə “gözün üstə qaşın var” deyən olmadı və gömrükdə cəzasızlıq mühitinin olduğu təsdiqləndi.
Əgər bu iki gömrük rəisi barəsində heç bir təftiş aparılmadısa, korrupsiya və yeyintiləri ilə bağlı cinayət işi açılmadısa, o zaman gömrükdə rüşvətə qarşı hansı mübarizədən söhbət gedə bilərdi?
O dövrdə müstəqil iqtisadçıların, araşdırmaçı jurnalistlərin ortaya qoyduğu real faktlara bir yana qalsın, iqtidarın öz deputatı Vahid Əhmədov tərəfindən səslənən ittiham kifayət edirdi ki, A.Əliyevlə V.Novruzov qandallanıb həbsə göndərilsin.
Deputat qorxmadan bəyan etmişdi ki, son 20 ildə gömrükdə 20 milyard mənimsənilib. Əslində bu rəqəm deyildiyindən 5 dəfə artıq idi.
Amma V.Əhmədovun söylədiyi 20 milyard - milyon yox ha, 20 milyardın talan olunması ittihamı üzrə araşdırma aparıb keçmiş gömrük rəhbərliyini mühakimə etmək mümkün idi.
Lakin heç bir addım atılmadı və bununla hakimiyyət cəmiyyətə, sahibkarlara mesaj verdi ki, işinizlə məşğul olun, lazım olsa, A.Əliyevlə V.Novruzovu cəzalandırarıq, yəni bizə “atmayıblarsa” onları xalqı soymağa görə bağışlamaq olar.
Anaxeber.info bildirir ki, gömrük rəhbərliyinə A.Əliyevin müavini olmuş, onun korrupsiya və mainasiyalarına şərik çıxmış Səfər Mehdiyevin gətirilməsi ilə əvvəldən bu sahədə şəffaflıq olmayacağı bəlliydi.
Əgər gömrüyün keçmiş rəhbərliyi əməllərinə görə cəzalanmırsa, onlarla birgə inhisarçılıqla məşğul olmuş S.Mehdiyev DGK sədrliyinə gətirilirsə, gömrükdə hansı islahatlardan, şəffaf fəaliyyətdən, rüşvətlə mübarizədən danışmaq olardı?
Hərçənd ki, S.Mehdiyev vəzifəyə gəldiyi ilk günlərdə müştəbehcəsinə, şəstlə “Gömrükdə bir manat rüşvət olsa, istefa verərəm” söyləmişdi və bu açıqlamasının arxasında müəyyən addımlar atılacağına gözlənti yaratmışdı.
Əslində obıvatel üçün verilən açıqlama idi və ən cahil adam da S.Mehdiyevin sözünə inanmırdı. Və belə də oldu - gömrükdə yenə monopoliya, inhisarçılıq, korrupsiya, rüşvətxorluq hökm sürür.
Elə bu günlərdə bir dəstə gömrükçünün korrupsiya ittihamı ilə həbs edilməsi də göstərdi ki, S.Mehdiyev bu sektorda islahatlar aparmayıb.
Üstəlik, tutulanlar rütbəsi aşağı olan çinovniklər, yetim-yesir inspektorlar, qəpik-quruş rüşvət almış gömrükçü məmurlar idi.
Ən əsası iri balıqlar üzdüyü halda, gömrüyün keçmiş və indiki rəhbərliyi barəsində hər hansı yoxlama aparılmadığı təqdirdə, böyük səlahiyyəti olmayan inspektorları həbs etməklə bu sahədə hansı şəffaflığı təmin etmək olar? Kim inanar ki, bununla gömrükdə rüşvətə son qoyulacaq?
Odur ki, bu həbslərdən sonra S.Mehdiyev istefa vermədisə, sözünün üstündə durmadısa, o zaman tutulan inspektorların işini korrupsiya ilə mübarizənin imitasiyası adlandırmaq lazımdır.
Hakimiyyət görüntü naminə kiçik balıqları cəzalandırmaqla “gözə kül üfürür” və gömrük rəisi yenə vəzifəsinin başındadır. Hələ o da istisna deyil ki, bu həbslər iqtidar daxilində merkantil və klan mübarizəsinin bir təzahürü ola bilər.
Ancaq istənilən halda gömrükdə boynuyoğun, 50 yaşında saxta diplom almış generallar, inhisarçılar fəaliyyətini davam etdirirsə, inspektorların həbsi ilə “dövlət nehrəm komitəsi”ndə şəffaflığı təmin etmək mümkün olmayacaq.
Bu qurumun yarıtmaz fəaliyyətini, gömrükdə sahibkarların başına oyunların açılmasını türk TIR şoferlərinin sosial şəbəkədə yayılan video çıxışları da təsdiqləyir. Ölkənin ikinci büdcəsi sayılan gömrükdə bu çirkabdan xilas olmaq üçün inhisar və korrupsiya ləğv olunmalıdır.
Bunun üçün siyasi iradə, hakimiyyətin qətiyyətli mövqeyi olmayınca, nə inspektorların şouya bənzəyən həbsləri effekt verəcək, nə də S.Mehdiyev və ətrafı öz əməllərindən çəkinəcək.
Amma alternativ də var - Gömrük Komitəsinin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ilə struktur islahatları sayəsində müəyyən müsbət irəliləyiş əldə etmək mümkündür.
Necə ki vergilər və əmlak komitəsi bu nazirliyin tərkibinə keçdi, eləcə də gömrük sistemi də İN-də ola bilər. Beynəlxalq praktikada da bu sistem mövcuddur.
Çünki əksər Qərb dövlətlərində ayrıca gömrük komitəsi fəaliyyət göstərmir, sadəcə, Maliyyə, yaxud İqtisadiyyat Nazirliyinin nəzdində gömrük xidməti çalışır.
Bu qurumun xüsusi struktur kimi işləməsinə, dövlət içində ikinci dövlətə çevrilməsinə, bürokratiya, korrupsiya və monopoliyanın xərçəng kimi yayılması üçün şərait yaradılmasına heç bir zərurət yoxdur.
Anaxeber.info bildirir ki, gömrükdə təkcə avtomobil idxalı ilə bağlı soyğunçuluğa, özbaşınalığa son qoyulmursa, inspektorların rüşvətxorluğa görə həbsi nəyi dəyişə bilər?!
Gömrükdə 5000 manatlıq maşının idxalı üçün 6000-8000 manat “rüsum” alan korrupsionerlər cəzalanmır, bu açıq quldurluqla bağlı tədbir görülmür, di gəl, vətəndaşdan 3-5 manat almış gömrükçü tutulur.
Bu həbslərlə yox, sistemli iş və idarəetmədə yanaşmanı dəyişməklə biz Azərbaycanda Türkiyə, Gürcüstan gömrüyünün güzgüsünü görə bilərik. İqtisadçı Nazim Bəydəmirli də internet TV-lərin birində söyləyib ki, DGK “gözdən pərdə asmaqla” məşğuldur.
Onun sözlərinə görə, gömrük-keçid məntəqələrində gömrükçünün vəzifəsi yük maşınlarını sahibkarın anbarına maneəsiz çatdırmasını təmin etməlidir:
“Necə ki, Gürcüstanda belədir. Amma bizim gömrükçülər orta əsrlər dövründə olduğu kimi davranır. Sahibkar bəyannamə qiymətini təqdim edirsə, gömrük orqanları niyə qəbul etmirlər? Sahibkarı get-gələ salırlar ki, onunla istədikləri tariflə “razılaşsın”.
Bu, deyilən faktlardan biridir və gömrük sistemi başdan-ayağa müxtəlif neqativ hallarla, süründürməçiliklə əhatələnib. N.Bəydəmirli qeyd edib ki, kimin kiminlə qohum olması əsas götürülərək gömrükdə işə qəbul olunur:
“Burada traybalizm işləyir. Bu həbslər piar kampaniyasının bir növüdür. Gömrük orqanlarının tam şəffaf işləməsi üçün gömrük siyasətinin tam hədəfi müəyyən olunmalıdır”.
Anaxeber.info
Geri qayıt