Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT

Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin həbsi diqqəti dərhal sabiq mer Hacıbala Abutalıbovun personasına yönəldib. R.Quliyevə Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib, sonra isə təqüdə göndərilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə təmir-tikinti sahəsi olub.

BŞİH başçısı təyin edilən Eldar Əzizov isə dərhal Abutalıbovun dövründəki verilmiş qərarlar da daxil, bütün strukturlarında tam və hərtərəfli şəkildə yoxlamalar aparılması üçün komissiya yaratdı. Hələ o vaxt da bildirilirdi ki, Hesablama Palatası da daxil, hökumət strukturlarının cəlb edilmiş yoxlamaların nəticəsi olaraq meriyada Abutalıbovun dövründə vəzifə tutmuş məmurlar qanun qarşısında cavab verməli olacaqlar, sabiq merin məsuliyyəti də gündəmə gələcək.

Yoxlamalarla bərabər, BŞİH-də Abutalıbovun kadrlarının da işdən uzaqlaşdırılması başlandı. 2018-ci ilin sentyabrında dünən həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev də tutduğu vəzifədən azad edildi. R.Quliyev o zaman açıqlamasında demişdi ki, öz istəyi ilə tutduğu vəzifədən azad edilib: "Öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam". Amma o, departament rəhbəri vəzifəsində də çox qalmadı, 2019-cu ildə bu vəzifədən də uzaqlaşdırıldı.

E.Əzizov BŞİH-də araşdırmaya və “təmizləmə”yə əlbəttə ki, Prezidentin tapşırığı ilə başlamışdı. Çünki dövlət başçısı xüsusilə Bakıdakı qanunsuz tikintilərdən narazı idi. Prezident Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra- 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair nazirlərin iclasda bu barədə sərt danışmışdı. Sitata diqqət edək: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər”.

Paytaxtda bina tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan zaman tikintiyə icazə sənədi verildi. Hacıbala Abutalıbov R.Quliyevə rəsmi surətdə, qanunla səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədə qol çəksin. Bildirilir ki, 2017-ci ilədək bu səlahiyyət BŞİH başçısının müavini Rauf Pənahovda olub. Onun vəfatından sonra isə səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə edilib. Heç şübhəsiz ki, tikinti ilə bağlı sənədlərin imzalanması birbaşa Abutalıbov göstərişi və razılığı ilə həyata keçirilib. Bu işi R.Quliyev nə təkbaşına, nə də özbaşına həyata keçirə bilməzdi. Əlbəttə ki, bunu rəsmi orqanlar da araşdıracaq.

R.Quliyevin həbsi fonunda Abutalıbovun bir neçə gün əvvəl verdiyi geniş müsahibə də diqqətə gəlib. Saytlardan birinə geniş müsahibə verən Abutalıbov dövlətə və hakimiyyətə sadiqliyini dilə gətirmiş, sadə təqaüdçü həyat sürdüyünü, oğlanlarının isə böyük biznesinin olmadığı, sadəcə, “başlarını aşağı salıb çörək qazandığı” rəyi yaradıb. O, xələfi Eldar Əzizovun fəaliyyəti haqda danışmaqdan yayınmışdı: “Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim”. Yeri gəlmişkən, iddialara görə, Abutalıbov onun fəaliyyət dövrünü araşdırdığı üçün Eldar Əzizovdan ciddi narazı qalıb. Sadəlövh Abutalıbov başa düşməyib ki, onun fəaliyyətini araşdırmaq, təftiş etmək bir merin səlahiyyətlərinə sığmayan məsələdir.

Abutalıbov müsahibəsində hər gün Heydər Əliyevin məzarını ziyarət etdiyini dilə gətirmiş, iki müxtəlif məqamlarda isə kövrəlmişdi də: qardaşının vəfatı və hazırda Almaniyada olan xanımının sağalmaz xəstəliyi ilə bağlı məqamlarda...

Azpolitika.info müsahibədəki məqamlara diqqət çəkərək yazır ki, sabiq merin R.Quliyevin cinayət işində adının ən başda keçəcəyi şübhəsizdir: “Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, Aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək”.

Bəs fəaliyyəti dövründə Rasim Quliyevə tapşırıqlar verən Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da məsuliyyətə cəlb oluna bilərmi?

Modern.az-ın bu sorğusunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırıb.

Ç.Qənizadə hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını qeyd edib: “Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər. Hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanunaziddir. İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa, o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq”.
“Yeni Müsavat”
Geri qayıt