Eldar Mahmudov ətrafında həlqə daralır? - HƏBSİ GÖZLƏNİLİR

Eldar Mahmudov ətrafında həlqə daralır? - HƏBSİ GÖZLƏNİLİR Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik etmiş Nizami Şirinovun həbs edilməsi diqqət mərkəzindədir.

M.Şıxəlıyev və N. Şirinova CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan olunub. Onların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir. Generallar özlərini təqsirsiz sayırlar.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub. Aralarında 5 general da olan dəstənin işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan içəridə qalanların sayı cəmi 5 nəfərdir. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. 2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

Həmin dövrdə Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbs olunacağı ilə bağlı gözləntilər olsa da, onların istintaqa cəlb edilib-edilmədikləri ilə bağlı hər hansı informasiya verilmədi. Hər iki şəxs keçmiş nazir Eldar Mahmudova yaxın sayılır. Xatırladaq ki, E. Mahmudov bir neçə dəfə istintaqa ifadə verib, amma onun barəsində hansı qərarın qəbul olunması ictimaiyyətə məlum deyil, o, azadlıqdadır.

Bəzi təhlilçilər hesab edirlər ki, bu həbslər Eldar Mahmudov üçün də həbsxana yolunun görünməsinə səbəb ola bilər.

Xüsusi xidmət orqanlarının keçmiş zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a bildirdi ki, ölkədə cinayət əməlləri bilinən şəxslərin bəzən zamanında həbs edilməməsi, amma ifşaedici materialların ehtiyat variant olaraq saxlanılması və zəruri hal yaranarsa, istifadə olunması yenilik deyil:

“General Rövşən Əkbərovun həbsi kimi. Ona görə də, ləğv olunmuş MTN generallarının aqibətinin perspektivdə onların keçmiş şefini də gözləməsi tamamilə mümkündür. Keçmiş MTN İstintaq Baş İdarəsi rəisinin və Hərbi Əks-Kəşfiyyat İdarəsi rəisinin həbsi bu perspektivin vaxtını yaxınlaşdıra bilər. Bu adamlar istintaq üçün lazım gələrsə, açar fiqurlar ola bilər”.

İ. İsmayıl hesab edir ki, Eldar Mahmudovun həbsxanaya göndəriləcəyi ehtimalı çoxdan var, amma onun tezliklə reallaşacağını söyləmək çətindir:

“Çünki bu cür məsələlər adətən siyasi qərarlarla həll olunur və hüquqi əsas ehtiyat variant kimi həmişə əl altında saxlanır. Hüquqi əsaslar isə kifayət qədərdir”.

Xüsusi xidmət orqanlarının sabiq əməkdaşı, politoloq Ərəstun Oruclu isə hesab edir ki, keçmiş MTN generallarının həbsi üzun müddətdir cəmiyyətə müzakirə olunan işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir:

“Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim. Keçmiş MTN zabiti kimi bu orqanın işgəncə səviyyəsinə enməsi mənim üçün çox ağır idi”.

Ə.Oruclunun sözlərinə görə, keçmiş nazir Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin toxunulmazlığını təmin edib:

“Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Ümid edirəm və inanıram ki, dünən həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq. Azərbaycan Ordusuna qarşı da törədilmiş silsilə cinayətlər təkcə kriminal çetenin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrdə, hüquq-mühafizə orqanlarında deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti institutlarında yerləşdirilmiş minlərlə agent daxildir. Həbslər və ifşalar axarına düşən kimi, bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar”.
//pressklub.az//
Geri qayıt