Ərəblərin ov etdiyi qoruğun direktor müavinindən səs-küylü məqalə - sensasion faktlar, şok etiraflar.

Ərəblərin ov etdiyi qoruğun direktor müavinindən səs-küylü məqalə - sensasion faktlar, şok etiraflar. İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov ərəblərin adıçəkilən qoruq ərazisində ov etmələrindən bəhs edən məqalə yazıb. Məqalənin aktuallığını, maraqlılığını və informasiya yükünün olduğunu nəzərə alaraq, çap edirik:

Ərəb "turistləri", Acınohur... və həqiqətlər
“Neçə gündür nəinki yazmağa, adımdan münasibət və müraciət etməyə imkan tapmamışam, çünki bu iki-üç kəlmə ilə ifadə ediləsi şey deyil!

Bildiyiniz kimi, dünən axşam artıq ərəb "turistlər" ərazidən getdilər. Bu gün (27 mart) şiddətli yağan yağış, elə bil ki, onların pis əməllərini və iz-tozunu yuyub aparır! Gedişləri olsun, gəlişləri olmasın bir daha!

Gec də olsa, rəzalətin qarşısının alınmasına ən çox sevinənlərdən biri mənəm. Həddən artıq sevinirəm və belə barbar, bioloji müxtəlifliyin nadir incilərinin, ümumiyyətlə, təbiətə asi varlıqların ölkəmizə bir daha ayaq basmayacaqlarına əmin olmaq istəyirəm. Neçə illərdir metastaz kimi Azərbaycanın bir çox Aran rayonlarında müşahidə olunan bu hal niyə məhz Acınohurda ifşa edildi? Ona görə ki, əksər təbii biosenozlar artıq çoxdan aqrosenozlara çevrilib və həmin ərazilərin xarakterik biomüxtəlifliyi mövcud deyil. Xarakterik landşaflara məxsus təbii tipik biomüxtəlifliyin qorunub saxlandığı çox az ərazi qalıb. Bu ərazilərdən biri, bəlkə də, sonuncusudur Acınohur. Min zəhmət bahasına ceyran (Gazelle Subgutturosa) subpopulyasiyasının yenicə bərpa edildiyi, qismən və ya müəyyən səviyyədə mühafizə rejiminin tətbiqi ilə bərpa edilməkdə olan təbii bənzərsiz məkan... Oranı “Azərbaycanın Serengetiyası” adlandırırdıq.

Ərəb bir kənara, bilirsiniz kiminlə mübarizə aparırıq? Yol kənarında xəbərdarlıq nişanlarında və anşlaqlarda ceyran fotosuna, “İlisu” adına belə güllə atan öz şərəfsizlərimizlə! Bərdə, Tərtər, Gəncə bombalanan günlərdə buralara gələn və tərəfimizdən saxlanılan ovçu-brakonyerlərimi “kasıb-kusub ov etsə, o dəqiqə anasını ağlar qoyursunuz” deyib müdafiə edirsiniz? Yoxsa kəndimizdə şəhid dəfn etdiyimiz zaman dağlarda ova getdiyi üçün tutuduğumuz brakonyerlərimi? Yoxsa 10 dəqiqə əvvəl sahəyə buraxılan qırqovulu tüfənglə atəş açıb vuran çobanamı - bumu sizin kasıblarınız? “Budaq kəsən kasıba cərimə yazırsınız” deyən “qəhrəmanlar”, göstərin hələ bir neçəsini, deyim o kasıb dediyiniz nələr edib ki, ona cərimə yazılır.

Yazmamalıyıq? Sizin deyil, onların qırdığı ağaclar? Sizin deyil, onların qırmağa cəhd etdiyi heyvanlar? Kimin üçün qoruyuruq? Nə üçün qoruyuruq? Nəyə görə qorumalıyıq? Sən nə edirsən bu təbiət, bu dövlət zəngin olsun deyə? Mənim sizin suallarınızın hamısına cavabım var. Bəs özünüzə o sualı verirsiniz ki, bu bir həftədə niyə Acınohurda olmadınız? Niyə o ərəb düşərgəsinin yanına gəlib çadır qurub hər şeyi öz gözünüzlə görmədiniz? Həqiqətən, o nadir quşları burada atıblar, yoxsa başqa yerdə?! Niyə gəlib baxmadınız, araşdırmadınız o yedikləri nə quşlarıdır, bu ərazidəndir, yoxsa başqa yerdən? İctimai qınaq var, bəs ictimai dəstək hanı? Çöldə, yanımızda neçə nəfər idiz?

Mən və əməkdaşlarımız hadisələr başlayanadək və demək olar ki, hər gün ərazilərimizdə olmuşuq. Həmin ərəblərin əraziyə ilk gəldiyi gündən düz 3 gün qarşılarında biz durduq! Hüququmuz çatmasa belə, tələb və müqavimət göstərdik ki, yasaqlıq ərazisində düşərgə salmasınlar (bu, əsasnamədə göstərilib. “Çadır düşərgəsinin ərazidə salınması qadağan edilə bilər. “Bilər”, amma “qadağandır” YOX!)

İki gün konvoylarını çəkib qaytardılar, axşam saatlarında ərazini tərk edib getdilər. Üçüncü gün isə ədəblə gözlədilər ki, göstəriş veriləcək bizə, həmin bu sahədə düşərgə salınmasına əngəl olmayaq. Belə də oldu. Gələnlərin həmin sahəyə düşərgə salmasına əngəl ola bilmədik. Məhz düşərgəyə və onların orada istirahətinə (gətirdikləri çox sayda şahinlərə təlim keçmək, onları yemləmək və s.) mənim şəxsən tanımadığım təsərrüfat subyekti tərəfindən şərait yaradıldı. Bizə isə ETSN-dən onların hər hansı bir qanunsuz fəaliyyətlərə yol verilməmələri ilə bağlı göstəriş gəldi (yəni bu bizim yegerlərin bilavasitə vəzifə borcudur ki, fauna elementlərinin mühafizəsini təşkil etsinlər).

Mən elə o gün sözümü dedim. Bu məsələnin bu cür olacağını təsəvvür edirdim və oldu! Ərəb “turistlər” gəldilər. Nə az, nə çox, özünüz şahidisiniz neçə nəfər və neçə maşın. İlk günlərdə ancaq quş təlimləri etdiklərini müşahidə edirdik. Amansızlıqdır, vəhşilikdir, nədir, öz günahlarıdır. Şahinlərinə ovlatdırdıqları göyərçinlər əhalimizin damdan, çardaqdan tutub bu ərəblərə və ya onların qulluğunda duranlara satdıqlarıdır, çöl göyərçinləri deyil. Heç nəyə haqq qazandırmıram, sadəcə aydınlıq gətirmək üçün qeyd edirəm. Bəli, ölkəmizdə ov qadağası elan edilib. Qadağa bəzi növlərin ovlanmasınadır. Amma şahinlərin yemlənməsində, ova öyrədilməsində (təlimdə) göyərçinləri nə əvəz edər, onu bilmirəm. Dediyim kimi, ilk günlər müşahidə edəndə bu sadaladığım idi. Ərəblər çölə günortaya yaxın gəlirdilər, çadırlarında nahar edirdilər. Mən şəxsən heç vaxt yaxınlarına belə getməmişəm həmin çadırların. Müşahidələrim ancaq kənardan və ərazilərdən olub. Ərazidə bizim yegerlərdən başqa, ETSN-nin regional inspeksiyasının əməkdaşları da müşahidələr aparırdılar. İlk günlər 6-10 maşın gəlirdi əraziyə. Çadırdan uzaqlaşan maşınların qarşısını kəsən yegerlərimizə ərəblərin onlara şahinlərin göyərçinlərdən yayınıb uzağa uçmasını bəhanə gətirərək müxtəlif istiqamətlərdə sürətlə şütüyürdülər. Bizdən daim şikayət edirdilər ki, mane oluruq onlara.

Bizim əsas hədəfimiz və səyimiz Acınohurda ceyranların gündüzlər gəzişdiyi sahələrə maşınların hərəkətini məhdudlaşdırmaqdır. Bu istiqamətdə və s. gördüyümüz işləri sadalamaq fikrim yoxdur.

Ərəb “turistlərin” son günlərdə 20-dən artıq maşınla gəlmələri onların hərəkətinə nəzarəti, demək olar ki mümkünsüz etmişdi. Bizim buna nə fiziki, nə də texniki imkanlarımız çatırdı. Amma onu da qeyd edim ki, ərəblərin özlərinin paylaşdığı videoları “Acınohur ərazisi” (Qax Dövlət Yasaqlığı) kimi təqdim edilməsi həqiqətdən kənardır. Çadırları yasaqlıqda yerləşsə də, onların getmədikləri, çatmadıqları yer yoxdur. Acınohur çölü bütün yasaqlıq deyil, düzən ərazinin ancaq 14 min hektarı yasaqlıqdır və bura Acınohur gölünün yarısı (2500ha) daxildir. Acınohur düzən ərazisi təxminən 40 min hektardır. Bu ərazilər həm Qax, həm də Şəki inzibati rayonlarının əraziləridir. Qax Dövlət Yasaqlığının Acınohur ərazisi şərqdən Şəki rayonunun inzibati ərazisi olan Şəki ovçuluq təsərrüfatı, qərbdən isə keçmiş Samux ovçuluq təsərrüfatının əraziləri ilə həmsərhəddir. Ərəblərin idarə etdikləri maşınların yasaqlıqdan çox bu ərazilərdə hərəkət etdikləri müşahidə edilir. Yəni Şəki, Qax, Samux və hətta Yevlax rayonlarının inzibati ərazilərində hərəkət edirlər. Bu ərazilər xüsusi mühafizə rejimi tətbiq edilməmiş qış otlaq sahələridir. Acınohur ətrafı çöllərdə eynilə tipik fauna elementləri müşahidə edilir. Fevral ayının sonundan sonra Acınohurda böyük bəzgək sürüləri, ümumiyyətlə, müşahidə edilmir. Bu ov videolarının onlar tərəfindən haradan götürülüb paylaşıldığını bilmirəm, amma bizim olduğumuz müddətdə yasaqlıq ərazisində belə faktlar müşahidə edilməyib. Acınohur ətrafı ərazilərdə də landşaft bənzərdir və çadır düşərgəsinin yasaqlıqda olmasına görə elə qələmə verirlər ki, qanunsuz ov yasaqlıq ərazisində baş verib. Heç fərqi yoxdur harda qanun pozulub. Hər hansı bir ov faktı ilə bağlı müvafiq qanunvericiliklə təbiətə dəymiş ziyan müəyyən edilir və cərimə tətbiq olunur. Belə qələmə verilməsin ki, bunları məsuliyyətdən yayınmaq xətrinə edirəm. Hər kəsin müəyyən dərəcədə günahı var. Bir çox “Facebook” qəhrəmanından, bayram günlərində şəkərbura yeyib kökəlməyə davan edən və kürəyini divandan qaldırmadan təbiətimizə vurulan ziyana görə “təəssüf” edənlərdən fərqli olaraq, çöldə qanunsuz ova cəhd edənlərə qarşı mübarizə aparanların, zəhməti keçənlərin və bir çox qanunsuzluğun qarşısını almış insanların, yegerlərin haqqına girmələri doğru deyil! (yasaqlıqda 6 yeger ştatı var və bu gün faktiki 4 nəfər çalışır). Bizi, əsas da məni fəaliyyətsizlikdə, bacarıqsızlıqda, düşmən mövqedə, təbiəti talamaqda, ova şərait yaratmaqda və s. ittiham edənlər, klaviatura qəhrəmanları, görmədim sizin heç birinizi bu günlərdə yanımızda.

Hər kəs öncə özünə suallar versin, kimdir Azərçin Muradov? Hansı səlahiyyət sahibidir? Azərçin qədər kimin əziyyəti keçib Acınohur üçün? Azərçindən çoxmu sevirik Acınohuru? Bu suallar, təbii ki, dürüst və həqiqi təbiət təəssübkeşləri üçündür. Trol səhifələrindən təhqir yağdıranlar, bildiyim brakonyerlər və onların züytutanlarıdırlar. Bunlar ömrü boyu cüyür, maral, tur, qaban, hətta ayı ətinə nəfsi keçən məxluqlardır. Onlara əcəb fürsət düşüb! Elə bil mənim istəyimlə gəliblər bu ova hərisliyi və təbiət incilərinə qarşı barbarlığı ilə özlərindən fərqlənməyən ərəblər.

“Dədə-babalarımız da ov edib bu meşələrdə, amma bizə qoymursunuz” deyən utanmazlar bir fakt göstərə bilməzlər ki, mən nə vaxtsa ov etmişəm, ya ova şərait yaratmışam. Dəfələrlə şər və böhtanlarına dözmüşük... Nəyin xətrinə? Bəlkə, qoruqda işləməsəm, aclıqdan öləcəm? Qoruqdan aldığım maaşından artıq xərcləyirəm qoruq işinin yolunda. “Qoruq işi” dediyim mənim üçün Azərbaycanın şərəf məsələsidir! Ömrümü-günümü bu yolda xərcləmişəm. Çoxunuza absurd görünər, amma məni tanıyanlar və qoruğun əməkdaşları, yəqin ki, şahidlik edərlər. İnanmırsınız, arayıb-araşdırın.

Haradan və necə gəldikləri bir yana, düşüncə tərzi, dünyaya baxışları, təbiətə münasibətlərinə məəttəl qalırsan bu ərəblərin. Ceyranların bir aydan sonra balalama dövrüdür, heç bunu qandıra bilmədik ki, bu ərazilərdə maşınla hərəkət onları stressə salır, narahat edir. Ən azı buna görə olmaz bu ərazilərə maşın sürmək. Ov etmək və hətta ov silahı gəzdirmək qadağandır. Utanmadan deyirlər ki, biz atmırıq ki, biz ceyranı Türkmənistanda ovlayırıq. Şahin qovuruq, şahin axtarırıq. 3 maşın saxlayıb qaytarırsan, iş aparırsan, 10-15 maşının hara dağıldığını belə izləmək mümkün olmur. Ekofrontun həyəcan təbilindən sonra ümumiyyətlə atəş səsləri heç müşahidə edilmirdi.

Məni tanıyanlar bilir ki, əgər qarşıma ov edən bir ərəb çıxsaydı, qanun-qadağa bir yana, bir Azərbaycan vətəndaşı kimi ona çox sərt münasibət göstərərdim. Bəlkə də, yaxşı ki, rastıma çıxmayıb, Allah bilir indi səsim haradan gələcəkdi.

Belə vəziyyətlərdə dost kimdir, qardaş kimdir, bacı kimdir, düşmən kimdir, ağ nədir, qara nədir, tanıyırsan. Mənə inanan, etibarımı və hörmətimi saxlayan hər kəsə minnətdaram!

Hə, bir də, ay qəhrəmanlar, qabiliyyəti çatan, özünə güvənən, “sən beləsən” deyən qabiliyyət sahibləri, durun gedin ETSN-nə müraciət edin, İlisu DTQ-da direktor yeri 9 aydır boşdur. Gəlin, yaxşı işləmək nədir, göstərin!

P.S. Yasaqlıqların qoruqdan fərqini və nəyə xidmət etdiyini izah edim. Acınohur ərazisini tanımayan, adını, bəlkə də, ilk dəfə eşidənlər, Acınohur çölünün və ətraf ərazilərin neçə inzibati rayon ərazisində yerləşdiyini bilməyənlər, bu ərazilərin neçə min hektar olduğunu, nə qədər ərazisinin yasaqlıq olduğunu və Yasaqlığın nə olduğunu bilməyənlər, hansı yasaqlığın nizamnaməsi, əsasnaməsi nəyə məhdudiyyət qoyur, nəyə yox, bunları bilməyənlər, nə üçün yasaqlıq yaradıldığını belə bilməyənlər, yasaqlığın torpaq mülkiyyətinin təyinatını bilməyənlər, bitki örtüyünün təyinatını bilməyənlər, adı gedən yasaqlıqda neçə təsərrüfat subyektinin qanuni (NK qərarı ilə təyinatı üzrə, müvafiq fərdi şəkildə verilən sərəncamlarla) fəaliyyətindən xəbəri olmayanlar, təsərrüfat subyektlərinə kimin sərəncam vermə hüququ olduğunu bilməyənlər, qoruğun (və ya ETSN-nin digər strukturlarının) bu ərazilərdə hansı hüquqi səlahiyyətlərə malik olduğunu bilməyənlər, yasaqlıqlarda nəyin qorunduğunu (bir və ya çox sayda növün) hansı statusda olduğunu bilməyənlər, yasaqlığın neçə işçisi olduğunu, onların vəzifə səlahiyyətlərini və hüquqlarını bilməyənlər və sair və ilaxır... heç olmasa kiməsə irad bildirməkdən, tənqid və hətta təhqir etməkdən öncə bu biliklərə malik olun, lütfən!

Hörmətlə, Azərçin Muradov
27.03.2021-ci il”.

Musavat.com
Geri qayıt