Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal

Cahangir Hacıyevin adı siyasi məhbus siyahısında - qalmaqal Bəşir Süleymanlı: “Cahangir Hacıyevin adını siyahılara salanlardan...”
Həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin siyasi məhbus elan olunması ilə bağlı faktın üzə çıxması gündəmə bomba kimi düşüb. Belə ki, mayın 1-də keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Bəşir Süleymanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsində dindirilib. Hüquq müdafiəçisi saxlanılması ilə bağlı verdiyi məlumatda C.Hacıyevin siyasi məhbus kimi tanınması ilə əlaqədar dindirildiyini, lakin burada rolunun olmadığı üzə çıxandan sonra sərbəst buraxıldığını qeyd edib.
Məlumatı tam dəqiqləşdirmək üçün B.Süleymalının özü ilə əlaqə saxladıq. O,açıqlamasında bəzi sensasion faktlar açıqladı: “Əvvəla, onu deyim ki, siyasi məhbus siyahıları hazırlayan heç bir qrupun üzvü deyiləm. Sadəcə, onları dəstəkləyənlərdən biri kimi, 94 nəfərlik siyahını imzalamışam. Cahangir Hacıyevin adı ötən ilin dekabrında 160 nəfərlik siyahıda monitorinq altına salınan şəxslərin sırasına daxil edilmişdi. Biz zamanında buna qarşı çıxdıq. Cahangir Hacıyev korrupsiyaya bulaşmış şəxsdir. Əməllərinə görə 15 il həbs cəzası alıb. Amma digər qrup bildirir ki, biz onu monitorinqə salmışıq, siyasi məhbus olmasa da, işini araşdırırıq, siyasi çalarlar ola bilər. Lakin biz o işdə, ümumiyyətlə, siyasi çalarlar görmürdük. Müzakirələrin birində Cahangir Hacıyevin adının siyahılara nə üçün salınması ilə bağlı müzakirələr olub. Görüşlərin birində məlumatı ötürən şəxs guya mənim Cahangir Hacıyevin müdafiəsi ilə məşğul olduğumu, onunla bağlı imza topladığımı, beynəlxalq təşkilatlarda onunla bağlı rəy yaratdığımı deyib. Belə absurd məlumat çatdırıblar və bunun əsasında da dindirildim. Onları inandırdım ki, bu mümkünsüz bir şeydir. Əleyhinə çıxdığım bir məsələnin necə iştirakçısı ola bilərəm? Hətta onu da dedim ki, adımın bu məsələdə hallanmasını özümə qarşı təhqir hesab edirəm”.
B.Süleymanlı dedi ki, Cahangir Hacıyevin adını siyahılara salanların polisə çağırılıb-çağırılmayacağını bilmir: “Onların siyahıları ötən ilin dekabrından mətbuatda da yayılmışdı. Ola bilər ki, indiyə qədər onlardan polisə çağırılanlar olsun, amma gizli saxlanılsın”.
160 nəfərlik siyahını hazırlayan qrupa daxil olan şəxslərdən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı C.Hacıyevi siyasi məhbus elan etmədiklərini bildirdi: “Onu kim deyir ki, biz Cahangir Hacıyevi siyasi məhbus elan etmişik? O siyasi məhbus elan olunmayıb. Sadəcə, onun işi nəzarətə götürülüb. Azərbaycanda baş verən hadisələr nəticəsində kütləvi həbslər olub. Bunlardan biri kimi Cahangir Hacıyev hadisəsini misal çəkmək olar. 7 milyarddan çox yeyinti olan bir hadisə nəzarətə götürülüb. Bu tipli prosesləri daim diqqətdə saxlamalıyıq. Cahangir Hacıyevin siyasi məhbus elan olunma ehtimalları belə olmayıb. Biz, sadəcə olaraq, onun işini digər işlər kimi ciddi nəzarət altında saxlamağı qərarlaşdırmışıq. İşlə bağlı çoxlu həbslər olub, milyardlarla vəsaitdən söhbət gedir. Cahangir Hacıyevin də bəyanatları birbaşa siyasidir. O, nazirləri, hakimiyyətdaxili qrupları ittiham edir, özünü müdafiə edir, günahsız olduğunu bildirir. Təbii ki, bu iş nəzarətdə olmalıdır. Amma onun siyasi məhbus olması ilə bağlı fikirlər yanlışdır. Onun adı olan hissədə bir çox işlər var. Onun cinayət işində gözətçidən tutmuş mühafizəçilərə qədər elə şəxslər var ki, adlarına milyonlarla məbləğdə pullar var. Cahangir Hacıyev həbs ediləndən sonra israrla hakimiyyətdaxili qruplaşmaların üstünə getdi. O eyni zamanda Eldar Mahmudovun qudasıdır. Bu, onun cəmiyyətin diqqətində qalmasına səbəb olur. Belə hadisələri diqqətdə saxlamasaq, nəticə heç də yaxşı olmaz. Bəşir Süleymanlıya sual verənlər hara baxırlar ki? Hər şey ortadır. Görünür, mövzudan bixəbər olduqlarından onu dindirməyə aparıblar”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu kifayət qədər sərt təpki verdi: “Bir azdan yəqin Akif Çovdarovu da siyasi məhbus elan edərlər. Çalışırlar ki, siyasi məhbus siyahısı daha da genişlənsin, onların da beynəlxalq təşkilatlardan daha çox pul almaq imkanları olsun. Bunlar ancaq ona hesablanıb. Elə siyahılar imkan vermir ki, əsl siyasi məhbus olanları həbsxanadan çıxaraq. Belə siyahılar doğrudan da ciddi maneədir ki, dəqiq siyasi məhbusları, Azərbaycan üçün yananları, siyasi fəaliyyətlərinə görə həbs olunanları azad etdirək. Cahangir Hacıyevin adının siyasi məhbus siyahısına salınması cinayət deyil. Amma o siyahını tərtib edənlərə sual vermək lazımdır ki, hansı amillərə görə onun adını salıblar. Azərbaycan bankından milyonları dağıdan, mənimsəyən bir şəxs siyasi məhbus ola bilməz. Başa düşürəm ki, bunların hamısını o təkbaşına etməyib. Amma istənilən halda o, siyasi məhbus deyil, canidir, sadəcə, kimlərlə bu cinayəti işlədiyini açıq şəkildə deməlidir. O siyahını hazırlayanlar çox səhvlər edirlər”.
musavat.com

Geri qayıt