Prezidentdən düşmənə, havadarlarına son xəbərdarlıq, dünyaya mesajlar, xalqa ümidlər...

Prezidentdən düşmənə, havadarlarına son xəbərdarlıq, dünyaya mesajlar, xalqa ümidlər... Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər, suallara mükəmməl cavablar təkcə daxili auditoriyanı heyran etmədi, həm də ölkə xaricində yaxşı mənada səs-küy doğuran hadisəyə çevrildi.

Dövlətimizin başçısı Xocalı soyqırımının 29-cu ildönümündə 4 saatdan çox davam edən brifinqdə 35 jurnalistin 50 sualını cavablandırmaqla, britaniyalı xanım jurnalist demişkən, rekorda imza atdı. Ancaq təbii ki, söhbət mətbuat konfransının vaxtından və auditoriyanın genişliyindən getmir, təkcə regional məsələlərlə, Qarabağla bağlı deyil, ümumilikdə beynəlxalq əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində səslənən fikirlər Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərini bir daha qabarıq şəkildə ortaya çıxartdı. Dövlətimizin başçısı 44 günlük müharibə zamanı dünyanın aparıcı media orqanlarına ayrı-ayrılıqda müsahibələr verərkən çoxlarını heyrətləndirmişdi.

İlham Əliyevin yerli və xarici media üçün mətbuat konfransı - TAM MƏTN - Modern.Az Azərbaycan və dünya xəbərləri

Ancaq bu dəfə ölkə rəhbəri auditoriyadakı jurnalistlərin suallarını dörd dildə cavablandırmaqla növbəti mükəmməl performans nümayiş etdirdi. Eyni zamanda konfransdakı jurnalistlərlə dialoqlarında, qısa polemikalar zamanı Prezidenti bir daha kəşf etdi bir çoxları. Suallara tutarlı cavablar verməsi ilə yanaşı, dünya ictimaiyyətinə aparıcı paytaxtlara, həmçinin düşmənə və onu himayə edənlərə mesajlari da tam yerində idi. Təsadüfi deyil ki, hətta bəzi opponentlər də dövlət başçısının sərgilədiyi perfomansı yüksək qiymətləndirir.

Sabiq millət vəkili, AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, bu, Azərbaycan Prezidentinin uğurlu çıxışlarından biri idi: “Əsas etibarilə Qarabağ geopolitikası, xarici siyasəti, azad olunmuş torpaqların reabilitasiyası, Qarabağın statusu deyilən məsələyə növbəti münasibət, Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət, regionda və dünyada beynəlxalq münasibətlərin yeni konfiqurasiyası haqqında Azərbaycanın mövqeyi və sair məsələlər ətrafında maraqlı, mən hesab edirəm ki, həm də beynəlxalq maraq doğuran fikirlər səsləndirildi. Bu istiqamətdə bir sıra məsələlərə aydınlıq gətirildi və Azərbaycanın mövqeyinin altı cızıldı”.

Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa sancdılar” - Pənah Hüseyn - modern.az

Pənah Hüseyn: “Bu, Azərbaycan Prezidentinin uğurlu çıxışlarından biri idi”

P.Hüseynin sözlərinə görə, prinsip etibarilə qeyd etdiyi məsələlərdə Azərbaycan cəmiyyətində konsensusa yaxın bir ümumi mövqelər mövcuddur: “Mən həm də siyasi müxalifətin mövqelərini nəzərdə tuturam. Əlbəttə ki, bəzi qeyri-müəyyən qalan məsələlər də oldu. Deyək ki, hazırda düşmənin de-fakto nəzarətində olan və yaxud Rusiya sülhməramlılarının məsuliyyət zonası adlanan sahəyə azərbaycanlı köçkünlərin qayıtması məsələsinin açıq qaldığı məlum oldu. Yəni bu istiqamətə toxunulmadı. Halbuki münaqişəyə qədər Xankəndində 10 min civarında - hazırda isə 12-16 min rəqəmləri səsləndirilir - azərbaycanlı əhali yaşayıb. Xocalı şəhərinin 34 faizi azərbaycanlılardan ibarət idi. Şuşanın 34 kəndinin əhalisi azərbaycanlılardan ibarət idi, ümumiyyətlə, 90 faiz. Yəni təkcə Şuşa şəhərindən söhbət getmir, ümumiyyətlə, Şuşa rayonunun 90 faizini azərbaycanlılar təşkil edirdilər. Mənə elə gəlir ki, bu məsələlər istiqamətində Azərbaycanın mövqeyi daha aydın şəkildə ifadə olunmalıdır. Bu məsələlər həm də 10 noyabr tarixli atəşkəs sənədi, yaxud bəyannaməsi ilə tənzimlənir. Orada birbaşa və aydın şəkildə əks olunub ki, bütün qaçqın və köçkünlərin yerlərinə qaytarılması təmin olunmalıdır. Biz hələlik burada birtərəflilik görürük”.

AXP sədri qeyd etdi ki, cəmiyyətdə dövlət başçısının çıxışına reaksiyanın kifayət qədər fəal olduğunu müşahidə edib: “Orada belə bir fikir səsləndirildi ki, əgər qaçqınlar-köçkünlər öz yurdlarına qayıtmayacaqlarsa - mən belə başa düşdüm ki, hələlik söhbət 7 rayondan gedir - biz ora böyük vəsait vəsait qoymalıyıqmı, sualı qoyuldu. Məncə, ola bilsin ki, bu məsələyə də aydınlıq gətirilməlidir. Çünki biz hamımız, o cümlədən qaçqın və köçkünlər yazdan etibarən böyük qayıdış gözləyirik, bu istiqamətdə bir sıra dövlət proqramları da elan olunub. Əlbəttə ki, gedən proseslərdə Azərbaycanın prinsipial mövqeyi ki, əgər hansısa bir şəkildə, formada sülh prosesi düşmən, yaxud onun havadarları tərəfindən pozularsa, biz bütün vasitələrə, o cümlədən suverenliyimizin tam şəkildə bərpası üçün Silahlı Qüvvələrdən istifadə etməyə, antiterror əməliyyatına qədər hazırıq. Şübhəsiz ki, bu leytmotiv də əlamətdar idi”.

P.Hüseyn qeyd etdi ki, brifinqdə ölkənin daxili siyasəti üzərində geniş dayanılmadı, bəzi məsələlərə ümumi toxunuldu: “Biz Xalq Partiyası olaraq və yaxud mən bir siyasətçi olaraq hesab edirik ki, 4 saatlıq belə bir mötəbər mətbuat konfransı oldu. İndiki şəraitdə daxili siyasət də artıq xeyli dərəcədə daxili olmaqdan çıxıb. Bu istiqamətdə də konseptual, o cümlədən cari tədbirlər üzərində daha geniş dayanıla bilərdi. Hesab edirik ki, bu məsələlər bu tematika ilə bağlı olaraq bir qədər toxunulmamış qaldı”.

Elçin Mirzəbəyli: “4 saatlıq zaman kəsiyində Prezident İlham Əliyevin şəxsində biz siyasi liderə xas olan keyfiyyətlərin ən yaxşılarını görə bildik”

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin 4 saatlıq mətbuat konfransında əsasən bir-birindən köklü surətdə fərqlənən, həm regional, həm də qlobal məsələləri əhatə edən 50-dən çox sualı cavablandırması dünya mətbuat tarixində nadir hadisələrdən biridir: “Ötən əsrdə belə bir faktın baş verib-vermədiyini deyə bilmərəm - bunun üçün ciddi araşdırmalar aparmaq lazımdır - amma XXI əsrdə belə bir siyasi performansla qarşılaşmamışam. Bunu təkcə media nümayəndəsi kimi deyil, həm də, siyasi prosesləri diqqətlə izləyən və təhlil edən, 30 illik təcrübəsi olan siyasətçi kimi deyirəm. Belə bir fakt yoxdur. Bu 4 saatlıq zaman kəsiyində Prezident İlham Əliyevin şəxsində biz siyasi liderə xas olan keyfiyyətlərin ən yaxşılarını görə bildik. Düşünürəm ki, siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları, özünü Azərbaycana bağlı sayan hər kəs dövlətimizin başçısının bu qədər yüksək intellektinə, geniş dünyagörüşünə, obyektiv və ədalətli baxış bucağına, prinsipial və qətiyyətli mövqeyinə, siyasi mədəniyyətinə görə qürur duymalıdır. Son nəticədə söhbət Azərbaycandan və onun liderindən gedir”.

E.Mirzəbəyli qeyd etdi ki, Prezident İlham Əliyev 4 saatlıq mətbuat konfransında özü ilə yanaşı, xalqımızın mükəmməl siyasi, mədəni, intellektual obrazını da nümayiş etdirməyi bacardı: “Prezidentin ən müxtəlif suallara cavablarında diqqət çəkən ən önəmli məqamlardan biri, onun öz mövqeyinə, baxışlarına sonuna qədər inanması, hətta cavablarından çıxarıla biləcək yeni suallara belə yer qoymaması idi. Sanki dünyanın ən nüfuzlu media qurumlarını təmsil edən jurnalistlərin qarşısında böyük bir beyin mərkəzi dayanmışdı və o, olduqca çevik bir şəkildə verilən sualları təhlil edir, arqumentləşdirir və cavablandırırdı. Sözün bütün mənalarında mükəmməl bir performans idi və həsəd aparmamaq mümkün deyil”.

BAXCP funksioneri məsələyə müəyyən qədər fərqli rakursdan yanaşmaq istədiyini vurğuladı: “Prezident İlham Əliyev həm 44 günlük Vətən müharibəsi dövründəki müsahibələri, həm də son mətbuat konfransındakı cavabları ilə, siyasi liderliyin olduqca yüksək etalonunu yaratdı. Düşünürəm ki, bu, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan və yaxud gələcəkdə siyasi proseslərdə aktiv iştirak edəcək hər kəs üçün nümunə olmalıdır”.

Azərbaycan Prezidentinin cavablarında yer alan mesajlara gəldikdə isə E.Mirzəbəyli bildirdi ki, onlar ədalətli mövqeyə və obyektiv təhlilə söykəndiyi üçün əks-arqumentlərə qapalı idi: “Mətbuat konfransını diqqətlə izləyənlər həm də jurnalistlərin dövlətimizin başçısının cavablarından razı qaldıqlarını hiss edə bilərdilər. Təbii ki, söhbət qərəzli olmayanlardan gedir. Prezidentin mətbuat konfransında verdiyi mesajlar rasional xarakter daşıdığı üçün adekvat münasibət tələb edir. Yəni müttəfiq, tərəfdaş bu sözlərin içində yer alan bütün komponentlərə cavab verməlidir. Kimlərsə Azərbaycana çeşidli və bəzəkli adlar altında öz maraqlarını və iddialarını sırıya bilməz. Çünki biz hər şeyi görür və qiymətləndirməyi bacarırıq”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »

Elxan Şahinoğlu: “Bu mətbuat konfransına böyük ehtiyac var idi”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Azərbaycan Prezidentinin 4 saat ərzində 35 jurnalistin 50 sualına cavab verməsini səbəbsiz saymır: “Bu mətbuat konfransına böyük ehtiyac var idi. Çünki müharibə bitdikdən sonra xeyli suallar yaranmışdı. Birincisi, İlham Əliyev dedi ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərinin bölgədəki fəaliyyəti müvəqqəti xarakter daşımalıdır. 10 noyabr bəyanatına görə rusiyalı hərbçilər Dağlıq Qarabağda 5 il xidmət edəcəklər. İlham Əliyevin sözlərindən aydın oldu ki, rəsmi Bakı 5 ildən sonra vəziyyətə uyğun qərar verə bilər. Yəni Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk edə bilərlər. Azərbaycan cəmiyyəti də Rusiya hərbçilərinin Dağlıq Qarabağda uzun müddət qalmasını istəmir. Prezident etiraf etdi ki, rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bəzən suallar yaranır. İkincisi, İlham Əliyev Rusiyanın siyasətindən narazı qaldığını bildirdi və dedi ki, Rusiya Ermənistana pulsuz silahlar göndərib və Ermənistan ordusunu yenidən qurmaq istəyir. İlham Əliyev Moskvaya müraciətində dedi ki, Rusiya Ermənistana verdiyi ”İsgəndər" raketlərini geri almalıldır, çünki bu, bölgədə müharibə riskini artırır".

E.Şahinoğlu qeyd etdi ki, Prezidentin rəsmi Bakının Türkiyənin Ermənistanla sərhədi açmasına etiraz etməyəcəyini deməsi də mühüm məqam idi: “Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi Kəlbəcərin işğal olunmasına etiraz olaraq bağlamışdı. Kəlbəcər artıq azad olunub. Ona görə də Türkiyə Ermənistanla sərhədi aça bilər. Ancaq Ankara bu qərarı hələ verməyəcək. Çünki Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiası var. Bundan başqa, Ermənistan və erməni lobbisi Türkiyə əleyhinə siyasət apararaq müxtəlif ölkələrdə ”erməni soyqırımı"nın tanınmasına çalışırlar. Bu siyasət davam etdikcə Ankara Ermənistanla sərhədi açmağa tələsməyəcək".

“Atlas” rəhbəri digər mühüm bir məqama da diqqət yetirdi: “İlham Əliyev jurnalistlərin suallarına cavab verərkən dedi ki, azərbaycanlılar Xocalıya və separatçıların işğalda saxladığı digər ərazilərə də qayıdacaqlar. Hazırda həmin ərazilər işğal altındadır. Buna baxmayaraq, İlham Əliyev azərbaycanlıların yaxın illərdə həmin ərazilərin danışıqlar yoluyla azad olunacağına inanır. Sadəcə, bunun üçün zamana ehtiyac var. Beləliklə, İlham Əliyev geniş mətbuat konfransında bir sıra aktual suallara cavab verdi. Bu, Azərbaycan cəmiyyətində müsbət qarşılandı. Əsas odur ki, Azərbaycan zamandan düzgün istifadə edə bilsin. Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsi ilə Dağlıq Qarabağda yerdə qalan separatçıların tərk-silah olunması da əsas hədəflərimizdən olmalıdır”.

E.Şahinoğlu hesab edir ki, digər mühüm məqam da diqqətdən kənarda qalmamalıdır: “Prezident İlham Əliyev mətbuat konfransında jurnalistlərdən birinin ”Türkiyə ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq üçün rəsmi Bakı vasitəçilik təşəbbüsü ilə çıxış edibmi?" sualına maraqlı cavab verdi: “Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə gərginlik gətirə bilər. Bunu aradan qaldırmaq üçün ölkələri barışdırmağa çalışmaq lazımdır. Hər hansı iki ölkə arasında hansı ciddi, əsaslı ixtilaf varsa, bunu həll edək. Bundan artıq mən heç nə deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, bu, həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq”. İlham Əliyev Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını istəyir. Çünki İlham Əliyevin sözlərinə görə, hər ikisi Azərbaycana dost dövlətdir. Deməli, rəsmi Bakının vasitəçilik təşəbbüsü ilə çıxış etdiyi ehtimalı yüksəkdir. Bakının vasitəçiliyi ilə ya Türkiyə ilə İsrail təmsilçiləri arasında təmaslar başlayıb, ya da təmasların başlaması hazırlıq mərhələsindədir".

Beləliklə, dövlətimizin başçısı Xocalıya da qayıdacağımızı deməklə hətta Xocalı soyqırımı günündə ürəyimizdən daş kimi asılmış bir yükün də tezliklə aradan qaldırılacağının xoş müjdəsini verdi. Xocalı qayıdışı həm də Xankəndi, Xocavəndə dönüşün anonsu sayılmalıdır. Qarabağ məsələsində xalq-hakimiyyət-müxalifət fikir ayrılığı yoxdur. Sadəcə, nəyi, nə zaman etmək lazım olduğunu ali iradə sahibi daha yaxşı bilir, elə mətbuat konfransında da o qətiyyətin şahidi olduq.

“Yeni Müsavat”
Geri qayıt