Kəmalədin Heydərov niyə susur? – “Qərarlara təsir etmək imkanını itirib”

Kəmalədin Heydərov niyə susur? – “Qərarlara təsir etmək imkanını itirib” Prezident İlham Əliyevin AzTV-yə verdiyi müsahibədə tənqid etdiyi məmurların fəaliyyəti yenidən diqqət mərkəzinə çevrilib. Hazırda mətbuat və cəmiyyət həmin şəxslərin personasını təftiş edir, qaranlıq məqamları üzə çıxarmağa çalışır. Sözsüz ki, bu sırada həmin məmurların sahib olduqları mülklərlə bağlı xəbərlər çoxluq təşkil edir.

Yenisabah.az xəbər verir ki, son günlər iki yüksək rütbəli məmurun – Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sahib olduqları villaların görüntülərinin mətbuata yol tapması ölkə gündəminin bir nömrəli hadisəsinə çevrilib. Qiyməti bir neçə milyon dollarla ölçülən həmin mülklərin yayılan görüntüləri cəmiyyətdə şok effekti yaradıb. Hazırda insanları ən çox düşündürən sual bu villaların hansı vəsaitlə tikilməsidir. Çünki Azərbaycanda analoqu olmayan həmin mülklər külli miqdarda korrupsiya faktından xəbər verir.

Diqqətçəkən ən önəmli məqam isə həm “fövqəlnazir”in, həm də “Azərsu” rəhbərinin bu iddiaları sükutla qarşılamasıdır. Maraqlıdır ki, digər məmur həmkarlarından fərqli olaraq, onlar susmağa üstünlük veriblər. Halbuki analoji hadisələr əvvəllər baş verəndə məmurlar ciddi-cəhdlə bu faktları təkzib edir, sözügedən mülklərin onlara aid olmadığını bildirir, üstəlik, mətbuata “peşəkarlıq dərsi” keçirdilər. Bu dəfə isə “quyu”dan səs gəlmədi. Görünür, dibi çox dərindir...

Müşahidəçilər oliqarx-məmurların budəfəki sükutunun səbəsiz olmadığı qənaətindədirlər. Rəyini öyrəndiyimiz ekspertlərdən birinin fikrincə, ortada təkzibedilməz faktlar olduğu üçün inkarçılıq mövqeyi tutmağa lüzum yoxdur: “Bunun nəticəsinin daha ağır olacağını həmin şəxslər də başa düşürlər. Buna görə də sakitcə oturub barələrində hansı qərarın veriləcəyini gözləyirlər. Onlar qərarlara təsir etmək imkanlarını çoxdan itiriblər”.

Məlumatlı şəxsin sözlərinə görə, sözügedən villaların çəkilişi peşəkar səviyyədə aparılıb, drondan istifadə olunub. Bu isə həmin məmurların toxunulmaz olmadığını göstərir.

Mənbə məmurlar arasında kompromat savaşının bundan sonra daha da güclənəcəyini bildirib. Onun sözlərinə görə, gündəmdən düşməyin ən yaxşı yolu taxtaya yeni hədəf çıxarmaqdır...
Geri qayıt