"Çin Karqo" şirkəti Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

"Çin Karqo" şirkəti Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib "Çin Karqo" şirkətinin rəhbəri, ölkənin tanınmış, nüfuzlu iş adamı Şamil Heydərov Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xalqxeber.Az-ın xəbərinə görə, təbrikdə deyilir ki, oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür, hamımızın bayramıdır!

“Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var. Müstəqilliyi qazanmaq elə də asan olmadı. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Şamil Heydərov Xalqxeber.Az-a bildirdi ki, bu gün bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır. Möhtərəm prezidentimiz İlham Əliyevin böyük əməyi sayəsində hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyev siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdırlar. Bütün bunlar müstəqillik və qurtuluş məfkurəsinin uğurlarıdır. Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmalar var və s. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir.

Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq. Mən rəhbəri olduğum "Çin Karqo" şirkətinin bütün əməkdaşları adından xalqımızı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyət arzulayıram!

Arzu edirəm ki, tezliklə Qarabağımız bütövlükdə işğaldan azad olunsun və belə bayramları orada qeyd edək!” – deyə təbrikdə bildirilib.
Geri qayıt