Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir?

Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir? Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumda çalışan alimlərin sərbəst fikir azadlığını boğur.

Yenicag.az-a daxil olan məlumata görə, AMEA-nin Fələsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, professor Əbülhəsən Abbasovun araşdırmaçı-jurnalist Heydər Oğuza videomüsahibəsində Ramiz Mehdiyevi tənqid etməsi akademiki qəzəbləndirib.

Bildirilir ki, Əbülhəsən Abbasovun müsahibəsini izləyən Ramiz Mehdiyev Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadəyə zəng vuraraq, professorun müsahibəsini saytlardan yığışdırmağı və Əbülhəsən Abbasovu təkzib verməyə məcbur etməyi tapşırıb.

Ancaq İlham Məmmədzadənin təzyiqlərinə baxmayaraq, Əbülhəsən Abbasov öz müsahibəsində Ramiz Mehdiyev haqqında səsləndirdiyi tənqidi fikirlərdən imtina etməyib.

Göründüyü kimi, Ramiz Mehdiyev rəhbəri olduğu AMEA-da gerçək diktatura rejimi quraraq, özünü “toxunulmaz müqəddəs”lər sırasına daxil edib.

Akademiyada elə bir arzuedilməz mühit yaradılıb ki, Ramiz Mehdiyev haqqında hər hansı tənqidi fikir səsləndirən əməkdaş akademikin hədəfinə gəlir və ciddi təzyiqlərə məruz qalır.

O baxımdan, son günlərdə AMEA-nın bəzi əməkdaşlarının mətbautda Ramiz Mehdiyevin mədh olunduğu məqalələr dərc etdirmələri bu yarınma kampaniyasının öz başlanğıcını haradan və necə götürdüyü haqda tam təsəvvür yaradır.
Geri qayıt