Azərbaycana iki dostunun su zərbəsi: Rusiya və Türkiyə bizi susuz qoyur..

Azərbaycana iki dostunun su zərbəsi: Rusiya və Türkiyə bizi susuz qoyur.. Türkiyə Kürün suyunu tərsinə axıtmağa, Rusiya Samurdan bizə verilən payı kəsməyə hazırlaşır…
Azərbaycanda su problemi getdikcə dərinləşir. Hazırda bütün diqqətlər Kür çayında suyun kəskin azalması, bunun nəticəsində çayın sahilboyu ərazilərində suvarma probleminin yaşanması, xüsusilə də Xəzər dənizinin şor suyunun çayla geriyə axınının baş verməsinə yönəlib. Şor suyun artıq Neftçalanı da keçərək, Salyan rayonuna çatdığına dair məlumatlar yayılmaqdadır.

Kürdə su niyə azalıb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyevin jurnalistlərə verdiyi açıqlamaya görə, bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntıların miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin Kür çayına tökülən çaylarda sululuq azalıb. Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb.

Eyni zamanda Kür çayının Mingəçevir su anbarından aşağıda, Yevlax məntəqəsində suyun səviyyəsi 47, Zərdabda 127, Surrada 165, Şirvanda 190, Salyanda 154, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.

İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axında suyun səviyyəsinin tərəddüdü müşahidə edilib: “Ümumiyyətlə, çoxillik müşahidələrə görə Kür çayının aşağı axınında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib. Builki azalma isə ötən illərlə müqayisədə bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb”.
Nazirlik rəsmisi bildirir ki, suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir: “Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq. Kürün suyu azalır. Bu da su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması onun axarının sürətinin azalmasına gətirib çıxarır ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur”.

Maraqlıdır ki, Xəzərin suyunun Kürə axmasının başqa səbəbini də qeyd edənlər var. Belə ki, bir sıra mütəxəssislər Kürdə suyun azalması hallarının əvvəllər də baş verdiyini, lakin dəniz suyunun çayla üzüyuxarı axmasının müşahidə olunmadığını deyirlər. Qeyd olunur ki, 2010-cu ildə Kürdə daşqın olan zaman hökumət qurumları çayın deltasında dibdərinləşdirmə işlərini düzgün aparmayıblar: deltanın cənub hissəsi deyil, şimal hissəsində qazıntılar aparılıb. Bu il şimal küləkləri çox olduğuna görə qazılmış yerlər qumla dolub, nəticədə dəniz suyu yuxarı qalxıb, Kürün yatağı isə aşağıda qalıb. Bu isə suyun geri axmasına şərait yaradıb. Hələlik bu versiya ilə bağlı rəsmi açıqlama verilməyib.
Kürdə suyun azalmasının bir əsas səbəbi, əlbəttə, qlobal iqlim dəyişikliyi ilə bağlı yağıntıların az olmasıdır. Lakin burada Kürboyu, xüsusilə Türkiyə ərazisində anbar və su elektrik stansiyalarının tikintisi də böyük rol oynayır. Belə ki, Türkiyənin Ərdahan vilayətində Kür üzərində iki anbar və SES inşa olunub. Bu anbar və SES-lər istismara 2016-cı ildə verilib. Söhbət Koroğlu, Kayabəyi su anbarları və Kotanlı, Axıncı SES-lərdən gedir.

Türkiyə ərazisində Kür üzərində yaradılması planlanan Beşikkaya su anbarı isə hətta qlobal iqlim dəyişikliyi olmadan belə çayın aşağı axarında yerləşən Gürcüstan və Azərbaycan üçün böyük təhlükə yaradır. Belə ki, Beşikkaya anbarının tikintisi layihəsi 2000-ci illərin əvvəlindən irəli sürülüb. Anbarın Kürün yatağından 89,5 metr yüksəkliyə qaldırılması və 13 km-lik iki tunellə suyun Çoruh hövzəsinə axıdılması planlaşdırılır. Layihə irəli sürüləndən bəri Ərdahan sakinlərinin, ictimai xadimlərin kəskin etirazlarına səbəb olub. Dəfələrlə əhali tikinti hazırlıqlarının aparıldığə əraziyə gedərək etiraz aksiyaları keçirib.

Ərdahan Kür Vadisi Axarsu və Gölləri Mühafizə Dərnəyinin yaradıcı üzvlərindən olan Ərcan Şirin hələ 2017-ci ildə bu layihənin qəti əleyhinə çıxaraq, onun Kür vadisini tamamilə məhv edəcəyini açıqlayıb. Qeyd etdiyimiz kimi, Beşikkaya anbarından suyun iki tunellə Çoruh çayına axıdılması nəzərdə tutulur. Ə.Şirinin dediyinə görə, bu, faktiki olaraq beynəlxalq su razılaşmasının ziddinə olaraq Kürün axınının tərsinə dəyişdirilməsi olacaq.

Lakin Türkiyənin müvafiq dövlət qurumları ictimai etirazlara əhəmiyyət verməməkdədirlər. Hakimiyyətdə olan AK Parti liderlərinin seçkiqabağı çıxışlarında Beşikkaya layihəsindən hər dəfə bölgəyə fayda verəcək böyük plan kimi bəhs edilir. Ötən il anbarın fiziki tikintisinin başlanması nəzərdə tutulurdu.

Hesab edirik ki, Azərbaycan və Gürcüstan dövlət səviyyəsində Beşikkaya su anbarı layihəsinə etirazlarını bildirməli, onun icrasının Kürdə suyun səviyyəsinə təsir etməyəcək formada reallaşdırılmasına nail olmalıdılar.

Samur çayından su payımız azalsa…

Ölkəmiz yalnız Kürlə bağlı deyil, Samur çayı ilə bağlı da ciddi təhdidlərlə üzləşməkdədir. Azərbaycanın Şərq bölgəsinin, xüsusilə Bakı, Sumqayıt, Abşeron ərazisinin su ilə təminatında müstəsna əhəmiyyətə malik olan Samur çayı ilə bağlı da vəziyyət bizim üçün qətiyyən ürəkaçmayan məcraya doğru gedir.
Mənbəyini Rusiya ərazisindən – Şimali Qafqaz dağlarından götürən Samur çayının uzunluğu 250 kilometrdən çox olsa da, cəmi 38 km-i sırf Azərbaycan ərazisindən keçir. Qalan hissədə çay Rusiya-Azərbaycan sərhədini təşkil edir.

1950-ci illərdə çayın üzərində Azərbaycanın təklifi ilə Su qovşağı tikilib, daha sonra Samur-Abşeron suvarma sistemi yaradılıb. Samur çayı üzrə su bölgüsü keçmiş SSRİ Su Təsərrüfatı Nazirliyinin 1967-ci il qərarı əsasında həyata keçirilirdi. Qərara əsasən su çayda 75 faizlik sululuq şərtilə 33,7 faiz ekoloji axıntı, 16,7 faiz Rusiya, 49,6 faiz Azərbaycan tərəfinə olmaqla bölünürdü.

90-cı illərdə sərhədlərin delimitasiyası müzakirələrində Rusiya tərəfi sudan bərabər istifadə olunmasını təklif edib. 2010-cu ildə bağlanmış delimitasiya müqaviləsinə əsasən dövlətlərarası sərhəd çayın sağ sahilindən (Azərbaycan tərəfindən) hidroqovşağın ortasına çəkilib. Eyni zamanda 30,5 faizlik ekoloji axıntı ilə qalan suyun bərabər istifadəsi üzrə razılıq əldə olunub.

Lakin son vaxtlar qlobal iqlim dəyişikliyinin yaratdığı su azlığı şəraitində Dağıstan Respublikası Samur çayının suyundan Azərbaycanın daha az istifadə etməsi məsələsini qaldırıblar.

Mart ayında respublikanın rəhbəri Vladimir Vasilyev Rusiya prezidentinin xüsusi nümayəndəsi qarşısında Samur çayının suyu üzrə bölgünün dəyişdirilməsi, Azərbaycana daha az limit ayrılması məsələsini qaldırıb: “Dağıstanda yağıntılar ildən-ilə azalır, yeraltı su mənbələri tükənir. İndi əvvəlki güzəştli razılaşmalara yenidən baxılmasının, hamının xəbərdar edilməsinin və qonşu dövlətlə (Azərbaycanla – D.S.) su bölgüsü məsələsini həll etməyin zamanı gəlib”.

Daha sonra Rusiya KİV-lərində Məhərrəmkənd rayonu rəhbərliyinə istinadən ərazidə ciddi su çatışmazlığının yarandığı və Samurdan Azərbaycanın razılaşmanın ziddinə olaraq daha çox su götürdüyünə dair silsilə yazılar dərc olundu.

Bu prosesə dair sonuncu məlumat 3 gün əvvəl “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 18-ci görüşünün keçirilməsi barədədir. ASC-dən verilən məlumata görə, görüş koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar videokonfrans şəklində baş tutub: “Görüşdə iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdan aldığımız məlumata görə, bilavasitə Samur çayından götürülən su hesabına formalaşan Ceyranbatan su anbarı Bakı və Sumqayıt da daxil olmaqla, bütövlükdə Abşeron yarımadasının su təchizatında orta hesabla 55 faiz paya malikdir: “Yay aylarında suya tələbat artanda bu pay 66-67 faizə qədər yüksəlir”.
Samur çayına su Ceyranbatana Taxtakörpü su anbarından kanalla çatdırılır. Taxtakörpüyə isə Samurdan Vəlvələçay-Taxtakörpü kanalı ilə su verilir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometr, ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. 2007-ci ildə tikilməyə başlanıb, 2013-cü ildə istifadəyə verilib. Taxtakörpü su anbarında duruldulmuş, saniyədə 40 kubmetr suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi üçün ümumi uzunluğu 107,33 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalı istifadəyə verilib.

Qeyd edək ki, bu işlər “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2006-cı ildən Dövlət Neft Fondunun vəsaitləri hesabına başlanıb. 01.01.2019 tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair imzalanmış müqavilələr üzrə ümumilikdə 1 milyard 469,6 milyon manat vəsait ayrılıb.
Rusiya tərəfinin təklifi reallaşarsa, Azərbaycanın əsas sənaye mərkəzlərinin və əhalisinin 60 faizə yaxınının yerləşdiyi ərazidə çox kəskin su problemi yaşana bilər. “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsi çərçivəsində Şimal bölgəsindəki dağ çayları üzərində suyığıcı və axıdıcı qurğuların da tikintisi həyata keçirilir. Lakin bu, bölgədə yaşana biləcək fəlakətin təsirlərini cüzi azalda bilər…

Göründüyü kimi, qlobal iqlim dəyişikliyinin dövlətlər arasında su müharibələrinə səbəb olacağına dair illər əvvəl verilən proqnozlar özünü doğrultmaq üzrədir. Çox təəssüflər olsun ki, mövcud su ehtiyatlarının 70 faizi xaricdən formalaşan Azərbaycanın qlobal iqlim dəyişikliklərinin ən çox təsirinə məruz qalan ərazi kimi yaxınmüddətli dövrdə çox çiddi su problemi ilə üzləşməsi ehtimalı böyükdür.

Bu ilin aprelində ölkə Prezidentinin sərəncamına əsasən su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Komissiyanın Azərbaycanın su ilə təminatına yaranan daxili və xarici təhdidləri düzgün qiymətləndirməklə mümkün çıxış yollarını da düzgün qiymətləndirməsi həyati əhəmiyyət daşıyır…(musavat.com)
Geri qayıt