Əli Həsənovun himayəsində FETÖ-çu media... - İTTİHAM

Əli Həsənovun himayəsində FETÖ-çu media... - İTTİHAM Gülənçi mirzələrin fəaliyyəti göstərir ki, Pensilvaniyadan aldıqları sifarişlərlə FETÖ terror təşkilatının təbliğatına xidmət etməkdən vaz keçməyiblər

Təxminən 20 gün sonra 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin 4-cü ili tamam olacaq. Həmin tarixdən sonra Türkiyə başda olmaqla, nurçuların (fəthullahçıların) səlib yürüşünə keçdikləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da FETÖ terror təşkilatının “bel sütunları”na ciddi zərbələr dəydi. Türkiyədəki kimi, olmasa da, ən azından burada fəthullahçıların təhsil ocaqları, hazırlıq kursları, ticarət şəbəkələri fəaliyyətlərini dayandırdı. Bununla belə, fəthullahçıların əsas ruporu olan “Zaman-Azərbaycan” da könüllü şəkildə fəaliyyətini dayandırdığını bəyan etdi. Təbii ki, “Tumurcuq”, “Çempion” qəzetləri də onun dalınca bağlandılar. Amma bir qədər sonra, 2016-cı ilin oktyabrında “Zaman-Azərbaycan” elektron variantda, yeni adda fəaliyyətini bərpa etdi: YENİ AVAZ. Bu barədə daha sonra…

Nurçuların media qolu məhz Əli Həsənovun dəstəyi ilə şaxələnib

Nurçuların əsas ruporu olan “Bürc FM” və “Xəzər TV” keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən ələ keçirildi. Eləcə də nurçulara məxsus digər təhsil ocaqları bir-bir keçmiş yüksək vəzifəli məmurun nəzarətinə keçdi. Ona görə ki, onlar əvvəlcədən işbirliyində idilər. İndi Ə.Həsənov çıxıb guya 2009-2013-cü ilə qədər onlarla mübarizə apardığı barədə gülünc və o qədər də müəmmalı bəyanatlar verməsinə baxmayaraq, onların əməkdaşlığını sübuta yetirəcək minlərlə dəlil var. Ondan soruşan gərəkdir ki, əgər bunlar təhlükəli idisə, niyə 2009-cu ildən qabaq onunla mübarizə aparmırdın? Yox əgər 2009-da yəqin etdin ki, bunlar təhlükəlidir (onda heç Ərdoğanın da fəthullahçılara qarşı bi zərrə qədər də şübhəsi yox idi), niyə 2013-cü ilə qədər mübarizə aparırdın? Ondan sonra nə baş verdi? 2013-cü ildə razılığa gəldiniz? Axı FETÖ-çülərin Azərbaycanda fəaliyyəti 2016-cı ilə qədər olduqca geniş şəkildə mövcud olub. Sual olunur: bu üç il Ə.Həsənovla F.Gülən arasında “atəşkəs”, yoxsa barış dövrü olub?

Əgər həqiqəti demək mümkündürsə, fəthullahçılar Azərbaycana Ayaz Mütəllibovun dövründə gəlsələr də, özbaşınalıq dövründə möhkəmlənsələr də, onların parladığı dövr Əli Həsənovun himayəsinə keçdikdən sonra mümkün olub. İndi inkar etməyə cəhd etsələr də, nurçuların media qolu məhz Əli Həsənovun dəstəyi ilə şaxələnib və onun qanadı altına keçmələri hesabına, hətta 2016-cı ildən sonra da mövcudluğunu qoruyub saxlayıb. Yuxarıda bəhs etdiyimiz YENİ AVAZ (yeniavaz.com) saytı da bu “xidimət”in məhsuludur. Əks halda əski “zaman”çıların əksəriyyətinin çalışdığı, dörd dildə yayılan və multimedia variantı da mövcud olan, hazırda da reklamı bol olan bu saytın haradan maliyyələşdirildiyi sualına cavab axtarmaq lazımdır.

Azərbaycanda sosial şəbəkədə yaradılan səhifənin belə kimə məxsusluğu, kim tərəfindən idarə edildiyi haqda dərhal məlumat alan Əli Həsənov bu suala cavab verən deyil. Onun Vasiflə sonuncu telefon görüş-müsahibəsindən məlum olur ki, əvvəlki dövrlərə nisbətən artıq danışmağa həvəsi yoxdur. Heç hazırda vəziyyəti olduqca qəliz olan KİVDDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli də bu suala cavab verən deyil. Ona görə də nurçuların Azərbaycandakı qalıqlarının nə yapdıqlarını yalnız onların fəaliyyətinə nəzər salmaqla mümkündür. Ancaq bundan əvvəl belə bir sualın cavablandırılmasına ehtiyac var:

Bizim Azərbaycana “Yeni avaz” lazımdı?

“Zaman”çıların “köhnə avaz”ından bu xalq nə xeyir gördü ki, “Yeni avaz”ından nə qazanacaq? Digər tərəfdən, bunların fəaliyyəti stabil deyil. Gülənçilərə qarşı Türkiyədə hər gün əməliyyat aparıldığı halda, bunlar dövlətin polisinə qarşı hücuma keçirlər, daha sonra KİVDF-nin yeni rəhbərliyindən dəstək almaq üçün köşə yazıları yazırlar.

Məsələn, əski “Zaman-Azərbaycan”ın “ağır top”larından olan Əli Çərkəzoğlu “yeniavaz.com”da yazdığı xüsusi karantin rejimində polisə zibil atan şəxsin həbsini qınayan “Bir cinayət başqa bir cinayət üçün əsas sayıla bilməz” başlıqlı yazıda dövlətimizin mövcudluğunu şübhə altına alır: “DÖVLƏTİN GÜCÜ ONUN ƏDALƏTİNDƏDIR, ƏDALƏTİ OLMAYAN DÖVLƏTİN ÖMRÜ DƏ UZUN OLMUR”.

Daha sonra fəthullahçı yazar bir az da həddini aşır: “Ziyalı olmaq şair olmaq, yazıçı olmaq, professor, akademik adı daşımaq, şeyx, molla olmaq, xalq artisti olmaq, əlli kitabın müəllifi olmaq deyil, ədalətli olmaqdır, dürüst olmaqdır, haqlının tərəfini tutmaqdır, yaltaq, ikiüzlü, yalançı olmamaqdır”.

Bu adam özünü hamıdan ağıllı hesab edir və bütün ziyalları təhqir etməklə məşğul olur. Ən nəhayət, əski cəbhəçi Əli Çərkəzoğlu dövlət başçısına meydan oxuyur: “BU ÖLKƏDƏ QANUN, HÖKUMƏT, RƏHBƏR YOXDURMU? HARA BAXIRLAR?” (https://www.yeniavaz.com/az/authors/content/3559/bir-cinayet-basqa-bir-cinayet-ucun-esas-sayila-bilmez). Görün “Yeni avaz”ın digər köşə yazarı Anar Qaraxançallı nə yazır: “Bildiyim bir şey var; BU İDARƏETMƏ ANLAYIŞI DAVAM ETMƏYƏCƏK. YA DÜZƏLƏCƏK, YA DAĞILACAQ, AMMA DAVAM ETMƏYƏCƏK. Bunu görməmək üçün xüsusi “istedad” olmalıdı?”.

Əski “zaman”çılar əhalini vətəndaş itaətsizliyinə çağırırlar

Bu “yeniavaz.com”da yalnız son günlər yazılan yazılardan sitatlardır. Bunlar Azərbaycanda mövcud olan müxalifətdən daha sərt, hətta dövlətə qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. Zənnimizcə, az qala vətəndaş itaətsizliyinə çağıran bu adamlar barəsində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq tədbir görmək lazımdır. Amma… və
Lakin, bu qədər hoqqadan sonra əski “Zaman-Azərbaycan” digər “ağır topu” Ürfan Məmmədli keçmiş rəhbərliyi (oxu-əli Həsənovu) sərt tənqid etməklə KİVDF-dən “Çempion” qəzetini açmaq üçün dəstək almaq fikrinə düşür.
Bu hansı riyakarlıq, hansı simasızlıqdır? Bunlar indi keçmiş havadarlarını qaralamaqla özlərinə “əlverişli ortam” yaratmaq istəyirlər. Bunlara biri çıxıb deyə bilmir ki, yeməzlər, Abi!

Əli Çərkəzoğlunun Azərbaycan polisinə qarşı yazdığı yazısının sonunda “Müəllifin fikirləri öz mövqeyini əks etdirir” yazmaqla özlərini sığortalamaq cəhdi də köməyə gələn deyil. Amma maraq doğurur. Görünür ki, Türkiyədəkilərdən fərqli olaraq bizdəki gülənçilər hələ də tövbə etməyiblər.

Son zamanlar saytın xəbər siyasətində yeni bir trend də müşahidə olunur – Hakimiyyətdən uzaqlaşdırılmış məmurlarla bağlı tənqidi məqalələr. Görünür, FETÖ-nun Azərbaycandakı şəbəkəsi bu variantla ali hakimiyyət nümayəndələrində özlərinə qarşı yenidən etimad qazanmaq istəyir…

Fəthullah Gülən 20 il ərzində Azərbaycan dövlətinə qarşı xoş məram nümayiş etdirməyib

Bu məqamda xatırladaq ki, 1995-ci ilin martında Azərbaycanda baş verən uğursuz dövlət çevrilişinə cəhddən sonra iki ölkə arasındakı əməkdaşlığı, qardaşlığı əks etdirən məlum simvoldan imtina edən “Zaman-Azərbaycan”, daha doğrusu Fəthullah Gülən sonrakı 20 il ərzində Azərbaycan dövlətinə qarşı xoş məram nümayiş etdirməyib. İndiki mövqe də ortadadır. Onların bu dövlətə qarşı nifərti 2016-cı ildən sonra daha da artıb. Amma bunun günahı Azərbaycan dövləti deyil, özlərinin çirkin oyunlarıdır.

Görünən odur ki, Türkiyədədən fərqli olaraq buradakı “asi”lər həmin çirkin oyundan əl çəkməyiblər. Belə ki, saytın dünya xəbərlərində Türkiyəni və Ərdoğanı qaralamaq niyyətləri də ortadadır. Ona görə ki, islah olunan deyillər. Bəlkə də Pensivaniyadan sifariş belədir? Azərbaycanda azadlıqda qalmalarına şükür etmək əvəzinə yenə də Fəthullaha xidmət edirlər. Din barədə yazı yazanda da “fəthullah” sözünün oraya soxuşdururlar ki, “xoca əfəndi”nin xoşuna gəlsin.

Bir həqiqət də var ki, onlar heç vaxt göstərişsiz hərəkət edən deyillər. Bunları abiləri elə zibilə salıb ki, üstlərindəki ad, boyunlarındakı minnət ad koronavirusdan daha təhlükəlidir.

Axırda bir daha vurğulamaq da fayda var: onların terror təşkilatının təbliğatını apardıqları heç kimin yadından çıxmayıb və heç vaxt da çıxmayacaq. Gülənçi mirzələr bundan sonra Pensilvaniyadan başqa, hara getsələr də, terror təşkilatına xidmət etdiklərini sübut edən möhürləri üstlərindədir. Hətta çıxıb guya bu dövlətin bütövlüyünə, sabitliyinə, təhülkəsizliyinə xidmət edəcəklərinə and içsələr də, o şübhələrdən qurtulmayacaqlar. Çünki indi də həmin terror təşkilatına xidmət etdikləri bəzilərinin gözündən qaçsa da, ayıq Azərbaycan vətəndaşlarının və dövlətin təhlükəsizliyinə cavabdeh qurumların nəzərindən qaçmır.
AzToday.az
Geri qayıt