“Baş memar başçının icazəsi olmadan heç 45 manat da ala bilməz” - Tanınmış hüquqşünasdan Abşeronla bağlı AÇIQLAMA

“Baş memar başçının icazəsi olmadan heç 45 manat da ala bilməz” - Tanınmış hüquqşünasdan Abşeronla bağlı AÇIQLAMA "Dünən Abşeron rayonu ilə bağlı baş verən hadisələri diqqətlə izləməyə başladım və bu barədə iki yazım oldu. Çox təəssüf hissi ilə bildirirəm ki, təxminlərimdə yanılmamışam. Dünən səhərdən yayılan məlumatlarla bağlı az sonra Respublika Prokurorluğu tezliklə məlumat yayacağını bildirdi. Nəhayət ki, təxminən 36 saatdan sonra Respublika Prokurorluğunun acizliyini göstərən məlumatı ilə tanış oldum. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılmışdır. Məlumatın məzmunu ondan ibarətdir ki, Abşeron rayon İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev Abşeron rayon İcra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovla 4500 manat rüşvət almışdır. Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bu məlumat tək Azərbaycan, Abşeron vətəndaşlarına yox, həm də Respublika Prokurorluğuna hörmətsizlikdir”.

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov vurğulayıb ki, Abşeron çox balaca bir məkandır və burada baş verənləri hamı bilir: “Hamı bilir ki, birincisi, Baş memar başçının icazəsi olmadan nəinki 4500 manat, heç 45 manat da ala bilməz. İkincisi, Abşeronda alınan rüşvətlər minlərlə yox, milyonlarla ölçülür. Bu günə qədər həbs olunan bütün icra başçıları birlikdə tək Abşeronda olan qədər nə qanunsuzluq ediblər, nə də o qədər rüşvət alıblar. Bu addımla insanlarda hakimiyyətə olan inamsızlıq daha da güclənir. Sanki hakimiyyətin özü öz əli ilə çox baha başa gələn zəhmətini bir addımla heçə endirir. Uzun müddət polis vətəndaşlarla normal davranması bir inam yaratmışdı ki, Yasamal hadisələri baş verdi. İndi də 5 rayon icra başçılarının həbsindən sonra Abşeronla bağlı baş verənlər yenə insanların ümidini heçə endirdi. Bu cür nə isə etməkdənsə, etməmək daha düzgün olardı, çünki səmimi olaraq hakimiyyətə inanıb dəstək verən insanlar da pis vəziyyətə düşürlər. Bu cür davam edərsə, inanın ki, heç kim hakimiyyətin ən düzgün addımlarını da dəstəkləməyəcək”
Geri qayıt