Əbülfəz Elçibəyin prezident seçildiyi gündür – Demokratiya Günü

Əbülfəz Elçibəyin prezident seçildiyi gündür – Demokratiya Günü Bu gün Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 28 il ötür. 7 iyun Azərbaycan dövlətinin tarixində çox əhəmiyyətli bir gündür.

Tariximizdə ilk dəfə olaraq, alternativ, demokratik şəraitdə seçkilər keçirildi. Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy Xalq Cəbhəsinin namizədi kimi 7 iddiaçının olduğu seçkilərə qatılıb və 59.5%-dən çox səslə ölkənin prezidenti seçilib. Onun hakimiyyətdə olduğu bir il hər bir siyasi lider üçün kifayət qədər kiçik zaman kəsimidir. Amma bütün bunlara baxmayaraq, Əbülfəz Elçibəyin rəhbəri olduğu milli hakimiyyət kifayət qədər ciddi işlər gördü, tarix qarşısında xidmətlərini göstərdi.Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycanda keçirilən prezident seçkilərində iştirak edən 7 namizəd arasından 59.4 faiz səslə prezident seçilib.

Əbülfəz Elçibəyin 1 illik hakimiyyəti dönəmində bir çox uğurlara imza atılıb. Belə ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplanıb. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatıb. Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmayıb. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb. İşğalçı rus ordusu Azərbaycandan çıxarılıb. Elçibəyin bir illik hakimiyyəti dövründə (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib. Uzun müddət ehtiyac duyulan təhsildə islahatlar həyata keçirildi, universitetlərə qəbul üçün test üsulu tətbiq olundu. İlk dəfə olaraq minlərlə azərbaycanlı gənc heç bir neqativ hallar olmadan təhsil almaq imkanı qazandı. Hakimiyyəti dövründə yüzdən artıq dərslik milli-mənəvi dəyərlərimizə uyğun şəkildə yenidən yazıldı, şagirdlərin istifadəsinə verildi. Bir illik hakimiyyət dövründə keçmiş sovet dövründən qalmış iqtisadi sistemdə dəyişikliklər başladı, müasir dövrün tələblərinə uyğun olaraq bazar iqtisadiyyatına keçid üçün lazım olan dövlət qurumları yaradılmağa başladı, bank sistemində islahatların aparılması barədə qərarlar qəbul edildi.

4 iyun qiyamı ilə hər şey durduruldu. Bu qiyamı bir növ 1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən hadisələr kimi qiymətləndirmək olar. O hadisələr ölkəmizdə demokratik quruculuğu necə dayandırdısa, 4 iyun qiyamı da eyni mərkəzdən idarə olunaraq, demokratik quruculuğa, inkişafa ciddi zərbə vurdu. Amma bütövlükdə Əbülfəz Elçibəyin milli hakimiyyəti yaddaşlarda qalıb. Ən layiqli qiyməti tarix, tədqiqatçılar verəcək.
Geri qayıt