Rüşvətxorlara qarşı mübarizə daha sərtləşəcək - Məmurlar arxayınlaşmasın...

Rüşvətxorlara qarşı mübarizə daha sərtləşəcək - Məmurlar arxayınlaşmasın... Hakimiyyətin rüşvətxorluqla və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Həyata keçirilən həbslər bir yandan, digər yandan rüşvətxor məmurlara qarşı mübarizəni daha da sərtləşdirəcək fərmanın imzalanması rüşvətxor məmurların yuxusunu qaçırıb. Prezidentin Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini və səlahiyyətlərini genişləndirməsi, ştat sayını artırması da DTX-nın rüşvətxorluğa qarşı mübarizədə öndə olacağını söyləməyə əsas verir.

Bu barədə “Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirdi ki, 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyev inauqurasiyasındakı çıxışında ölkədə bütün istiqamətlərdə islahatların dərinləşəcəyinin anonsunu verib və korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu bəyan edib. Məhz bundan sonrakı dövrdə müxtəlif istiqamətlərdə islahatlar genişləndirildi. Yeni kadrların təyin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesi başlandı, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atıldı. Prezident Administrasiyasında çox ciddi dəyişikliklər baş verdi, növbədənkənar parlament seçkiləri həyata keçirildi. İslahat prosesinin ən vacib mərhələlərindən biri isə konkret korrupsionerlərə qarşı mübarizənin genişlənməsi oldu: “İndiyə qədər aparılan bütövlükdə sosial, iqtisadi, siyasi islahatlar paralel gedirdi. Bütün bu islahatlara qarşı müqavimət var idi. İslahatlara ciddi mane olan səbəblərdən biri də korrupsiya, korrupsioner məmurlar idi.

Korrupsioner məmurlar daha çox islahat prosesinə müqavimət göstərib və müqavimət göstərməkdə davam edəcəklər. Ölkə Prezidenti tərəfindən həm nazirlər, həm icra başçıları təyin edilərkən onların qarşısında konkret vəzifələr qoyuldu. Bir çox məmurlar yenə də köhnə qaydada davam edirdilər, islahatlara münasibətdə daha çox feodal təfəkkürü ilə yanaşırdılar. Maneələr artıq bütövlükdə ortada olan siyasi iradənin özünə qarşı çevrilmişdi. Bütün bunlar diqqətdən kənarda qala bilməzdi. Artıq daha geniş və sərt addımlara getmək qaçılmaz idi. Ona görə də prosesə Dövlət Təhlükəsizlik Xidməti cəlb olundu. Korrupsiya bütövlükdə dövləti təhdid edirdi. Bu baxımdan da Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə cəlb olunması zəruri idi. Korrupsiyanın miqyası elə siyasi vəzifələri də əhatə edirdi ki, DTX önə çıxarıldı. Artıq xeyli vaxtdır DTX çox ciddi mübarizə aparır. Ona görə də DTX-nın səlahiyyətlərinin və ştatlarının artırılması da lazım idi.

Hakimiyyətin rüşvətxorluq və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Rüşvətxor məmurların yuxusunu qaçıran fərman da imzalanıb. Prezident DTX-nın fəaliyyətini gücləndirir, ştatı artırır. DTX-ya böyük ictimai inam, dəstək, etimad var".

Ekspertin sözlərinə görə, rüşvətxorların, korrupsionerlərin ifşası prosesi bundan sonra davam edəcək: “O institutlar ki, daha çox rüşvətxorluq, korrupsiya yuvasına çevriliblər, onlar dövlət üçün, idarəetmə üçün təhdiddir. Ona görə də həmin institutlarla bağlı məsələlər təhlil olunur və həm cəza tədbirləri görülür, həm də həmin institutların, xüsusilə rayon icra hakimiyyətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığına şübhə etmirəm. Talanlara yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi prosesi davam edəcək.

Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də proseslər gedir. Monopoliyanın məhdudlaşdırılması istiqamətində də addımlar atılması gözlənilir. Başqa bir məsələ onunla bağlıdır ki, əmlak və kapitalın amnistiyası ilə bağlı prezident tapşırıq verib. Bununla bağlı da təkliflər paketi parlamentə daxil olmaqdadır. Tezliklə Rəqabət Məcəlləsinin qəbul edilməsinin də şahidi olacağıq. Başqa bir məsələ onunla bağlıdır ki, vəzifəli şəxslər tərəfindən gəlir və xərclərinin deklarasiyasının təqdim edilməsi prosesinə başlanılmalıdır. Həm də məmurların gəlirlərinin və xərclərinin trayektoriyasını həm ictimaiyyət, həm də dövlət orqanları izləmək imkanına malik olacaq. O məmurlar ki, yüksək dövlət və hökumət vəzifələrini tuturlar, onlara ölkədən kənarda əmlak almaq və vəsait yerləşdirmək qadağan olunmalıdır. Çünki belə bir qadağa olmadıqca, çox böyük koorupsiya sövdələşmələrinə, əməliyyatlarına gətirib çıxara bilir. Bu, həm də yüksək vəzifədə olan şəxslərin daim xaricdən təhdid altında olmasına gətirib çıxara bilir. Son günlərdə onun şahidi oluruq ki, keçmiş məmurların külli miqdarda vəsaiti, əmlakları üzə çıxıb. Korrupsiya ilə mübarizə bu məsələni də əhatə etməlidir. Məmur kapitalizmi tam olaraq aradan qalxmalıdır".
Geri qayıt