Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet - Həbslər ordudan yan keçməyəcək

Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet - Həbslər ordudan yan keçməyəcək Konstitusiyamızda şəxslər arasında -istər kəndçi oğlu olsun, istərsə də nazir oğlu olsun. Heç bir fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Ancaq Azərbaycan reallığında bu, var. Hərbi xidmət zamanı ayrı-seçkilik edilir.
Hər kəsə məlumdur ki, hərbi hissələrdə “tapşırma” üsulları çox keçərlidir. Varlı insanların övladlarına, qohumlarına, vəzifəli şəxslərin yaxınlarına, dostlarının övladlarına fərqli yanaşırlar. Bəziləri hərbi xidmətdə özlərini istirahətdə olduqları kimi hiss edirlər. Onlara bu şərait qanunsuz olaraq yaradılır. Məmur övladlarının hərbi xidmətə getməməsi cəmiyyət içində də danışılır və heç də yaxşı qarşılanmır. Bəzi vətəndaşlar “Müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?” kimi sözlər deyirlər. Əgər məmur övladları hərbi xidmətə aparılarsa, bunun cəmiyyətdə “Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız orduda ölür” sual-ittihamının qarşısını ala biləcəkmi?
Gundelik-baku.com bildirir ki, xüsusən polkovnik –leytenant Rəşad Quliyevin vaxtında başçılıq etdiyi Mərkəzi Ordu İdman Klubu sanki, açıq bazara dönmüşdü.
Hərbi hissənin qarşısındakı bahalı və ən son modellər burda “xidmət çəkən” məmur balalarına məxsus idi.
Bura düşməyin ucuz olmadığı hər kəsə məlumdur. Oliqarx övladları üçün 40-50 min manat demək olar ki , heç nədir.
İndi bu rəqəmi 10-ə, 300-ə vurun, ilə, aya vurun-görün nə rəqəmlər alınacaq. Rəşad Quliyevin və generalitetin yağ-bal içində üzməsi aydınlaşacaq. Özü də müharibə aparan ölkədə.

Bir neçə il əvvəl tanınmış jurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı facebook-da status yazmışdı.
“Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi.
Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya (MOİK-red)getməyim?"
Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.”
Bax belə, indiyənədək də dəyişən heç nə yoxdu. Zakir Həsənov təyin ediləndən ancaq gurultulu bəyənatlar verib.
Ayrı-seçkilik edilən, məmur oğlu sıravi vətəndaşdan üstün tutulan ordudan yüksək nəticələr gözləmək olarmı? Bu sualın cavabını isə DTX–nın orduda aparacağı əməlliyyatlar verəcək. Bax onda Rəşad Quliyevin və onun havadarlarının əməllərinə tam hüquqi qiymət veriləcək.
Bura hələ Bakı şəhərindən başqa yerlərə köçürülmüş hərbi hissələrin ərazilərinin qaranlıq taleyi ilə bağlı məsələlər də daxildir. Onların təyinatı necə dəyişdi və yaxud kimlərə satıldı. Elə ərazilər var idi ki, mərkəzdə idi və sotu 200 minə dəyərləndirilirdi.
Gələcəkdə bu ərazilərin kimin imzası ilə satılması və kimlərin arasında bölüşdürülməsi ,tikintidə ,ərzaq və geyim təminatı ilə bağlı kimlərin tərəfindən tenderlərin himayə olunaraq qalib gəlməsinə aydınlıq gətirəcəyik. Mədəniyyət Nazirliyi ilə Müdafiə Nazirliyi arasında olan məktublar sövdələşmisi də tərəfimizdən işıqlandırılacaq. Bizi izləməyi unutmayın.
sabahnews.az/
Geri qayıt