Vilyamın İmişlidə dağılan tifağı...

Vilyamın İmişlidə dağılan tifağı... İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev həbs edilən beşinci İH rəhbəri oldu. Adı Vilyam olsa da, taleyi nə Şekspirə, nə şotland qəhrəmanı Volosa bənzədi. V.Hacıyevin evindən çıxarılan pullar göstərdi ki, onun İmişlidəki fəaliyyəti yağmalamaq, qarət, talandan ibarət imiş...

“Yeni Müsavat” xəbər verir ki, mayın 7-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) V.Hacıyevin həbsi ilə bağlı məlumat yayıb.

Onun İmişli İH-in sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsinin ələ keçirilməsinə, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

Qablaşdırılan pullar, rüşvətlə satılan evlər...

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında DTX tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əmək haqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib. Onun barəsində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə sabiq başçının oğlu Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.

İmişlinin sabiq deputatı: “Evindən çıxan avrolar haram pullardır”

İmişlinin 10 il deputatı olmuş Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, rayondan torpaq şikayətləri var idi. Onun sözlərinə görə, ölkədə pambıqçılığın inkişafı üçün siyasi kurs ortaya qoyulanda maldarlıqla məşğul olan xeyli adamın torpağı əlindən alınmışdı.

Ç.Qənizadə vurğuladı ki, parlamentdə, hesabat yığıncaqlarında bu məsələyə toxunmuşdu: “Prezident deyirdi ki, bir sahəni genişləndirməklə digər sahəni sıxışdırmaq olmaz. Pambıqçılığın inkişafı günün tələbidirsə, torpağın bir hissəsində əkilməsini elə maldarlara tapşırmaq lazımdır. Amma torpaqlar onlardan alınırdı ki, pambıqçılıqla məşğul olanlar onu əkəcəklər. Mən bununla bağlı müxtəlif qurumlara, ovaxtkı icra başçısına məktub göndərmişdim. Amma nə faydası oldu?

Həmin torpaqları alıb ayrı-ayrı adamlara satırdılar. Bu proses tək İmişlidə deyil, aqrar rayonların çoxunda var. Hətta seçki təbliğatı dövründə seçicilərlə görüşlərimdə mənə deyirdilər ki, torpağımız alınaraq başqasına verilib, onu bizə qaytarmağa kömək edin. Amma necə kömək edə bilərdik? İcra başçısı bizi eşitmirdi".

Sabiq deputat bildirdi ki, V.Hacıyevin evindən çıxan avrolar, milyonlar zəhmətkeş, alın təri ilə işləmiş insanların əllərindən alınmış haram pullardır. “Bu məsələ tək İmişlidə deyil. Hansı deputatı danışdırsanız o rayonlarda bu problemlər var. Bu gün Prezident Administrasiyasında Dövlət Nəzarəti Şurası var. Artıq yeni siyasi iradə ortaya qoyulmalıdır.

Həmin torpaqları geri alaraq kəndliyə vermək, kəndlilərə subsidiyalar, texnika ayırmaq, dəstək vermək olar. Yalnız bu yolla icra hakimiyyətləri ilə əhali arasında narazılıq yoxa çıxacaq. O ki qaldı İmişlidə təmir-tikinti işində büdcə pullarının mənimsənilməsi hallarına, yoxlama nəticəsində ortaya çıxa biləcək məsələlərdir"-deyə, eks-deputat vurğuladı.

Ç.Qənizadənin sözlərinə görə, Vilyam Hacıyev qapalı, hər şeydən qorxan, heç nəyi yaxına buraxmayan, qeyri-səmimi insan idi:

“Mən bir xatırlatma verim - 2019-cu ilin may-iyul ayları arasında İmişlidə 40 kənddə camaatla görüşlərim oldu. Onda hələ seçki olacağını bilmirdim.

O 40 kənddə keçirdiyim görüşlər zamanı icra başçısı bir dəfə maraqlanmadı ki, millət vəkili onlarla nə söhbət edir, insanların dərdi-səri nədən ibarətdir. Görünür, başı var-dövlət yığmağa qarışıb.

Əgər “Bentley” maşını varsa, villalar, malikanələr alırsa, deməli, haram yolla qazanılmış pullardır və bunu yemək olmaz. Prezident haqlı olaraq deyirdi ki, insanlara ayrılmış yardımları mənimsəməyin. O baxımdan Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatlarını alqışlayıram, onlara yorulmayasınız deyirəm".

Ç.Qənizadə əlavə etdi ki, antikorrupsiya əməliyyatları davam edəcək: “Xalq Prezidentin antikorrupsiya tədbirlərini dəstəkləyir və icra başçıları bilməlidirlər ki, onlar kiçik padşahlar deyillər. Eyni zamanda ictimai nəzarət güclənməlidir və prezident də bunu tələb edir”.

“Həbs olunan icra başçılarının cəmiyyətdəki reputasiyası o qədər də yaxşı deyildi. Bu reputasiya ilə uzun müddət işləyən insanlar vətəndaşları da narazı salıblar”.

Bu fikirləri isə unikal.org-a deputat Fazil Mustafa səsləndirib. O bildirib ki, istər İmişlinin, istərsə də digər həbs olunan icra başçıları ilə bağlı narazılıqlar çox idi: “Biz bunu vətəndaşların şikayətlərindən də görürdük. Ona görə də həbs olunan icra başçıları barədə cəmiyyətdə təqdiredici simptomlar da hiss olunmur. Məmur var ki, həbs oluna bilər, amma insanlar deyirlər ki, yaxşı adamdır, kasıba diqqət yetirəndir. Məsələ budur ki, həbs olunan icra başçıları haqqında bu söhbətlər edilmir”.

F.Mustafa qeyd edib ki, DTX tərəfindən daha çox narazılıq edilən icra başçıları seçilib: “Yerli polis, prokurorluq, məhkəmə orqanları müstəqil fəaliyyət göstərə bilməlidirlər. Bəzən məmuru da qorumaq lazımdır. Çünki icra başçıları ilə tutulan məmurların arasında normal adamlar da olur. Mən xatırlayıram, neçə rayonda çox savadlı, ziyalı təhsil şöbəsinin müdirləri var idi, bunları direktorlardan pul yığıb icra başçılarına gətirməyə məcbur edirdilər. Sonra da icra başçıları bir konfliktlə onları tutdurdu, ziyalı adamları həbsə göndərdilər.

Yəni bütün bunlar olduqca acınacaqlı durumdur. Ona görə də elə islahat aparmaq lazımdır ki, hər şey sivil qayadada olsun. O zaman DTX-nın da əməliyyat keçirməsinə zərurət qalmayacaq".
Geri qayıt