Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər – sabiq rəislərin konfliktinin yeni detalları

Çovdarovun ifadəsi Tağı Əhmədovu həbsə apara bilər – sabiq rəislərin konfliktinin yeni detalları Boğaza qədər korrupsiyaya bulaşan, indi isə 3640 manat pensiya alan Tağı Əhmədovu bu günə qədər “qoruyan əl” hər kəsə maraqlıdır. Bu fikriləri oxuyanlar üçün həmin əlin Tağı Əhmədovu nədən və kimlərdən qoruması da maraqlıdır. Bunların hər biri haqda ətraflı məlumat verəcəyik.

Tağı Əhmədovun adı uzun illər ictimaiyyətə Bakı Metropoliten İdarəsinin rəisi kimi məlum olub. Son 5 ildə isə “MTN qurbanı” kimi mətbuatın gündəmindədir. Tağı Əhmədov nə az, nə çox, cəmi 3 milyon manatını “MTN çetesi”nə verdiyini deyib. Öz dili ilə desək, illər boyu aldığı əmək haqqı ilə yığdığı 3 milyon manatı…

Qısa olaraq “Tağı Əhmədov və MTN işi” olayını xatırlayaq. Tağı Əhmədov Bakı Metropolitenin rəisi vəzifəsindən çıxarılandan sonra ölkə gündəmi xeyli qarışmışdı. Hətta Tağı Əhmədova görə paytaxtın bir neçə nöqtəsində günlərlə aksiyalar keçirilirdi. Səbəb isə metro keçidlərindəki mağazaların bağlanması, mağaza sahiblərinin təmir və icarə haqqı üçün ödədiklərini geri ala bilməməsi idi. Bundan sonra hələ MTN-ə rəhbərlik edən Eldar Mahmudovun göstərişi ilə Tağı Əhmədovun fəaliyyəti təftiş edilib. Tağı Əhmədovun oğlunun metro keçidlərindəki mağazalardan yığdığı pullar, Tağı Əhmədovun mülkləri, banklarda olan nağd pulları bir-bir MTN-nin dosyelərində yer alıb.

Amma o zaman MTN-də “ovçuluqla” məşğul olan Eldar Mahmudov generalı Akif Çovdarov vasitəsi ilə bu fürsəti əldən verməyərək Tağı Əhmədovu da öz qurbanına çevirib. Tağı Əhmədovun dediyinə görə, onu oğlunun başına torba keçirməklə hədələyib 3 milyon manatını alıblar.

Akif Çovdarov həbs ediləndə də əsas zərərçəkmişlərdən biri kimi Tağı Əhmədov tanınmışdı. Tağı Əhmədov ilk ifadəsində olduqca özgüvənli, iddialı danışaraq 3 milyonu tələb etsə də sonradan fikrini dəyişmişdi və ya fikrini dəyişmişdilər…

Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyir ki, mətbuata qapalı keçirilən məhkəmə prosesində Tağı Əhmədov 3 milyonu necə və hansı şərtlə verdiyini izah edə bilməyib. Əksinə, Tağı Əhmədov həmin ifadəsi ilə özünü daha çıxılmaz vəziyyətə salıb. Daha sonra da Akif Çovdarovun üzünə durmağı məsləhət bilən adamın yeni məsləhəti ilə 3 milyondan vaz keçib…

Tağı Əhmədov niyə həbs edilmədi və niyə cəzalandırılmadı?

Sabiq metro rəisinin əmlakları, vəzifədə olduğu müddətdə topladığı nağd pullar sıradan bir adamın dili ilə yox, şəxsən bunu sənədlərlə araşdırmış MTN generalı AKif Çovdarovun dili ilə ictimaiyyətə açıqlanmışdı. Bundan başqa, Akif Çovdarov Tağı Əhmədovun illərlə metro rəisi olan zaman yol verdiyi korrupsiya faktlarını, cinayət əməllərini də açıqlamışdı.

Həbsdəki general Tağı Əhmədovun o zaman metroda gediş haqqı kimi istifadə edilən jetonlardan hər beşindən birinin onun cibinə getdiyini demişdi. Bundan başqa, Akif Çovdarov deyirdi ki, Tağı Əhmədov Moskvadan aldığı köhnə qatarları rəngləyib dövlət büdcəsindən hər qatar üçün 120 min manat silirmiş. Halbuki, bu məbləğ cəmi 30-40 min manat imiş.

Amma bütün bunlara baxmayaraq nə oldu? Tağı Əhmədov cəzalandırılmadı, cinayət məsuliyyətinə cəlb edilmədi.

Akif Çovdarovun vəkilinin səsləndirdiyi “bunların qarşılığında Tağı Əhmədova dedilər ki, Akif Çovdarovun üzünə dur” fikirlərini inandırıcı qəbul etmək olar. Tağı Əhmədov üzərinə düşəni elədi, onun qara əməllərinin üstündən xətt çəkildi.

Vəkil Kamandar Nəsibov Tağı Əhmədovu idarə edən həmin şəxsin vaxtı ilə hakimiyyətdə yüksək post tutduğunu, lakin indi vəzifədən çıxarıldığını deyib.

İndi dövlətdən 3640 manat pensiya, YAP rayon təşkilatının sədri kimi 1000 manat və kafedra müdiri kimi 1500 manat maaş alan Tağı Əhmədovun keçmiş əməlləri araşdırlacaqmı?

Bu sualı yenidən aktual edən Akif Çovdarovun azadlığa çıxması, onunla Tağı Əhmədov arasında mətbuat vasitəsi ilə yaranan qiyabi dialoq oldu.

Mövzu yenidən gündəmə gəlmişkən “Çovdarov və Əhmədov” cütlüyü arasındakı soyuq müharibənin bunda sonrakı gəlişmələri haqda məlumat öyrənməyə çalışdıq.

Məlumatlı mənbə bildirir ki, Tağı Əhmədovun həqiqətən də bu qədər korrupsiyaya, cinayətə bulaşdığı təqdirdə məsuliyyətdən kənarda qalması onu “qoruyan əl”in hökumətdə ən yüksək postlardan birini tutan şəxsin olması idi. Həmin şəxs indi vəzifədə deyil.

“Bu, hər kəsə bəlli olan məsələ idi. Tağı Əhmədov Ramiz Mehdiyevi özünə ağsaqqal bilirdi və MTN işində də onun göstərişi ilə Akif Çovdarovun əleyhinə ifadə verdi. Çünki Ramiz Mehdiyevin heç vaxt MTN rəhbərliyi ilə münasibətləri ürəkaçan olmayıb. Amma artıq bütün bunlar geridə qaldı. Tağı Əhmədov və Akif Çovdarov mətbuat vasitəsi ilə bir-birilərinə diş göstərsə də hər iki tərəf köhnə dəftərlərin açılmamasının tərəfdarıdır”- deyə məlumatlı mənbə bildirir.

Mənbə əlavə edir ki, Akif Çovdarov həbsdə keçən illərinin qisasını almaq niyyətində deyil: “Bir daha təkrar edirəm ki, hər iki tərəf üçün baş verənlər keçmişdə qalıb. Akif Çovdarov prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Hətta ölkə başçısına təşəkkürünü və minnətdarlığını da çatdırıb. Bundan sonra adının heç bir mənfi olayda hallanmasını istəməz. Bütün ağıllı adamlar bunu edər. Tağı Əhmədov da “MTN işi”ndə böyük nüfuz itirdi. İndi ona “pensioner vəzifəsi” veriblər. Bacardığı qədər mətbuatdan uzaq qalmağa çalışır. Nə adının hallanmasını istəyir, nə Akif Çovdarovu görmək, nə də bu haqda danışmaq. Tağı Əhmədov onu “qoruyan əl”dən də sükut və barışıq tapşırığı alıb”.

Ancaq mənbə onu da əlavə edir ki, Tağı Əhmədovun əməllərinə hüquqi qiymət verilməməsi də başadüşülən deyil: “Heç şübhə yoxdur ki, ortada xeyli sayda cinayət əməli var. Tağı Əhmədov Akif Çovdarovun fikirlərini təkzib edəcək heç bir fakt ortaya qoya bilmədi. İllərlə metrostansiyalardakı keçidlərdən nağd pullar yığılıb. Bununla bağlı bircə rəsmi sənəd də yoxdur. Tağı Əhmədov elə mətbuata açıqlamasında deyib ki, işçilərinə faizsiz olaraq yardım məqsədi ilə pul verib, aylıq olaraq geri alırmış. İşdən çıxarılanda bu məbləğ 500 min manat imiş. Hansı ağıllı adam buna inanar? Həmin 500 min manatın aqibəti necə oldu? Tağı Əhmədov metrostansiyaların ətrafında aparılan tikintilər üçün plan satdığını etiraf edib. Aldığı pulu isə əməyinin qarşılığı kimi qələmə verir. Təbii ki, bunları biz yox, lazımi qurumlar da bilir. Amma Tağı Əhmədov yenə də qorundu”.
Musavat.com
Geri qayıt