Elmar Məmmədyarov – Eldar Mahmudov körpüsü: - Nazirin qələmi qırıldı, "sancısı" dayoğluya düşdü

Elmar Məmmədyarov – Eldar Mahmudov körpüsü: - Nazirin qələmi qırıldı, "sancısı" dayoğluya düşdü Əhalinin lisenziyası ləğv olunan "Atabank” ASC və "Amrah Bank” ASC-dəki qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən tam ödəniləcək.

Ovqat.com xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, "Atabank” ASC və "Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu səbəbdən əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.

Maraqlıdır ki, dünən liseziyası ləğv olunan banklar 2 yox, 4 idi - Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC.
Mərkəzi Bankın bugünkü açıqlamasından belə çıxır ki, onlardan yalnız ikisinin - Atabank” ASC, və “AmrahBank” ASC-nin əmanətçiləri banka yatırdıqları pulları “dirildə” biləcəklər. Digər ikisinin (AGBank” ASC, “NBCBank” ASC) isə vəziyyəti “Allah kərimdir” hekayəsinə çevriləcək. Bəs, müştərilərini çətin vəziyyətə qoyacağı gözlənilən bu banklar kimlərə məxsusdur?

“Yeni Sabah”-a inansaq, “NBCBank”-ın sahibi ASC Nurgün Qrup MMC-nin rəhbəri Nuru Əliyevdir. 17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. 2017-cı ildə N.Əliyev bankın kapitalındakı iştirak payını 57,51%-dən 69 faizə qədər artırıb və beləliklə bankın demək olar tam sahibinə çevrilib. Əslində Nuru Əliyev kimdir?

Azərbaycan yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olub. Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən “Nurgün” Holdinqin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə müxtəlif məhsullar keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradıb. Onun ölkəyə gətirdiyi məhsulların spektri o qədər geniş olub ki, adam heyrətlənməyə bilmir. Çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər... Onu da qeyd edək ki, Nuru Əliyev bir zamanlar kifayət qədər imkanlara malik olan Hafiz Məmmədvla (Hafka) da quda olub.

Qeyd edək ki, “NBCBank” hətta ötən il depozit yerləşdirənlər üçün faiz dərəcəsini illik olaraq ən yüksək - 12.5%-ə qaldırsa da, bu onu müflis olmaqdan xilas etməyib. Maraqlı məqam burasındadır ki, bu qədər imkanlara malik bank müdiri koronavirusla bağlı yaradılan fonda “NBCBank” adından hər hansı bir ianə də etməyib.
“AGBank” isə ASC keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur.
Çingiz Əsədulayev keçmiş MTN şefi Eldar Mahmudovun biznes ortağı olub. Ancaq 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Çingiz Əsədullayev deputat seçilə bilməyib. Həmçinin Çingiz Əsədullayev Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dost olub. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxuyub. Belə ki, Çingiz Əsədullayevin Eldar Mahmudovun pullarının Azərbaycandan ofşor yollarla çıxarılmasında adı hallanırdı.

Ovqat.com-un məlumatına görə isə, “AGBank” həmçinin Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun himayəsin altında olub. Bildirilir ki, Çingiz Əsədullayev nazirin yaxın qohumudur və “AGBank”-ın indiyədək özünü qoruya bilməsinin səbəbkarı da elə Elmar Məmmədyarovdur. Əks halda onun Eldar Mahmudovun biznes ortağı olduğuna görə “gözünün yaşına” baxmazdılar. Çingiz Əsədullayevlə Elmar Məmmədyarovun dayı oğlu-bibi oğlu olduqları qeyd olunur.

Əldə etdiyimiz bu məlumatlar təsdiqini taparsa, həm “AGBank”-ın batmasının, həm də Elmar Məmmədyarovun taxtının laxlamasının əsl səbəbi ortaya çıxacaq.

Əvvəla ondan başlayaq ki, Çingiz Əsədullayevin həm Elmar Məmmədyarovla yaxın qohum olması, həm də MTN-nin keçmiş sədriylə yaxınlığı ikili arasında körpü meydana gətirir. Bu da hakimiyyət üçün arzuedilməz haldır. Xüsusilə ona görə ki, Eldar Mahmudovun əlində hakimiyyətə qarşı ciddi kompromatların olduğuna dair söyləntilər var və xaricdəki söyüş müxalifəti bu cür materiallara təşnədir. Hakimiyyət də məhz bu səbəbdən xaricə heç bir əngəllə qarşılaşmadan çıxışı olan idarəni mütləq ən çox arxayın olduğu insanlara həvalə etməlidir. Kompromat mənbəyi ilə bir başa “körpüsü” olan birisi isə bu standartlara cavab vermir.

Görünür, məhz buna görə son zamanlar Elmar Məmmədyarovun başının üzərində “qara buludlar alıb. Təsadüfi deyil ki, mətbuat katibi Leyla Abdullayevanın dediyi kimi, Elmar Məmmədyarovun 16 ildir yürütdüyü xarici siyasət gözardı edilərkən, birdən-birə onun bu bacarıqsızlığı yada düşüb. Az sonra isə dayısı oğlunun bankının iflasa uğrayıb. Sözsüz ki, bütün bu ardıcıllıqlar təsadüfə oxşamır. Mümkündür ki, həqiqətən də Elmar müəllimin qələmi qırılıb, ağrısını isə dayı oğlusu çəkir.

Əslində burda ilahi hikmət də var. Axşama qədər dost-aşna, bibi oğlu kölgəsində fırlananlar gün batandan sonrasını da düşünməli idilər. Axı kölgələrin ömrü gün batana qədərdir və adətən qürub çağında onlar daha uzun görünürlər. Odur ki, uzun kölgələrə ümidli olanlar yaxın zamanlarda zülmət qaranlığa qərq olacaqlarını da hesaba qatmalıdırlar. //Ovqat.com//
Geri qayıt