"Fərsiz bir fəaliyyət ortadadır” - Politoloqdan Xarici İşlər Nazirliyinə iradlar...

"Fərsiz bir fəaliyyət ortadadır” - Politoloqdan Xarici İşlər Nazirliyinə iradlar... Xarici İşlər Nazirliyi öz vəzifəsinin öhdəsindən gələrək Azərbaycanın maraqlarını dünya platformalarında lazımı səviyyədə müdafiə edə bilirmi?.
Politoloq: “Azərbaycanın Xarici İşlər Nazirliyi sadəcə və sadəcə bəzi protokol xatirinə boynuna düşən işləri etməklə öz işini başa vurmuş hesab edir”.

“Hər kəsə bəllidir ki, artıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistanla hər hansı bir danışıqlar aparmağın perspektivi yoxdur. Amma buna rəğmən hələ də Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyi və Xarici İşlər Nazirliyi ilə görüşür, anlamaız və perespektivsiz danışıqlar aparır”.

Bu sözləri politoloq Natiq Miri Xarici İşlər Nazirliyinin fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Lavrovun məlum açıqlamasına cavab olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirərərk, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etməsinə Elmar Məmmədyarov tərəfindən cavab verilməməsi Aazərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb.

Milli Məclisin deputatı Fazil Mustafa Elmar Məmmədyarovun susqunluğu üzərinə Qarabağ məsələsi ilə əlaqədar Xarici İşlər Nazirlyinin fəaliyyətini kəskin tənqid edib. Seputat nazir Elmar Məmmədyarovu “dişsiz" nazir adlandıraraq, onun “prezident İlham Əliyevin siyasətini dəstəkləmək iqtidarında olmadığını” vurğulayıb.

Deputat qeyd edib ki, adətən Qarabağla bağlı sərt bəyanatları müxtəlif beynəlxalq panelıərdə prezident və onun adminstrasiyası verir.
Fazil Mustafa qeyd edib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov və onun rəhbərlik etdiyi nazirlik öz vəzifə borcunu yerinə yetirmir: “Bizim bu milli davamızın yükünü ən çox ölkə Prezidenti, ardınca da ayrı-ayrı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətənsevər ekspertlər, diaspora təmsilçiləri götürərək haqq işimizi təbliğ etməklə, illərdir erməni yalanlarının effektini azaltmağa çalışırlar.

Bu savaşda görünməyən yalnız bir qurum var. O da bu sahədə cəbhənin ön xəttində olması vəzifə borcu sayılan Xarici İşlər Nazirliyimiz və xarici işlər nazirimiz Elmar Məmmədyarovdur".

Bəs ümumi olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin və uzun illər bu vəzifəni icra edən nazir Elmar Məmmədyarovun fəaliyyətini necə dəyərləndirmək olar? Xarici İşlər Nazirliyi öz vəzifəsinin öhdəsindən gələrək Azərbaycanın maraqlarını dünya platformalarında lazımı səviyyədə müdafiə edə bilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Azərbaycanın Xarici İşlər Nazirliyi işğal faktını hüquqiləşdirməyi bacarmır. Amma Ermənistan Xarici İşlər Nazirliyi bunun əksini, yəni həyasızcasına işğala hüquqi don geyindirməyi bacarır”.

Xarici İşlər Nazirliyi tənqid olunarkən bu məsələyə kompleks yanaşılmalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu məsələdə Azərbaycan hakimiyyətinin bütövlükdə xarici siyasəti tənqid olunmalıdır:

“Xarici İşlər Nazirliyi bütün ölkələrdə ən strateji nazirlikdir. Bu nazirlik bilavasitə ölkənin xarici prioritet siyasətini yürüdür. Təbii ki, Azərbaycan kimi ölkələrdə, yəni bir münaqişəyə məcburi olaraq vadar edilmiş, ayrıca 20 faiz torpağı işğal olunmuş bir ölkədə Xarici İşlər Nazirliyi xüsusilə strateji önəm daşıyır. Buna görə də Azərbaycanda Xarici İşlər Nazirliyindən gözləntilər çox böyükdür. Amma çox təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyi sadəcə və sadəcə bəzi protokol xatirinə boynuna düşən işləri etməklə öz işini başa vurmuş hesab edir.

Xüsusilə də Dağlıq Qarabağla bağlı artıq 28-ci ildir ki, danışıqlar gedir. Bu danışıqların demək olar ki, limiti çoxdan tükənib. Hər kəsə bəllidir ki, artıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistanla hər hansı bir danışıqlar aparmağın perspektivi yoxdur. Amma buna rəğmən hələ də Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyi və Xarici İşlər Nazirliyi ilə görüşür, anlamaız və perespektivsiz danışıqlar aparır. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yalnız protokol xatirinə görüşlər keçirir.
Açığı Xarici İşlər Nazirliyi hər hansı bir nəticənin əldə olunmasına demək olar ki, çalışmır. Eyni şeyi hər dəfə təkrarlayaraq nədənsə, Azərbaycan ictimaiyyətini maraqlandıran sualların cavabından qaçır. Onu da qeyd edim ki, bunu təkcə Xarici İşlər Nazirliyi və yaxud da nazirin özü ilə əlaqələndirmək doğru yanaşma deyil. Çünki xarici işlər naziri və yaxud da rəhbərlik etdiyi struktur Azərbaycan hakimiyyətindən kənarda fəaliyyət göstərən bir qurum deyil. Buna görə də bu cür yanaşma da doğru deyil.

Natiq Miri: “Xarici İşlər Nazirliyi hər hansı bir nəticənin əldə olunmasına demək olar ki, çalışmır”.

Düşünürəm ki, xarici işlər naziri və nazirlik hakimiyyətin bir tərkib hissəsi olaraq bütövlükdə hakimiyyət rəhbərliyinin qəbul etdiyi siyasəti bilavasitə təbliğ edir. Bu yöndə də ermənilərlə zaman - zaman danışıqlar aparır. Buna görə də inanmıram ki, rəhbərliyin siyasi iradəsindən kənarda Xarici İşlər Nazirliyi və yaxud da nazir tormuzlayıcı amil olaraq iştirak edir. Mən buna qətiyyən inanıram.

Xarici İşlər Nazirliyi tənqid olunarkən bu məsələyə kompleks yanaşılmalıdır və Azərbaycan hakimiyyətinin bütövlükdə xarici siyasətinin bəzimaspektləri tənqid olunmalıdır. Bu gün həqiqətən də Azərbaycana ictimaiyyətini maraqlandıran konkret sual var. Sual budur ki, dünənə kimi ordu quruculuğunu bəhanə edən Azərbaycan hakimiyyəti bu günkü qüdrətli Azərbaycan ordusu ilə nəyə görə işğaldakı torpaqları azad etmir. Axı aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu güclüdür və torpaqlarımızı azad edə bilər.

Söhbət beynəlxalq təzyiqlərdən, Rusiyanın, ABŞ-ın və Avropa ölkələrinin təzyiqlərindən gedirsə, bu baryeri məhz Xarici İşlər Nazirliyi ortadan qaldırmalıdır və Azərbaycanın öz ərazilərini işğaldan azad etmək, bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək üçün hüququnun olduğunu isbat etməlidir, bunu aksioma olaraq əsaslandırmalıdır. Bunu beynəlxalq hüquq tələb edir və yuxarıda qeyd elədiyim bütün güc mərkəzləri də bunu bilirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi bunu bacarmır. Amma Ermənistan Xarici İşlər Nazirliyi bunun əksini, yəni həyasızcasına işğala hüquqi don geyindirməyi bacarır. Bütün məsələ budur. Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifə bundan ibarətdir.
Xüsusilə də Dağlıq Qarabağ ətrafı 7 rayonun azad olunmamasının səbəbləri niyə ictimaiyyətə açıqlanmır. Əgər münaqişə predmeti Dağlıq Qarabağdırsa, niyə ən azından Dağlıq Qarabağdan kənarda bufer zonası üçün işğal olunmuş 7 rayon azad olunmur?

Əlbəttə ki, bu sualın cavabları verilməlidir. Bu sualın cavabı danışıqları aparan Xarici İşlər Nazirliyi tərəfindən xalqa verilməlidir. Lakin bu sualın cavabı nə Xarici İşlər Nazirliyi səviyyəsində, nə də bütövlükdə hakimiyyət səviyyəsində açıqlanmır.

Natiq Miri: “10 illər boyunca bu qurumun fəaliyyəti nəticəsində müsbətə doğru bircə addım belə atılmayıb”.

Hətta hakimiyyətin yemlədiyi siyasətşünaslar var ki, nədənsə bu suala onlar səviyyəsində belə cavab verilmir. Niyə? Çünki bunun cavabı yoxdur. B2lə təəssurat yaranır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ probleminin həllində bir növ Ermənistan kimi maraqlı deyil. Hər halda 28 ildir davam edən danışıqlar fonunda ümumilikdə belə bir görüntü ortaya çıxır. Əks təqdirdə bu sualın cavabı ictimaiyyətə verilər və ictimaiyyət sakitləşərdi.

Bu sualın cavabı Xarici İşlər Nazirliyindədir. Xarici İşlər Nazirliyi isə bu gün bu suala cavab tapmaqda acizdir. Çünki 10 illər boyunca bu qurumun fəaliyyəti nəticəsində müsbətə doğru bircə addım belə atılmayıb. Bunun günahı təkcə Ermənistanda və yaxud da onun havadarları olan dövlətlərdə və ATƏT-in Minsk qrupunun həmsədrlərində deyil. Bunun günahı Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətindədir. Yəni fərsiz bir fəaliyyət ortadadır”.
Geri qayıt