KİVDF-yə ayrılmış milyonlar Əli Həsənov tərəfindən idarə olunub" — "Həmin vəsaitlərin hara xərclənməsi bilinməlidir"

Bu fikirləri Demokrat.az-a açıqlamasında Bakı Mətbuat Klubunun direktoru Arif Əliyev bildirib.
Arif Əliyev deyib ki, KİVDF-yə ayrılan milyonlarla dövlət vəsaiti bir neçə şəxs tərəfindən səmərəsiz istiqamətlərə yönləndirilib:
"Hesab edirəm ki, dövlətin vəsaitlərinə nəzarət edən qurumlar KİVDF-də yoxlamalar aparmalıdır. Çünki bu fonda milyonlarla vəsait ayrılsa da, indiyədək onun səmərəli nəticələri ortada yoxdur".
Arif Əliyev qeyd edib ki, Vüqar Səfərli bu sahədə üçüncü-dördüncü dərəcəli icraçı olub:
"Əslində, KİVDF-yə ayrılmış milyonlarla vəsait daha yuxarı yerdən - Əli Həsənov tərəfindən idarə olunub. Həmin vəsaitlərin hara xərclənməsinin hesabatını da bu adam verməlidir. Hesab edirəm ki, müvafiq dövlət orqanları KİVDF-də lazımı araşdırmalar aparmalı və həmin vəsaitlərin hara xərclənməsi bilinməlidir".
Arif Əliyev vurğulayıb ki, artıq KİVDF-yə yeni rəhbər gətirilib:
"İndi biz çalışmalıyıq ki, bundan sonra KİVDF-nin fəaliyyəti medianın xeyrinə olsun. Mənim üçün əsas məsələ bundan sonra KİVDF-nin necə idarə olunmasıdır. Yəni, bundan sonra KİVDF-nin fəaliyyəti necə olacaq, bu vacib əhəmiyyət daşıyır. Bundan sonra KİVDF-nin fəaliyyəti Azərbaycan mediasına inkişaf perspektivi açacaq, yoxsa yox! Biz daha çox bunun üzərində köklənməliyik".