İlin Fövqəladə Korrupsiya Nazirliyi: Heydərov bir yanğını söndürə bilmirsə... - Statistika

İlin Fövqəladə Korrupsiya Nazirliyi: Heydərov bir yanğını söndürə bilmirsə... - Statistika Bakının şimal istiqamətindəki bir ticarət mərkəzinin yanıb kül olmasını önləməyə Fövqəladə Hallar Nazirliyi özünü zamanında çatdıra bilmirsə, bu qurumun demontajının, yəni yerli-dibli ləğvinin vaxtı çoxdan çiban kimi yetişib, sadəcə, partlaya bilmir.
Nə illahdırsa, bu ölkədə FHN fəaliyyətə başlayandan fövqəladə hallar durmadan artır və durmadan qarşısı alınmır. Bu nazirlik az qala bir ordunu xatırladır.
Başında generalları, polkovnik rütbəliləri, yüzlərlə əsgəri, texnikası, müxtəlif resursları, büdcədən ayrılan milyonlar, Bakıda və regionlarda saxlanılan batalyona bərabər mərkəzlər, işçi sayı, əmək haqları...
Ancaq Sərhəd və Daxili Qoşunlardan geri qalmayan FHN qüvvəsi nəinki ölkənin torpaqlarını, sərhədlərini mühafizə edə bilər, heç bir bazarın yanmasının vaxtında qabağını ala bilmir.
Nəinki bazarın, hansısa bir əyalətdə qısqapanmadan alışan obyektin və ya evin söndürülməsinə nail ola bilmirlər. Bəs, bu qurum niyə yaradılıb?
Anaxeber.info təklif edir ki, yaxın keçmişə ekskursiya edək və Kəmaləddin Heydərovun rəhbərliyi altında FHN-nin hansı uğurlu əməliyyatlar reallaşdırdığını yada salaq. Lakin məlum olur ki, heç bir alqışlanacaq hadisə yoxdur.
Hansını deyəsən - Azadlıq prospektində 15 nəfərin ölməsi ilə bitən bina yanğınını, “Diqlas” ticarət mərkəzinin külünün havaya sovrulmasını, Tufandağda itən alpinistlərin yay gəlib buzlar əriyəndə tapılan cəsədlərini, son olaraq Xırdalan yolundakı “Eurohome” ticarət mərkəzini?
Əgər FHN şəhərin beş addımlığındakı bir bazara özünü çatdırıb ticarətçilərin yanğından minimum az zərərlə çıxmasını təmin edə bilmirsə, bu nazirin və nazirliyin gecə-gündüz fəaliyyət profili hansı qütbə fokuslanıb?
Belə çıxır ki, şəhərin ortasındakı yanğını söndürə bilmirlərsə, bir az daha uzaqda baş verəcək hadisə qarşısında tamamilə aciz olacaqlar. Dəhşət bu deyil.
Dəhşət “Eurohome”un yanıb külə dönməsindən sonra FHN-nin yanğının tam söndürüldüyünü açıqlamasıdır. Absurdun tragikomediyası!!!
Ən ilginc məlumat isə budur ki, hadisədən bir neçə gün əvvəl FHN tərəfindən “Eurohome” ticarətçilərinə yanğınsöndürən balonların verilməsidir. İddialara görə, 55 manatdan satılan həmin balonların içi boş olub. Hər il bu balonlar obyektlərə satılır. Ziddiyyətli məqam isə içi boş balonların sözügedən ticarət mərkəzinə verilməsindən bir neçə gün sonra bazarın yanıb kül olmasıdır.
***
Əlbət və mümkün ki, dövlətin rəhbəri idarəçilikdə yeni kurs götürübsə, ləğvi çoxdan gözlənilən, istənilən FHN-nin də sərəncamını verə bilər.
Dövlətin büdcəsinə yük olan həm K.Heydərov, həm də nazirlik struktur islahatı aparılaraq ləğv edilməli, yalnız Yanğından Mühafizə Xidməti saxlanmalıdır.
FHN-nin tərkibində nazirin 7 müavini (heç bu qədər PA-da köməkçi bəlkə yoxdur), 14 idarə, 23 qurum, 9 regional mərkəz var. Və bütün bunların qarşılığında “Eurohome” ticarət mərkəzi, yaxud “Diqlas” şam kimi yanır, bir kvadrat salamat qalmır.
Heç bir orqan bu qurumun fəaliyyətsizliyinə qiymət vermir, araşdırmır ki, FHN nə dərəcədə fövqəladə halların qarşısını almaqda peşəkar, səriştəli, təcrübəli və bacarıqlıdır.
Anaxeber.info yada salır ki, Kür daşqınları, Zaqatala zəlzələsi kimi təbii fəlakətlərin vurduğu ziyanın dəyərləndirilməsi, kompensasiyalar ödənilməsi, yeni yaşayış məntəqələri tikilməsində FHN-nin ciddi korrupsiya, mənimsəmə faktları üzə çıxmışdı.
Nazir müavini Rafael Mirzəyevin əməlləri faş olmuşdu. Halbuki illərdir FHN şefi haqda mifik bir obraz yaradılıb. Onun rəhbəri olduğu nazirlik də məhz süni nəfəs verilərək şişirdilmiş strukturdur.
Məsələn, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İdarəsində ciddi korrupsiya faktı aşkarlanmışdı.
2012-ci ildə Kür çayında böyük daşqınlar baş verdikdən və onlarla kəndi su basdıqdan sonra Azərbaycan hökuməti, nəhayət ki, çay yatağının təmizlənməsi gərəkdiyini anlamış və bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində Dib Dərinləşdirmə İşləri İdarəsi (bundan sonra sadəcə "Dibdərinləşdirmə İdarəsi”) yaratmışdır.
109 işçinin işlədiyi həmin idarənin təyinatı Kür çayının deltasını suyun gətirdiyi qumdan, gildən təmizləmək və çayın Xəzərə qovuşmasının önünü açmaqdır. Bunun üçün hökumət böyük xərclər çəkərək, dövlət başçısının Fərmanına uyğun olaraq, Niderland Krallığından "CSD-500" markalı 3 torpaqsoran qurğu, Türkiyə istehsalı olan 6 ədəd yedək təchizat gəmisi, 3 ədəd tədqiqat və 3 ədəd kiçik həcmli xilasedici katerləri alıb.
Bu texnikalar 2012-ci ilin sentyabrından etibarən Kür çayında dibdərinləşdirmə işlərini həyata keçirməkdədir. Ortaya ciddi mənimsəmələr çıxıb.
Başqa bir misal: nazirliyin 8 000 əməkdaşının yaxasını bəzəyən nişanın görünməyən tərəfləri də varmış. Onun hazırlanmasının tapşırıldığı şirkət tenderə qatılarkən yaradılmasından heç 40 gün də keçməmişdi.
2015-ci ilin sonlarında Milli Məclis dövlətin orden və medalları arasına «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)» Azərbaycan Respublikasının yubiley medalını da əlavə etdi.
Martın 15-də isə medalların və onların qutusunun hazırlanması üçün 2 lotdan (hissədən) ibarət açıq tender elan olundu.
Tenderdə həmin tarixə qədər heç bir təcrübəsi olmayan «Sumner» MMC qalib gəldi. İddiaçılar qarşısında bir illik fəaliyyət tələbi də sanki nəzərdən qaçmışdı.
Buna baxmayaraq, MTTİ mayın 16-da «Sumner» şirkəti ilə medalların hazırlanması üçün 215 250 manat, futlyarlar üçünsə 88 900 manatlıq müqavilələr bağladı. Bütün bunlar FHN-nin heç də kristal bir qurum olmadığını, büdcəyə bir yük, izafi xərc olduğunu göstərir.

Anaxeber.info
Geri qayıt