Prezident biznesmen-məmurlara qarşı: - Qurumlar qarşısında yeni çağırışlar

Prezident biznesmen-məmurlara qarşı: - Qurumlar qarşısında yeni çağırışlar Azərbaycanda son illərdə makroiqtisadi göstəricilər, milli valyutanın məzənnəsinin sabitliyinin qorunub-saxlanılması davam etdirilib.

Makroiqtisadiyyatın əsas göstəricilərindən biri olan ümumi daxili məhsulda artım müşahidə edilib.

ÜDM bir il ərzində ölkə daxilində iqtisadiyyatda istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464 milyon 200 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. ÜDM-də artımın olması Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsidir.

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətdə aşağı səviyyədə saxlanılması təmin olunub - 17 faiz. Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bildirib.

Azərbaycanın valyuta ehtiyatlarının artması da diqqət cəlb edir. 30 sentyabr 2019-cu il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard 34 milyon 100 min dollar təşkil edib.

Bu isə avqust ayının sonu ilə müqayisədə sentyabrda valyuta ehtiyatlarının 29 milyon 800 min dollar artması deməkdir.

Ekspertlərin fikrincə, valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatını hansısa böhrandan uzunmüddətli sığortalamaqdır.

Valyuta ehtiyatlarının artması çevik valyuta siyasətini həyata keçirməyə imkan verir.

Azərbaycanın strateji valyuta ehtiyatları da bu ilin birinci yarısında 9.4 faiz artaraq, 49 milyard dollar təşkil edib.

Azərbaycan azsaylı ölkələrdəndir ki, onun strateji valyuta ehtiyatları ümumi iqtisadiyyatın həcmindən daha böyükdür.

Neft ixrac edən ölkələr üçün strateji valyuta ehtiyatları çox vacibdir. Strateji valyuta ehtiyatlarının çox olması dayanıqlı, balanslı iqtisadi inkişafa zəmin yaradır.

Azərbaycanda Vergi Məcəlləsinə edilən inqilabi dəyişikliklərdən sonra iqtisadiyyatın “ağarması” prosesi sürətlənib. Dövriyyələrin qismən “kölgədən” çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib-çıxarıb.

Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə ölkədə əlverişli investisiya mühiti formalaşıb.

Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.

Məsələn, Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib.

Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton təşkil edir.

Sadalanan nailiyyətlərlə yanaşı, hələ də qənaətbəxş olmayan məqamlar da var. İqtisadiyyatın qeyri-neft sektoruna həm xarici, həm də yerli investisiyaların cəlb edilməsi səviyyəsi qənaətbəxş deyil.

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bu barədə danışaraq qeyd edib ki, qeyri-neft sektoruna xarici sərmayə az qoyulur.

Prezident bildirib ki, əsas iqtisadi artımın mənbəyi dövlət investisiya xərcləridir və qeyri-neft sektoruna xarici sərmayə az qoyulur:

“İndi rəqəmlər də bunu göstərir ki, bu il də qoyulan investisiyaların yarısı xarici investisiyalardır. Amma onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır”.

Deməli, Azərbaycanın iqtisadiyyat sahəsinə məsul olan qurumları qarşısında yeni hədəflər müəyyənləşdirilir və onlar bu yeni çağırışların tələblərini yerinə yetirməlidirlər. Bu isə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahəyə yerli və xarici investisiyaların təşviqi ilə mümkündür.

Dayanıqlı iqtisadi artımına nail olmaq məqsədilə yeni iqtisadi proqram hazırlanmalı, iqtisadi model işlənilməlidir. Bu istiqamətdə Baş nazirin rəhbərliyi altında Nazirlər Kabinetində iş gedir.

Prezident müşavirədə deyib ki, Baş nazir Əli Əsədovun əsas vəzifəsi iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir.

Digər nöqsan isə Azərbaycan iqtisadiyyatında inhisarçılıq elementlərinin mövcud olmasıdır ki, bu da qeyri-neft sektorunun inkişafına maneə yaradır.

Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevin yeni vəzifəyə - Baş Nazirin müavini vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda biznes dairələrinə, məmurlara xəbərdarlıq edərək inhisarçılığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar.

Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır”.

Qarşıya qoyulan hədəflərə çatmaq üçün struktur islahatı aparılmaqla, bir sıra mühüm funksiyaların yenilənmiş İqtisadiyyat Nazirliyində cəmləşdirilməsi barədə qərar qəbul olunub.

Bu məqsədlə Prezidentin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin yenilənmiş strukturuna daxil edilib.

Nöqsanların aradan qaldırılması və dayanıqlı inkişafa nail olmaq üçün atılan addımlar o anlama gəlir ki, bazar iqtisadiyyatının təməli olan azad rəqabət mühitinə görə cavabdehlik daşıyan qurumlar qısa müddət ərzində öhdəlikləri tam şəkildə yerinə yetirməlidir.

Həmçinin, yeni iqtisadi şəraitdə iqtisadiyyatın dayanıqlı inkişafının əsasını təşkil edən insan kapitalının artımı təmin olunmalı, bilik iqtisadiyyatına keçid prosesləri sürətləndirilməlidir.
Oxu.az
Geri qayıt