“Səhiyyə nazirini peşman etməliyik” – Əli Kərimli

“Səhiyyə nazirini peşman etməliyik” – Əli Kərimli “Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyədə rüşvətin olduğunu deyən jurnalisti həbs etdirmək üçün özü şəxsən məhkəməyə müraciət edib”.
Bunu AXCP sədri Əli Kərimli sosial şəbəkədə yazıb. O, bildirib ki, jurnalist Teymur Kərimovun onkoloji xəstə olan anası vaxtında və dövlət hesabına müalicə olunmadığı üçün 2 gün öncə - T. Kərimov Səhiyyə Nazirliyinin iddiası ilə məhkəmə önündə dayanan gün xəstəxanada vəfat edib:

“İndi də bu biabırçılığa görə cəmiyyətə izahat verməli, cəmiyyətdən üzr istəməli olan səhiyyə naziri Teymur Kərimovun özünü həbs etdirmək istəyir. Aydındır ki, toplum olaraq buna imkan verə bilmərik. Hamımızın adına biabırçlıq olar ki, vaxtında və dövlət hesabına müalicə olunmadığı üçün xəstəxanada ölmüş ananın oğlunu da səhiyyədə rüşvət haqda danışdığına görә həbs etsinlər.

Söhbət təkcə Teymur Kərimovdan getmir. Mən şəxsən düşünürəm ki, bu ölkədə səhiyyədə rüşvətin olduğunu dediyinə görə kiminsə həbs edilmәsi millət olaraq hamımızı utandıran “qaloş piri” qədər, bəlkə ondan da artıq utanc gətirəcək.

Toplum olaraq səhiyyə nazirini jurnalisti tutdurmaq təşəbbüsünə görə peşiman etməliyik. İctimai qınağınızı əsirgəməyin”.
Geri qayıt