Hüseyn Abdullayevin 2-ci həbs həyatı-iztirab və göz yaşları... - İDDİA

Hüseyn Abdullayevin 2-ci həbs həyatı-iztirab və göz yaşları... - İDDİA Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin məşəqqətli həbs həyatı haqda məlumatlar yayılmaqdadır. Onun həbsə 2-ci “gedişi” haqda heç də xoş olmayan məlumatlar gəlir. Bildirilir ki, birinci dəfə həbsə alınanda sərgilədiyi davranış bir qədər də emosionallaşıb. Hüseyn Abdullayevin 4 divar arasında ağlayıb-sızladığı, kamerasının qapısında addım səsləri eşidərkən qışqırıb-bağırdığı deyilir.

Bununla belə, Hüseyn Abdullayevin yaxınları, anası onu köhnə əlaqələr hesabına azad etdirəcəklərinə ümidlərini itirmirlər.

Ən müxtəlif vəzifə sahiblərinin qapısını döyüb imdad diləyir, onun bağışlanılması üçün addımlar atmalarını istəyirlər. Hələlik vəzifə sahiblərindən kimsə Hüseyn Abdullayevin elçilərini yaxın buraxmır. Keçmiş acı təcrübədən çıxış edib ona köməklik etməkdən vaz keçirlər.

Vaxtilə 300 nəfərə yaxın qanunsuz dəstə saxlayıb mitinqçilərə divan tutduran, bununla fəxr edən Hüseyn Abdullayev bu gün özü mitinqçilərin durumundadır. Yəni indi car çəkib qanundan, haqdan, ədalətdən danışan Hüseyn Abdullayev vaxtilə ən böyük cinayət əməllərinin başında dayanırdı.

Keçmiş polis rəisi, Hüseyn Abdullayevin dostu olmuş Müşfiq Mədətov həbsdən çıxandan sonra müsahibə verib Hüseyn Abdullayevi satqın adlandırmışdı. Həmin günlərdə Hüseyn Abdullayev azadlıqda idi və Avropa ölkələrində, Türkiyədə böyük biznesini idarə etməkdə idi.

Müşfiq Mədətovun dedikləri isə sıradan fikirlər deyildi. Dostluq illərində yaşadıqlarına əsaslanan xatirələr idi.

Həmin müsahibədən sitat: “O vaxt Rza İbadovu döydüm. Bundan sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi. Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar. Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. İndi ikisi də gedib Rəsul Quliyevlə oturub-dururlar. Bu dövlətdən pul qazanan ”Quska" deputat olmuşdu. “Quska”nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin. Mən həbsdə olanda “Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. “Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki... Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam".

Müşfiq Mədətov Hüseyn Abdullayevin Fəzail Ağamalı ilə parlamentdə davasından sonra həbsi dövründə özünü necə aparmasına da toxunmuşdu.

Sitat: “Kişi kimi yata da bilmədi. Həbsxanada ”sındı". Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər. Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, “Quska” türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi girdim kameraya “Quska”ya deyim ki, bura nazirlər düşüb, özünü “sındırma”. “Nara”nın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. “Quska” Bayılda olanda olub bu hadisələr".

Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
“Yeni Müsavat”
Geri qayıt